Bakıda heç kimə gərək olmayan yollar və hamının narazılıq etdiyi qanun


Yol hərəkəti haqqında qanuna təklif olunan dəyişikliklər Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırıldığını göstərir. Ancaq ekspertin fikrincə, parklanma probleminə heç cür çarə tapılmayacaq.
Saatlarla davam edən və kilometrlərlə uzanan tıxaclar Bakının yeni reallığına çevrilib. Şəhərsalma qaydalarına uyğun olmayaraq binaların tikilməsi yol hərəkətində xaosun yaranmasına səbəb olur. Bu bir yana, məlum olub ki, paytaxtımızda heç kimə gərək olmayan bir neçə yol da tikilib.
Şəhərdə az qala kollaps həddinə çatan nəqliyyat problemlərini “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilməsi gözlənilən dəyişikliklərin aradan qaldıracağına ümid çoxdur.
KONKRET.az xəbər verir ki, təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bunlar Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.
Ekspert bildirib ki, təklif olunan dəyişikliklər Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırıldığını göstərir:
“Xüsusilə də cərimələrlə bağlı məsələlərin təkmilləşməsi zərurəti göz önündədir. Misal olaraq deyə bilərəm ki, işıqforun qırmızı işığında nəqliyyat vasitəsinin hərəkətinə görə 3 bal və 60 manatlıq cərimə nəzərdə tutulduğu halda, maşınların pəncərələrinə vurulan pərdə və plyonkalar üçün 150 manat cərimə ödənilməlidir. Müqayisə etdikdə birinci ikincidən daha ağır qayda pozuntusudur. Bu baxımdan bəzi qayda pozuntuları üçün nəzərdə tutulmuş cəzalar adekvat deyil”.
Parklanma haqqında da danışan ekspert deyib ki, nəzərdə tutulan dəyişikliklər parklanma ilə bağlı vəziyyətə hər hansı təsir göstərməyəcək. Ekspert bildirib ki, parklanma problemi ən çox Bakıda özünü göstərir: “Bunu da yaradan bir sıra səbəblər var. Xüsusən də şəhərsalma qaydalarına uyğun olmayaraq binaların tikilməsi yol hərəkətində xaotikliyin yaranmasına səbəb olur. Amma bu xaosun aradan qaldırılacağı ilə bağlı ümidverici məqamlar da mövcuddur. Xüsusən də Bakı şəhərinin yeni hazırlanan baş planında nəzərdə tutulanlar reallaşsa, çox effektiv ola bilər”.
“Baş planın icra olunması yeni yolların çəkilməsini və böyük yol şəbəkəsinin qurulmasını özündə ehtiva edir. Qeyd edim ki, buna qədər çəkilmiş yollar bir çox hallarda istifadəsiz qalıb və onların rentabelli olmadığı təsdiq edilib. Bunun da obyektiv səbəbləri var. Qərarları verərkən real vəziyyətin təhlil edilməməsi sonda həmin yolların istifadəsiz qalması ilə nəticələnib”,  – deyə ekspert bildirib.
Sputnik.az
Tarix: 30-01-2021, 14:26
Xəbəri paylaş



Xəbər lenti