Ekspert: “Məsələ birdəfəlik yardımla da bitmir, ortada yarımçıq məqamlar var” Vətəndaşlar arasında 190 manatlıq birdəfəlik yardımlarla bağlı yeni müzakirələr açılıb. İnsanlar birdəfəlik yardımın yanvar ayı üçün ödənilib-ödənilməyəcəyi ilə maraqlanırlar.
Ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırıldı. Amma 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildi. Nəzərə alsaq ki, bir çox iş yerlərinin fəaliyyəti hələ də bərpa olunmayıb, sözügedən yardımın bu ay üçün də ödənilməsi nəzərdə tutulurmu?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AYNA-nın sorğusuna cavab olaraq, 23 dekabr qərarına nəzər yetirməyimizi məsləhət gördü. Qərarda isə deyilir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra, 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər”.
Sözügedən qərar 23 dekabrda verildiyi üçün, məhz dekabr ayı üçün nəzərdə tutulub. Yəni yanvar ayına dair heç bir qərar olmadığı üçün, belə çıxır ki, yanvar ayında hər hansı bir yardımın ediləcəyi gözlənilmir.
Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, problem yalnız vətəndaşlara 190 manatın verilməsi ilə bitmir: “Bir çox məqamlar var ki, onların üzərində yenidən işləməyə ehtiyac var. 190 manatın verilməsi ilə bağlı onu qeyd edim ki, ən azından yanvar ayı üçün 190 manatın 50 faizi məbləğində ödəniş edilə bilərdi. Amma reallığı nəzərə almış olsaq, ödənilmiş birdəfəlik yardım ailə xərclərinin kompensiyasına yetmir. Ona görə də 190 manatın bütöv ödənilməsi məsələsi var”.
İqtisadçı deyib ki, sahibkarlıq subyektləri ilə bağlı da problem mövcuddur: “Sahibkarların fəaliyyəti, təxminən 50 gündən artıq dayandı. Amma onlar üçün yalnız bir yardımın ödənilməsi nəzərdə tutuldu. Bu məsələnin də üzərində dayanmağa ehtiyac var. Çünki artıq sahibkarlıq subyektlərinin maliyyə təsərrüfat fəaliyyəti nəticələri çox pisləşib. İndiki halda onların imkanları məhdudulaşıb. Sahibkarlıq subyektlərinə müəyyən güzəştlər var idi ki, buraya sığorta ilə bağlı olan güzəştlər daxil idi. Həmin sığorta güzəştlərinin də vaxtı bitdi. Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, onların müddəti dekabr ayı üçün nəzərdə tutulmuşdu və həmin vaxt tamamlandı”.
“Bunlar hamısı müddətli dövrü əhatə edirdi və dekabrən 30-da vaxtı bitmiş oldu. Amma pandemiya bitməyib, hələ də davam edir və nə qədər davam edəcəyi də heç kəsə bəlli deyil. Burada, sadəcə hərəkətin məhdudlaşdırılması deyil, pandemiyanın özü bitməyib. Peyvənd nə zaman effekt verəcək, iqtisadiyyat tam olaraq nə zaman açılacaq - bütün bunları hələ heç kəs bilmir”, - Həsənov vurğulayıb.
Ekspertin fikrincə, yaxşı olar ki, həmin güzəştlərin də 2021-ci ilin 6 ayı içərisində yenidən qüvvədə olması ilə bağlı məsələyə də baxılsın: “Düşünürəm ki, bütün bu məqamlar yarımçıq qalıb. Yarımçıq qaldığı üçün də prosesi tam əhatə etmir. Ona görə də qeyd edilən məqamların hər ikisinə ayrıca baxılmasına ehtiyac var”.
Tarix: 29-01-2021, 14:15