“Necə olur ki, villa tikməyə torpaq tapılır, şəhidi dəfn etməyə yox?”






“Bizim monitorinq qrupu dünən “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyevlə görüşdü və biz orda Qaradağda dəfn edilən şəhidlərimizin məsələsini qaldırdıq”

Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə yaxın müddətdə Qaradağda dəfn edilən şəhidlərimizin məsələsi həll ediləcək:

“Bizim monitorinq qrupu dünən “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyevlə görüşdü və biz orda Qaradağda dəfn edilən şəhidlərimizin məsələsini qaldırdıq. Orda “YAŞAT” Fondunun da nümayəndəsi var idi və bizə bildirdilər ki, yaxın müddətdə həmin problem həll ediləcək. Bu işə çox ciddi yanaşırlar və məsələ həll ediləcək. Onlar bizə bu günə kimi edilən müraciətləri və etdikləri köməklikləri göstərdilər. Xoşbəxtlik ondandır ki, “YAŞAT” Fondunun bu işini “ASAN xidmət” öz üzərinə götürüb, neçə ildir işləyirlər və onlara inamım böyükdür. 

Biz də məsələni qaldırdıq və dedik ki, Qaradağda dəfn edilən şəhidlərimizə ayrı hörmət lazımdır. Dedim ki, necə olur hardasa villalar tikilməyə yer tapılır, amma bizim namusumuzu, qeyrətimizi özümüzə qaytaran şəhidlərimizə dəfn edilmək üçün normal bir yer tapılmır? Bizə söz verdilər ki, bu məsələ nəzarətə götürülüb və həll ediləcək. Doğrudan da şəhid valideynlərinin Yasamaldan Qaradağa gedib-gəlməsi və şəhidlərimizin elə bir yerdə dəfn edilməsi düzgün deyil. Söhbət ondan gedir ki, şəhidlərimiz bizdən, Azərbaycandan ötrü canlarından keçib, bizim qürurumuzu qaldırıblar. Ona görə şəhidlərimiz qürurlu bir yerdə dəfn edilməlidir ki, hər gələn onların qarşısında baş əysin”.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizdən bir neçəsinin Qaradağ rayonunda dəfn edilməsi şəhid analarının etirazına səbəb olub. Onlar bildiriblər ki, övladlarının məzarlarını tez-tez su basır. Şəhid anaları övladlarının həmin ərazidən köçürülərək İkinci Fəxri Xiyabanda dəfn edilməsini istəyiblər. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Tarix: 29-01-2021, 11:17
Xəbəri paylaş



Xəbər lenti