Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.
Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?
Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur.
Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.
"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.
Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.
Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".
Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".
Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.
Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.
Hələlik isə ümid təkcə metronun açılmasına qalır...
Tarix: 16-01-2021, 08:05