
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təmin etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib, sahələrdə aparılan becərmə işlərinin gedişi ilə tanış olub.
Baxışda Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və kənd təsərrüfatı mütəxəssisləri də iştirak ediblər.
Rayon rəhbəri sahələrdə aparılan becərmə işlərinin mövcud vəziyyəti ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, pambıq sahələrində becərmə işləri aqrotexniki qaydalara tam uyğun həyata keçirilir və bitkilərin normal inkişafı üçün zəruri olan bütün tədbirlər görülür. Görüş zamanı təcrübəli pambıqçı Fazil Vəliyev pambıqçılığın rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, bu il 45 hektar sahədə pambıq əkdiyini və hər hektardan 55-60 sentner yüksək məhsul gözlədiyini bildirib.
Rayon rəhbəri Müstəqim Məmmədov məhsuldarlığın artırılması, əkin sahələrinə düzgün qulluq göstərilməsi və mövcud potensialdan səmərəli istifadə olunması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Eyni zamanda görüş zamanı fermerlərlə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər dinlənilib, qarşıda duran vəzifələr və görüləcək işlər barədə müzakirələr edilib.
Məlumat üçün qeyd edək ki, ötən təsərrüfat ilində rayon üzrə 2796.7 hektar sahədə pambıq əkilib, nəticədə 10529.5 ton məhsul yığılıb və hər hektardan orta məhsuldarlıq 37.6 sentner təşkil edib. Cari ildə isə rayon üzrə ümumilikdə 2117.7 hektar sahədə pambıq əkini həyata keçirilmişdir. Rayon üzrə aparılan bu əkinlərin 1009.6 hektarı "Prime Cotton" MMC-nin Tərtər filialı, 764.3 hektarı “Azərpambıq” MMC, 343.8 hektarı isə “Elakoton” MMC tərəfindən həyata keçirilib.
Hazırda rayonda pambıq sahələrində becərmə işləri uğurla davam etdirilir.
Sonda fermer Fazil Vəliyev kənd təsərrüfatının inkişafına göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
