
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar sahədə aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində fəaliyyət göstərən "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsində olub.
Rayon rəhbəri “PATRON" MMC-nin maliyyə direktoru Emin Məmmədovla birlikdə müəssisəyə baxış keçirib, gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb.
İstehsal müəssisəsinə baxış keçirilən zaman şirkət barədə ətraflı məlumat verilərək bildirilib ki, "PATRON" brend olaraq yeyinti məhsullarının istehsalı və satışını həyata keçirir. Şirkətin 25-dən çox hazır məhsul çeşidi var. Günəbaxan tumunun emalı və qablaşdırılmasından başqa şirniyyat, qarğıdalı (kukuruz), suxarik kimi çeşidlər də istehsal edilir. Məhsullardakı əsas fərqlilik ondan ibarətdir ki, xüsusi texnologiya vasitəsilə dəniz duzu ilə duzlanma üsulu ilk dəfə olaraq məhz "PATRON" şirkəti tərəfindən tətbiq olunub. Məhsullar tam gigiyenik qaydalar çərçivəsində istehsal olunaraq istehlakçılara təqdim olunur. Şirkətdə 400 nəfərə yaxın işçi daimi əsaslarla çalışır. İşçilər arasında şəhid ailələrinin üzvləri, qazilər, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları da var.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerli istehsalın və sahibkarlığın inkişafının önəmini vurğulayaraq qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən Tərtər rayonunda sahibkarlığın inkişafı, yerli istehsal sahələrinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu gün daxili bazarın yerli və keyfiyyətli məhsullarla təmin olunmasında belə müəssisələrin rolu böyükdür. Şirkətdə müasir texnologiyaların tətbiq edilməsi və məhsul çeşidliliyinin zənginliyi təqdirəlayiqdir. Xüsusilə sevindirici haldır ki, müəssisədə şəhid ailələri, qazilər və müharibə veteranları daimi işlə təmin olunublar. Bu, dövlətimizin bu həssas təbəqəyə göstərdiyi diqqət və qayğının özəl sektorda da uğurla dəstəklənməsinin bariz nümunəsidir. Biz mütəmadi olaraq sahibkarların yanında olacaq, qarşıya çıxan məsələlərin operativ həllinə və rayonumuzun iqtisadi potensialının artırılmasına öz köməkliyimizi göstərəcəyik.
Sonda müəssisənin maliyyə direktoru Emin Məmmədov sahibkarlığın, xüsusilə kənd təsərrüfatı və emal sənayesinin inkişafına göstərilən dövlət dəstəyinə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.