
Azərbaycanda gecəyarısı, ya da qeyri-iş günü qiymətləri qaldıran qurumun yalnız Tarif Şurası olduğunu bilirdik.
Demə, siam əkizi kimi, Tarif Şurasının da şəriki var imiş. Buna bir medalın iki üzü də demək olar. Söhbət Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) bu ilin mayında qəbul etdiyi qərardan gedir. Belə ki, AHİK Tarif Şurası kimi xəlvəti iş görərək kurort zonalarına göndərişlə (“putyovka”) bağlı absurd addımlar atıb, yeni əsassız qaydalar müəyyən edib.
Gizli qiymət artımına gedən qurumun biri az idi, indi ondan geri qalmayan AHİK “putyovka”larla bağlı hamını narazı salan qərarlar qəbul edib.
Belə ki, “putyovka”ların verilməsində yeni absurd qaydalar kütləvi narazılığa səbəb olub. AHİK yeni qaydalara əsasən, göndərişi bundan sonra yalnız işləyənlərin özünə şamil edəcək. Yəni həmin şəxsin ailə üzvlərinə heç bir güzəşt nəzərdə tutulmur. Halbuki əvvəllər ailə üzvünə və ümumiyyətlə 15 faiz güzəşt olunur, 18 yaşa qədər uşaqlara pulsuz göndəriş verilirdi. Sahib Məmmədov isə belə qərara gəlib ki, göndəriş yalnız bir nəfərə aid olmalıdır, yerdə qalanlar isə kurort mərkəzində tam ödəniş etməlidirlər. Daha dəqiq desək, həm həyat yoldaşı, həm də 12 yaşdan yuxarı uşaqlar üçün tam ödəniş olunmalıdır. Hərçənd ötən ilə qədər belə deyildi. İndi yalnız 12 yaşadək yalnız ailədən olan iki uşaqa ödənişsiz “putyovka” nəzərdə tutulub.
Bununla Sahib Məmmədov və komandası 18 yaşına çatmamış şəxslərin – yəni uşaqların əməyə cəlb olunmasını təşviq edir. Faktiki isə bu yanaşma qanunvericiliyə qarşı çıxmaq, 18 yaşa çatmamış şəxsləri işləməyə məcbur etməkdir. Necə ola bilər ki, 12 yaşdan yuxarı uşaq, icbari təhsil alan yeniyetmə bu güzəştli göndərişlərdən məhrum edilsin? Məgər o yaşda uşaqlar işləyirlər ki, AHİK onlar istisna edir? Onsuzda dövlətdən az məvacib alan valideyin iki övladı üçün yüz faizli ödənişi necə etsin? Axı onlar da məktəblidirlər. Bir sözlə, birbaşa qanuna və dövlət başçısının qərarlarına qarşı kütləvi narazılığ yarada bilən addımlardır. Eyni zamanda, ailənin bütün üzvlərinin güzəştdən məhrum olunması və göndərişin yalnız bir nəfərə aid edilməsi il ərzində bu quruma axan vəsaitlərin hara xərcləndiyini aktuallaşdırır.
Ona görə də Prezident İlham Əliyevə müraciətdə bu məsələnin ciddi şəkildı nəzarətə götürülməsi xahiş olunur. AHİK sədri Sahib Məmmədovun rəhbərliyi altında verilən bu qərarın heç bir insanlığa və qanunlara sığışmadığı vurğulanır. Müraciətdə prezidentdən xahiş edilir ki, AHİK rəhbərliyinin fəaliyyətinin yoxlanılmasına tapşırıq verilsin. Çünki təftiş nəticəsində maliyyə mənimsəmələri, “putyovka” biznesi , bayram biletləri və bu işdə böyük maxinasiyalar, korrupsiya oyunları üzə çıxa bilər. Prezidentə müraciətdə deyilir ki, Sahib Məmmədov və AHİK heç bir məntiqlə uzlaşmayan qərar qəbul edib. Əvvəla, il ərzində AHİK xəzinəsinə axan maliyyə əvvəlki qaydalarla, yəni ailənin bütün üzvlərinə güzəşt olmaqla göndəriş verilməsini ehtiva edir. Yəni həmkarlara maaşlardan tutulan pullar və s. hesabına böyük vəsait daxil olur. Bu da imkanların olduğunu deməyə əsas verir. İkincisi, icbari təhsil alan 12 yaşdan yuxarı uşaqlar üçün kurort bölgəsində bütün pulun ödənilməsini ailənin boynuna qoymaq qanunlara tüpürməkdir. Eyni zamanda, 15 faizlik güzəştin tamamilə göstərilən qaydada ləğvi özbaşına bir qərardır.
Odur ki, cənab Prezidentin və yaxud Mehriban xanımın məsələni nəzarətə götürməsi təxirəsalınmaz məsələdir. Belə çıxır ki, AHİK adı “putyovka”, özü “kababtirovka” kimi hoqqabazlıq olan əməllərin sahibidir. Bu əməllərin sahibi isə sədr Sahib Məmmədovdur.
Məlumatlarda bildirilir ki, 2024-cü ildən bu posta gətirilən Məmmədov təxminən iki ilə qurumu elə günə qoyub ki, görünən dağa nə bələdçi.
Fakt budur ki, yüzlərlə vətəndaşın hüquqlarının pozulmasına səbəb olan qərarlar verilib.
İndi yaxşı olar ki, AHİK rəhbərliyi bu məsələlərə aydınlıq gətirsin və əsaslandırmağa çalışsın. Çünki edilən şikayətlər, vətəndaş müraciətləri ciddi narahatlıqdan xəbər verir. Yüzlərlə insanın hüquqları tapdanıb və məsələyə izah verilməlidir.
Əvvəlcə, AHİK aşağıdakı şikayətlərlə bağlı suallarımıza münasibət bildirməklə yaxşı olardı ki, bu məsələlərə bir izah versin:
1 .Hansı əsasla qanunvericiliyə zidd addım atılıb? 12 yaşdan yuxarı uşaqlara güzəştlərin ləğvi barədə qərar hansı meyarlar və qanunlar əsasında verilib?
2 .AHİK bu qaydanın tətbiqində vətəndaşların maddi şəraitini , aylığ məvacibini nəzərə alıbmı?
3 .İl ərzində quruma gələn vəsaitlər və xərclər barədə hesabatlılıq varmı və ictimaiyyətə dürüst məlumatlar açıqlanıbmı?
4.Göndərişlər, yəni putyovkalar verilərkən vətəndaşın hansı göstəriciləri əsas götürülür, siz bu qaydanı ədalətli sayırsınızmı?
Göründüyü kimi, bu və ya digər suallar, çoxdur, açıq qalır. Cəmiyyətdə dövlət başçısına müraciətdə AHİK-lə bağlı yaranmış gərginliyə, qurumun özbaşına və ədalətsiz qərarlarına dair araşdırmalar aparılmasına reaksiya, gözləyir. Vətəndaşlar dövlətə güvənir, prezident İlham Əliyevə inanır,amma məmurlar görünən iş kimi, bu şəkildə xalqı narazı salırlar…
Nicat Mahmudov