
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda fəaliyyət göstərən "AZNEKTARİN" MMC-nin Kəbirli kəndində yerləşən intensiv meyvə bağlarında olub.
Rayon rəhbərliyi müəssisənin direktoru Arzu Əlizadə ilə birlikdə fəaliyyət göstərən intensiv meyvə bağlarına baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb. Məlumat verilib ki, müasir standartlara uyğun qurulan "AZNEKTARİN" MMC-nin ümumi əkin sahəsi 164 hektardır. Bu sahənin 83 hektarında şaftalı, 56 hektarında nektarin, 14 hektarında xurma, 9 hektarında əncir, 2 hektarında isə armud bağları salınıb. Regional məşğulluğun artırılmasına mühüm töhfə verən müəssisədə hazırda 80 nəfər daimi, mövsümi işlər zamanı isə 250 nəfərə yaxın yerli sakin işlə təmin olunur. Təsərrüfatda su ehtiyatlarından səmərəli istifadə edilməsi və itkilərin qarşısının alınması məqsədilə mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi tətbiq edilir. Eyni zamanda, suvarmanın fasiləsizliyini təmin etmək üçün 80 sot sahədə ümumi tutumu 34 min kubmetr olan 2 ədəd xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.
Görüş zamanı rayon rəhbərinə o da bildirilib ki, "AZNEKTARİN" MMC-nin meyvə bağları iqlim risklərindən qorunmaq məqsədilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar intensiv bağçılığın genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvə məhsullarının çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.
Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpa mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, rayon ərazisində 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı isə ənənəvi bağlardır. Bağların 49 hektarı isə yeni salınmışdır. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixracat yönümlü xurma bağlarıdır.
Sonda müəssisənin direktoru Arzu Əlizadə sahibkarlığın, xüsusilə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
