Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlər üçün yeni dəstək mexanizmini təqdim edib...
İlk baxışdan bu, kənd təsərrüfatına dəstək kimi görünür. Lakin qərarın mahiyyətinə diqqətlə baxdıqda ortaya ciddi suallar çıxır.
Faizsiz kredit almaq fermerin risklərini azaldır, yoxsa onu yeni borc öhdəliyi altına salır?
Azərbaycanda birillik əkinlə məşğul olan fermerlərin əhəmiyyətli hissəsi kiçik təsərrüfat sahibləridir. Onların böyük maliyyə ehtiyatları yoxdur. Əksəriyyət mövsümdən-mövsümə işləyir və əldə etdiyi gəlirlə növbəti əkin dövrünü maliyyələşdirir. Belə fermer üçün hətta 10 min manat kredit götürmək böyük məsuliyyətdir.
Nazirlik faizləri dövlət hesabına ödəməyi vəd edir. Lakin məhsulun uğursuz alınması, quraqlıq, su çatışmazlığı, xəstəliklər, zərərvericilər və ya bazarda qiymətlərin kəskin aşağı düşməsi hallarında fermer yenə də əsas borcu qaytarmalı olacaq.
Bu zaman Kənd Təsərrüfatı Nazirliyi, nazir Məcnun Məmmədov fermer üçün hansı dəstək alternativi ortaya qoyur?
Əgər fermer 10 min manat kredit götürüb ilin sonunda məhsulu sata bilməzsə və ya gözlədiyi gəliri əldə etməzsə, bank qarşısında öhdəlik olduğu kimi qalacaq. Faiz yükünün olmaması borcun özünü aradan qaldırmır. Bu səbəbdən bir çox ekspertlərin də hesab etdiyi kimi dir ki, kənd təsərrüfatında əsas problem kreditə çıxış deyil, istehsal risklərinin yüksək olmasıdır.
Nazirliyin açıqladığı mexanizmdə isə məhsul itkisi halında fermerin necə qorunacağı, dövlətin hansı əlavə təminatları verəcəyi barədə aydın məlumat yoxdur.
Daha bir məsələ kreditlərin əlçatanlığı ilə bağlıdır.
Banklar adətən kredit verərkən girov, ödəmə qabiliyyəti və digər maliyyə göstəricilərini tələb edirlər. Kiçik fermerlərin əhəmiyyətli hissəsi isə bu tələbləri tam şəkildə qarşılaya bilmir. Belə olan halda yeni mexanizmdən əsasən iri təsərrüfatların faydalanacağı, kiçik fermerlərin isə yenə kənarda qalacağı ehtimalı mövcuddur.
Məcnun Məmmədov bu gün fermerləri kredit götürməyə təşviq edir. Lakin sabah məhsul uğursuz olduqda və ya bazarda qiymətlər düşdükdə həmin fermerlərin problemlərinin necə həll ediləcəyi barədə konkret mexanizmlər açıqlamır.
Dünya təcrübəsində kənd təsərrüfatına dəstək təkcə faiz subsidiyasından ibarət deyil. Fermerlər üçün məhsul sığortası, minimum alış qiymətləri, bazara çıxış imkanları, uzunmüddətli güzəştli maliyyələşmə və fövqəladə hallarda kompensasiya proqramları tətbiq olunur.
Azərbaycanda isə fermerlər uzun illərdir su çatışmazlığı, bahalaşan gübrələr, artan yanacaq xərcləri və satış problemlərindən şikayət edirlər. Bu problemlər həll olunmadan kreditlərin faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatında köklü dəyişiklik yaratmaya bilər. Nəticədə ortaya belə bir mənzərə çıxır - dövlət faiz yükünü öz üzərinə götürür, bəs Məcnun Məmmədov istehsal risklərini necə? Onu da nazirlik öz üzərinə götürürmü, yoxsa yenə fermerin üzərində qalır.
Bu zaman yenə sual açıq qalır - məhsulu uğursuz olan fermer bank qarşısında borcunu necə qaytaracaq?
Bizimesr.com