Müasir dövrdə demək olar ki, hər kəs sosial şəbəkədən yararlanır.Buradakı bəzi məlumatlar düzgün olsa da, dezinformasiyalar da çoxluq təşkil edir. Ənənəvi media bəzən saxta xəbərlərlə mübarizə aparmağa məruz qalsa da, bəzən də bütün bunlara baxmayaraq sosial şəbəkələrə istinad edərək xəbərlər hazırlayır, bir növ sosial şəbəkələrlə əməkdaşlıq edir.
Bəzi media ekspertləri isə hesab edir ki, tədricən dünyada sosial media bumu aradan qalxır. Belə ki, şəbəkə istifadəçiləri səhifələrdə oxuduqları xəbərləri dəqiqləşdirmək üçün ciddi media resurslarına üz tuturlar.
Bəs bu tendensiya bizə nə vəd edir? Ənənəvi media mövqeyini geri qaytarır?Məsələ ilə bağlı
Cebhe.info-ya açıqlamasında media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli bildirib ki, hazırda ölkəmizdə bu tendensiya dəyişməyib.
“Bu yerli medianın tendensiyaya qayıtması ilə bağlı həddindən artıq nikbin bir yanaşmadır. Təəssüf ki, hazırda yerli şəraitdə ənənəvi media cəmiyyətin bütün informasiya tələbatını ödəmək qabiliyyətində deyil. Yəni operativ, faydalı, gərəkli məlumatlar ənənəvi mediada kifayət qədər yer tutmur. İnsanlar məlumatları sosial şəbəkələrdən almağa üstünlük verir və bu hələ də davam edir. Ona görə də sosial media yerli medianı bu tendesiyada üstələyir“.Eyni zamanda Qulu Məhərrəmli qeyd edib ki, gələcəkdə bu hal dəyişə bilər, yəni yerli media sosial şəbəkəni üstələyə bilər:
“Ənənəvi media keyfiyyəti artıra bildikcə bu hal dəyişə və müəyyən mövqe üstünlüyü qazana bilər. Təəssüf ki, “YouTube“ da gedən proseslər televiziyalarda yoxdur. Həmin platformalarda gedən ciddi müzakirələr televiziya ekranlarında yer almır. İnsanlar da o platformalara üstünlük verirlər ki, orada gedən hadisələr fikir bildirib, müzakirə apara bilsinlər. İndi ənənəvi media da özü bundan bəhrələnməyə çalışır. Sosial şəbəkələrdə hesablarını yaradırlar və hesab edirəm ki, bu düzgün tendesiyadır. Gələcəkdə isə bu həmin media qurumunun menecerlerindən, hazırladıqları, təqdim etdikləri keyfiyyətdən asılı olacaq”.
Tarix: 15-01-2021, 16:50