Pul tələsi, yoxsa rahatlıq: Apteklərdə 3 dəfə ucuz satılan testlər... - “Nəticə dəqiq olsaydı, apteklərə verməz, özləri pul qazanardı”



Pul tələsi, yoxsa rahatlıq: Apteklərdə 3 dəfə ucuz satılan testlər... -
Son günlər apteklərdə COVİD-19 testləri satışına rast gəlinir.

Testlərin təxmini qiyməti 35 manat civarındadır. Yəni, bu, klinikalarda edilən testlərdən 3-4 dəfə ucuzdur. Burundan yaxma götürüb hazır içində olan məhlulla qarışdırırıq və 15-20 dəqiqə sonra testin cavabını öyrənmiş oluruq. Bir xətt çıxarsa, testin nəticəsi neqativ, 2 xətt çıxarsa, pozitiv deməkdir.

Maraqlıdır ki, bu testlərə inanmaq olarmı? Əgər inanmaq olarsa, o zaman niyə, klinikalarda edilən testlər apteklərdəki testlərdən 3 dəfə bahadır?

Məlumdur ki, klinikalarda edilən testlər, 90-100 manat civarında olur və bu qiymət də iş yerlərinin bağlandığı, müəssisələrin işçilərini azaltdığı dönəmdə insanların cibinə uyğun deyil. Nəticə olaraq, kimin virusa yoluxub-yoluxmadığını bilmək çətinləşir və yoluxma sayında ciddi "partlayış" görürük.

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya bildirib ki, bu testlərin nəticəsinin doğru çıxma ehtimalı xeyli aşağıdır:

"Bu dəqiqə koronavirusla bağlı pul qazanmaqdan ötrü min oyuna girirlər. Mən görürəm ki, Azərbaycanda bəzi analizlər var ki, heç virusla bağlı məlumatı vermir, amma o analizləri belə xəstədən götürürlər. Bu test haradan gəlir, necə gəlir, kim gətirir, məlum deyil. 15-20 dəqiqəyə cavab verən test nə dərəcədə dəqiq, düzgün ola bilər? Sadəcə, pul qazanmaq üçün vasitədir. Avropanın özündə belə test nəticəsi 20-30 faiz səhv, Azərbaycana Rusiyadan gətirilən test 60 faiz səhv göstərirdisə, indi bu mənşəyi bilinməyən şey nə dərəcə düzgün göstərəcək? Onun etibarlılıq dərəcəsi bəlkə 10-15 faizdir. Belə şeylərə də inanmaq düzgün deyil. Koronavirusun yoxlanılması qaydası bütün ölkələrdə eynidir. Daha bizdəki kimi 100 variantla COVİD-19 yoxlanılmır, camaatın başına oyun açırlar".

Həkimin dediyinə görə, bu testləri insanın özünün yoxlaması da nəticəni sual altına qoya bilər:

"Bu, həm də zərərlidir. Çünki insan orqanizminə bilmədiyin vasitə ilə müdaxilə edirsən. Birincisi, yaxma götürülən zaman dərinliyə gedilir, insan özü o dərinliyə qədər gedə bilmir. Çünki bəzi adamlar var ki, heç xəstəxanada həkimlərin etməsi ilə o prosedura dözmür. Burada da sual yaranır, insan özünü buna necə məcbur edə, özü yaxmanı necə götürə bilər ki? Əgər bu, doğrudan dəqiq nəticə göstərsəydi, bunu heç vaxt apteklərə verməzdilər. Elə müəyyən xəstəxanalarda özləri tətbiq edib, pul qazanardılar. Apteklərə gəlibsə, deməli, hansısa şirkət xaricdən gətirib".

Həkim-nevroloq Qalib Əsədov da həmkarının fikriylə razılaşıb. Qeyd edib ki, bu testlərin düzgünlük faizi aşağıdır:

"Aptekdə satılanlar ekspres testlərdir və onların düzgünlük faizi yüksək deyil. Yəni, onlar yanlış nəticə də verə bilər. Amma təəssüf edirəm ki, bu testlər bizə hələ indi gəlib çatıb, digər ölkələrdə may ayından var. Amma doğruluq faizi istehsalçı şirkətdən asılı olaraq fərqli ola bilir. Lakin həkim götürmədiyi üçün cavab neqativ də çıxa bilər, halbuki, xəstədə nəticə müsbət olar. Bu hal da bizi yanlış istiqamətə yönləndirə bilər. Hamısından yaxşısı PZR testləridir. Bu gün şəxsin qızdırması yoxdursa, amma koronavirusun digər əlamətləri varsa, onlardan test götürülmür. Əksinə, bütün şübhəli şəxslərdən test götürülməli və cavab dərhal verilməlidir".

Həkim dövlət klinikalarında test nəticələrinin gec verilməsindən də şikayətlənib:

"O ki qaldı test cavablarının 3-4 günə verilməsinə, bunun günahı işin düzgün təşkil olunmamasındadır. Əgər 90 manata özəl klinikalarda bir gün ərzində cavab verirlərsə, dövlət müəsisələrində də bunu təşkil etmək olar. Məsələn, dünyanın bir çox ölkələrində test götürülən gün cavab verilir. Bizdə özəl klinikalarda belədir, amma dövlət müəssisələrində cavab 3-4 günə gəlir".

Q.Əsədov testlərin bahalığına də toxunub. Onun fikrincə, testlər pulsuz edilməlidir:

"Ümumiyyətlə, mən düşünürəm ki, pandemiya dövründə PZR testləri pulsuz olmalıdır. İyuna qədər bu testlər pulsuz idi, olduqca da yaxşı nəticə əldə etmişdik, koronaviruslu xəstələrin yoluxma sayı çox aşağı idi. Elə ki bu testləri pullu etdilər, dövlət müəssisələri bir həftəyə cavab verdi, insanların 100 manat verib test etdirməyəimkanı olmadı, bundan sonra xəstələrin sayı artmağa başladı. Mən hesab edirəm ki, testlər pulsuz olmalı və testi müsbət çıxan şəxslər cərimə edilməməlidir. Bu gün insanlar test verməyə ona görə qorxurlar ki, müsbət çıxsa, cərimə olunacaqlar. Bunlar mağazaya getməlidir, işlərini həll etməlidir, problem yaranır axı".
Tarix: 11-01-2021, 14:26
Xəbəri paylaş



Xəbər lenti