Cahidin cihadı: İnamını itirən hər şeyini itirir


Cahidin cihadı: İnamını itirən hər şeyini itirir
“Taledənmi, ya özümüzün əfəlliyindənmi?”
       
İstər dünən, istər bu gün baş verən hadisələr bir daha sübut etdi ki, Vətən, millət, torpaq sevgisini, qeyrətini, namusunu qəlbində - ruhunda namus, qeyrət hissi olan ərlər, ərənlər və fədailər daşıyır. Özü də əvəzsiz, təmənnasız.
 
Tanrısından, torpağından, əcdadlarının ruhundan qüvvət alan Azərbaycan gəncliyini (təbii millətini, vətənini onun azadlığını hər şeydən uca tutan qeyrətli gənclərini) Sovet Rusiyasının ən amansız repressiyaları belə, qorxutmadı, yolundan, əqidəsindən döndərə bilmədi. Baxmayaraq ki, bu faciələrin ən böyük və dəhşətli qismi bizim payımıza düşdü. Professor Şirməmməd Hüseynov demiş: “Bu, taledənmi, ya özümüzün əfəlliyindənmi”.
 
“Bəşər tarixinin qanlı imperiyası - Sovetlər” sərlövhəli məqaləmdə işğalçı Sovetləri ilk gündən qəbul etməyən, ömürlərinin sonuna kimi bu qanlı-qadalı rejimə qarşı mübarizə aparan vətənpərvər oğullar haqqında qısa məlumat vermişdim. Onlardan biri də Cahid Hilaloğludur. O Cavid Hilaloğlu ki, Sovetin qılıncının dalı da-qabağı da kəsəndə (1957-ci il), Üçrəngli Bayrağımızı Qız qalasının başı üzərində dalğalandırıb. Bu fədakarlıq Cahidə çox baha başa gəlib. İllərlə sürgün həyatı yaşayıb, həbsxanalarda “ömür” keçirib, sağlamlığını itirib, əzizlərinə həsrət qalıb... Amma Azərbaycanın azadlığı uğrunda mübarizəsinə olan ümidini, inamını itirməyib, yolundan dönməyib ...
 
Əvvala, onu qeyd edim ki, bu əhvalat haqqında ilk dəfə 1987-ci ildə tələbə olarkən (BDU-nun Jurnalistika fakültəsinin II kursunda oxuyurdum), İçərişəhərdə kirayə qaldığım evin sahibəsi Zibeydə xaladan eşitmişdim. Zibeydə xala orta təhsilli olsa da (indiki bəzi “ali təhsilli”lərimizdən fərqli olaraq), çox məlumatlı, mütaliyəsi və dünyagörüşü geniş olan bir qadın idi. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, Zibeyda xala ilə söhbətimiz yaman tuturdu. Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığından, Cavid Əfəndinin sadəliyindən, Həmidə xanımın (Mirzə Cəlilin ömür yoldaşı) xanım-xatınlığından, 1918-ci ildə Türk əsgərlərinin Azərbaycana gəlişindən və xalqımızın onları necə böyük sevgi ilə, şadyanalıqla qarşılamasından ağızdolusu danışardı.
 
Bir gün məni evin lap arxa otaqlarından birinə apardı. Ağ ipək parçanın içindən çıxarıb bir bayraq göstərdi (milli bayrağımızı ilk dəfə onda gördüm) və dedi: “Bu, bizim milli bayrağımızdır. Qaynanam uzun illər sandığında gizlədib saxlayıb. Rəhmətə gedənə yaxın verdi mənə. Bu bayrağı 1957-ci ildə bir ağdamlı balası Qız qalasının başı üstündə dalğalandırmışdı. Danışırdılar ki, KQB başına müsübət açıb, diri-diri cəhənnəm əzabını yaşadıb ona”.
 
O gündən bu ağdamlı balasının sorağına düşdüm. Kimdir bu vətənpərvər oğul?
 
Cahid 1928-ci ildə Ağdam şəhərində Hilal kişinin ailəsində dünyaya göz açıb. O, hələ kiçik olarkən Hilal kişi ailəsi ilə birlikdə Bakıya köçür və neft mədənlərindən birində işə düzəlir. Kiçik yaşlarından Cahid yaşıdlarından bəzi xüsusiyyətlərinə görə çox fərqlənir. Ailədə, məktəbdə, məhəllədə haqsızlıqla barışa bilməyən Cahidin başı çox vaxt “qalmaqalda” olur.
 
O, Oktyabr rayonunda (indiki Yasamal) yerləşən 13 saylı məktəbdə oxuyarkən (13-yaşı olanda) qəribə bir hadisə baş verir. İsti bir avqust günü (1941-ci il) Cahid yoxa çıxır. Sonra məlum olur ki, o, 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub Arazı keçib. İki il Güney Azərbaycanda yaşayan Cahidin müəmmalı şəkildə gedişi olduğu kimi, müəmmalı da qaydışı olur... 
O, Azərbaycanın azadlığı uğrunda çarpışırdı...
O, 1947-ci ildə Bakıda 1 saylı orta məktəbi başa vurub Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsinə qəbul olur və 1952-ci ildə təhsilini başa vurub M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə düzəlir. İstər tələbə olduğu vaxt, istər işlədiyi illərdə quruluşdan narazılığını müxtəlif vasitələrlə ifadə edir. Ölkədə baş alıb gedən korrupsiya, oğruluq, möhtəkirlik, rüşvətxorluq onları lap cana gətirmişdi. Xalqının malına, qanına, canına darışanlarla haqq-hesab çəkməyin bir yolu olacağına inanırdılar. Cahid sağlam təfəkkür və düşüncəli əqidə yoldaşlarını başına toplayır, onlar saatlarla söhbətlər aparır, rejimə qarşı mübarizə yollarını araşdırırlar. Bunun Vətəndə mümkünsüzlüyünü dərk edən gənclər, xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərara alırlar.
 
Bəs, xaricə necə getməli, SSRİ vətəndaşının üzünə bağlı olan sərhədləri necə keçməli? Cahid və dostları müxtəlif planlar qursa da, nə qədər cəhd etsələr də, bunlar baş tutmur. Çünki onlar Azərbaycan DTK-nın əməkdaşları tərəfindən, hələ tələbə olarkən nəzarətə alınmışdılar. Cahid və məsləkdaşları bu nəzarəti hər an hiss etsələr də, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmaq amallarından dönmədilər. Sovet rejiminin eybəcərliklərini faş edən vərəqələr hazırlayıb paylayırlar, gənclərlə söhbətlər aparırlar ...
 
Və bir gün Cahid Hilaloğlu dostları ilə, 1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin istiqlal bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olur. Deyilənlərə görə bayraq Qız qalasının başı üzərində üç saata yaxın dalğalanıb. Bu saatlar Cahid və dostlarının həyatda ən xoş anlar idi.
 
Azərbaycan DTK-nın əməkdaşları Cahidi “oğurluqda” təqsirləndirərək həbs edirlər. Ağır işgəncələr, üzücü sorğu-suallar başlayır. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
C.Hilaloğlu cəzasını çəkmək üçün Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsinə göndərilir. Bura islah-əmək düşərgəsi adlandırılsa da, əslində, çox ağır şəraiti olan həbsxana idi və bütün siyasi məhbuslar burada saxlanılırdı. Cahid on il burada cəhənnəm əzabı yaşasa da, ümidini üzmür. 1969-cu ildə azadlığa çıxaraq Vətəninə qayıdır. Bir müddət Bakıda iş axtarsa da, tapmır. Qayıdır Yerevana. Burada C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. Tamaşaları KQB əməkdaşları tərəfindən mütamadi izlənilir. Yenidən sorğu-suallar başlayır. Cahid yenidən işini itirir.
 
1971-ci ildə qayıdır Bakıya. Çox çətinliklə təhsil aldığı ali məktəbin Tədris Teatrında rejissor kimi işə başlayır. Xoşbəxtlikdən İnstitutun rektoru Rahib Hüseynov Cahidə bu işdə dəstək olur. Amma bu xoşbəxtliyin ömrü az olur. Rahib Hüseynov Azərbaycan DTK tərəfindən həbs edilir, Cahid işdən çıxarılır.
 
Uzun illər işsiz qalan Cahid bu dəfə dünyaya göz açdığı Ağdama qayıdır. Bu zaman Ağdamda yeni açılmış Dövlət Dram Teatrında işə başlayır.
 
C.Hilaloğlu 1988-ci il də ölkədə baş verən siyasi hadisələrin yenə önündə görünür. Xalqının azadlığa qovuşacağını həsrətlə gözləyən Cahidə bunu görmək qismət olmur. Müstəqilliyimizin elan edilməsinə cəmi beş ay qalmış - 1991-ci il mayın 30-da, nömrəsi bilinməyən bir “Volqa” avtomobili Cahidi vurur. O, bu qəzada həlak olur. Sözsüz ki, bu, təsadüfi avtomobil qəzası deyildi.
 
Amma bu gün Cahidin və onun amal yoldaşlarının ruhu şaddır. Çünki uzun illər əleyhinə mübarizə apardıqları SSRİ dağıldı, Kommunist Partiyası diktaturasına son qoyuldu. Və ən əsası, milli varlığımızın, ləyaqətimizin, milli qürurumuzun baş tacı olan Üçrəngli Bayrağımız azad səmamızda qürurla dalğalanır.
 
Doğru deyiblər: “İnamını itirən hər şeyini itirir”. Xoşbəxtlikdən Azərbaycan xalqı bu mübarizədə qalib gələcəyinə ümidini bir an belə, itirmədi. Amansız sürgünlər, həbslər, işgəncələr, faciələr onları qorxutmadı. Xalq mərdliklə, hamılıqla ayağa qalxdı. Qanlı-qadalı Sovet Rus imperiyasının caynağından qurtuldu. Əlbəttə, Vətən, millət, torpaq namusu olan hər kəs millət kimi məhv olmamaq üçün belə etməli idi.
 
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist,
Xüsusi olaraq AYNA üçün  
Tarix: 9-01-2021, 12:21
Xəbəri paylaş



Xəbər lenti