Kommunal xidmətlərlə bağlı güzəştli məhdudiyyətləri aradan qaldırmaq mümkündürmü? Elektrik və qazın güzəştli istehlakına qoyulmuş məhdudiyyətlərin ləğvi məsələsi cəmiyyətdə uzun müddətdir müzakirə olunur. Ancaq indi xüsusilə aktuallaşdı, çünki pandemiya və karantin rejimi səbəbindən əhalinin çoxunun gəlirləri azalıb, bəziləri isə ümumiyyətlə, imkansız vəziyyətə düşüb.
Bu arada, qış mövsümündə elektrik və qaz xərcləri onsuz da artır və ödəmə çeklərindəki rəqəmlər insanları qorxudur. Bütün bunlar əhalinin kommunal xərclər üçün borclarının artmasına səbəb ola bilər.
Bir çox ekspertlər dövlətin əhalini dəstəkləməsini və limiti götürməli olduğunu deyirlər. Xatırladaq ki, Tarif Şurasının qərarına əsasən, 2019-cu ilin may ayından etibarən əhali tərəfindən bir kubmetri 0,1 manat qiymətlə təbii qaz istehlakının illik həddi 1,7 min kubmetrdən 2,2 min kubmetrə qaldırıldı. Bu həcmdən artıq istifadə olunan qaz vətəndaşlara hər kubametrə görə 0,2 manat qiymətinə verilir.
Elektrik enerjisinə gəlincə, bu ilin mart ayına qədər istehlak həddi 300 kilovat/saat idi. Pandemiya səbəbindən müvəqqəti olaraq 400 kilovata qaldırıldı.
UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin AYNA-ya dediyinə görə, 2019-cu il mayın 1-dən bəri, məhdudiyyətlərə yenidən baxıldıqdan sonra dünyada vəziyyət dəyişib: “Dünya bazarındakı vəziyyətə baxsanız, son zamanlar müşahidə edilən müəyyən artıma baxmayaraq, ümumilikdə yanacağın qiymətlərinin xeyli aşağı düşdüyünü görərik. Ancaq hər halda qiymətlər əvvəlkilərdən daha aşağıdır”.
İndi vətəndaşlar pandemiya səbəbindən demək olar ki, bütün vaxtlarını evdə keçirir və təbii ki, daha çox qaz və elektrik istehlak edirlər. Bu iki faktoru nəzərə alaraq, Qəribli, xüsusən də lokdaun uzanarsa, hökumətin güzəştlərə gedə biləcəyinə və məhdudiyyətləri götürə biləcəyinə inanır.
“Digər tərəfdən, koronavirusa qarşı peyvəndlər artıq ortaya çıxıb və ölkədə əhalinin peyvəndlənməsi 2021-ci ilin birinci rübündən başlayacaq. Bu da öz növbəsində lokdaunu lazımsız edəcək. Tədricən iqtisadi dirçəliş başlayacaq. Nəzərə alınmalıdır ki, neftin ucuzlaşması nəticəsində ölkə büdcəsi zərər gördü, baxmayaraq ki, 2021-ci il büdcəsinin xərcləri bir sıra səbəblərdən artırıldı. Ancaq hər halda qaz və elektrik enerjisi limitinin ləğvi büdcəyə əlavə yükü artıra bilər. Hər şey makroiqtisadi göstəricilərdən asılıdır. Qərar Tarif Şurası tərəfindən, bütün müsbət və mənfi cəhətləri nəzərə alınaraq qəbul edilməlidir”, - ekspert bildirib.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev düşünür ki, hazırda mövcud olan limitlər çox aşağıdır, bir çox vətəndaşa onlar bəs etmir. O, AYNA-ya deyib ki, bu sahədə heç bir məhdudiyyət olmamalıdır: “Hökumət ölkə əhalisinin daha yaxşı yaşamasını istəyirsə, deməli, ona tərəf addım atmalıdır. Məntiqə görə, kommunal xidmətlər əhalinin daha çox elektrik və qaz istehlak etməsində maraqlı olmalıdır. Amma indi məhdudiyyətlər səbəbindən bir çoxları limit həddini aşmamaq üçün elektrik və qazı qənaətlə xərcləməyə çalışırlar. Bu günə qədər əhalinin cəmi 15%-dən də azı verilən limiti keçib”.
“Ümumiyyətlə, nə qədər çox mal alırsansa, bir o qədər ucuz başa gəlir, endirim əldə edirsən. Normal ticarət münasibətlərində belə olmalı idi, amma burada proses əksinə gedir. “Azərişıq” və “Azəriqaz” heç bir halda pul itirməyəcək. Əgər ititrdiklərini iddia edirlərsə, onda onlar real xərc və gəlirləri haqqında bütün məlumatları açıqlamalı, bunu sübut edəcək rəqəmlər təqdim etməlidirlər”, - müsahibimiz vurğulayıb.
Ağayev qeyd edib ki, qazın xarici valyutaya satılması onun istehsal olunduğu ölkənin əhalisinə təsir etməməlidir: “Bəzi mütəxəssislərin təklif etdiyinin əksinə olaraq, limiti yalnız yoxsullar üçün deyil, bütün vətəndaşlar üçün qaldırmaq lazımdır. Şəhid ailələrinə, birinci qrup əlillərə, ümumiyyətlə, qaz və elektrik enerjisi pulsuz, daha dəqiq desək, əhalinin o qədər də imkansız olmayan qruplarının hesabına verilə bilər. Bunun adı sosial ədalətdir”.
O, eyni zamanda, həddini aşmağın lazım olmadığını düşünür: “Bəzi ölkələrdə, xüsusən qonşu Gürcüstanda bir neçə aydır pandemiya səbəbi ilə kommunal xidmətləri pulsuz etdilər. Amma biz eyni yolla getməməliyik. Dövlətə, vətəndaş çətin vəziyyətə düşdüyü zaman ona kömək etmək üçün vəsait lazımdır”.
Tarix: 29-12-2020, 20:29