“Koronovirus pandemiyasına görə heç yerə çıxa bilmirik, oturmuşuq evdə. Əvvəl yoluxma sayı 3-4 nəfər idi, indi isə minlərlədir. Bu həqiqətən də ciddi bir göstəricidir. Nə dəfnə gedə bilirik, nə də dost-tanışın evinə. Ölən də urvatsız ölür. O qədər sənət yoldaşlarımız dünyasını dəyişdi, hansına gedə bildik? Bir dostum var, zəng edib deyir ki, ölmək vaxtı deyil, nə badə öləsən”.
Bunu Xalq artisti Rasim Balayev Moderator.az-a açıqlamasında bildirib. Aktyor pandemiyaya görə şəhərdən kənarda qaldığını söyləyib:
“Uzun müddətdir ki, Şüvəlandakı bağ evimdə qalıram. Burada şərait o qədər də yaxşı deyil. Nə qədər evdə oturmaq olar? Amma başqa çarəmiz də yoxdur. Bu faciədir, insan dəli olmaq dərəcəsinə çatır, az qalır başı xarab olsun. Çünki mən ömür boyu işdə-gücdə, çəkilişlərdə olmuşam, indiki durum mənim üçün çox çətindir. Biz yenə də mükafat, təqaüd alıb birtəhər dolanırıq, amma insanlar var ki, günəmuzd işləyirlər, hal-hazırda onların vəziyyəti heç də yaxşı deyil. Qurban olum Allaha, bizləri cəzalandırır” - deyə aktyor bildirib.
Aktyor daha sonra əlavə edib.
“TƏBİB-in qayda-qanunlarına əməl etməliyik. Xoşumuz gəlsə də, gəlməsə də. Amma bir şey də var ki, əgər onlar qanunu təsdiqləyirlərsə öncə özləri buna əməl etməlidirlər. Nümunə olmalıdılar hamıya..."
Aktyor hal-hazırda kino sahəsində yaşanan durğunluqdan da danışıb:
“Kino sahəsində onsuz da durğunluq yaşanırdı, pandemiya bu işi bir az da sürətləndirdi. Kino sahəsinin özünə gəlməsi uzun bir prossesdir. Mən bilmirəm bunu görəcəm, ya yox? Elə bil ki, bir zəncir qırılıb, zəncirin ucunu tapıb bir-birinə bağlamaq lazımdır. Bu birdən-birə olan bir iş deyil. Bu uzun illərin məhsuludur” - deyə Xalq artisti bildirib.
Tarix: 27-12-2020, 08:59