50 manata "az yazan sayğac" - “Azəriqaz”dan təklif


“Xaçmazda sakinlər üçün qaz sayğaclarını dəyişirlər. Hamıya da deyirlər ki, 50 manat verin, "az yazan sayğac" qoyaq”.
 
Pravda.az xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli məlumat yayıb.
 
Onun sözlərinə görə isə bəzi mütəxəssislərdən məsələnin mahiyyətini öyrənib: Məlum olub ki, 50 manata təklif edilən sayğaclarda qurğunun "fibro"su deşilib verilir:
 
“Bir müddət sonra da gəlib, "sayğaca müdaxilə" adı ilə cərimə edəcəklər. Belə çıxır ki, “Azərqaz” bir güllə ilə 3 dovşan vurmaq istəyir. Həm vətəndaşa 50 manat pul atır, həm
sayğacın "zibili" çıxanda, guya müdaxilə adı ilə cərimə yazır, həm də kiminsə marağına ölkədə qarışıqlıq salır”.
 
50 manat verdikdə “az yazan sayğac”la bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.
 
Qurumun mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, ümumiyyətlə, qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur:
 
“"Azəriqaz" olaraq bir daha xatırladırıq ki, belə sövdələşməyə heç kim getməsin. Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir –red.) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur. Bu əməliyyat “Azəriqaz” tərəfindən pulsuz icra olunur. İstənilən halda sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri mütləq tələb olunacaq. Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz. O ki qaldı belə yanaşmanın Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə aid edilməsinə, nəzərinizə çatdırırıq ki, bu sahədə çalışan əməkdaşlarımızın fəaliyyətinə ciddi nəzarət olunur. Bu il ərzində həmin region üzrə 2 işçimiz nöqsanlara yol verdiyinə görə (vətəndaşla qanunsuz sövdələşmə aparılması faktı) işdən azad olunub”
 
C.Səfərov əlavə etdi ki, bu faktla bağlı da qurum tərəfindən araşdırma aparılacaq:
 
“Abonentlərimizdən xahiş edirik ki, bu kimi hallarla rastlaşarlarsa, Birliyin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşımızdan xidməti vəsiqəsini tələb etsinlər”.
Tarix: 24-12-2020, 21:34
Xəbəri paylaş



Xəbər lenti