Ömrü qıran asılılıq - gənclər və uşaqların siqaret asılılığı nədən xəbər verir?



Şok rəqəmlər, alimlərin həyəcan təbili - siqareti atmasanız...

Hər il dünyada siqaretdən ölənlərin sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, illik olaraq təxminən 8 milyon insan siqaret çəkdiyi üçün erkən yaşda dünyasını dəyişir. İnsan ölümləri, siqaretin gənclər, yeniyetməlik yaşında olanlar arasında geniş yayılmasının qarşısını almaq üçün isə müxtəlif addımlar atıldı. Bəzi ölkələr qiymətləri, vergiləri qaldırsa da, rəqəmlərdə ciddi fərq aşkarlanmadı. Artıq rəqəmlərin, bir növ siqaretin cazibəsinin azaldılması üçün yeni qadağa tətbiq olunub.
Belə ki, Avropa Birliyinin tütün məhsulları ilə bağlı qanun layihəsinə müvafiq olaraq Avropada mentollu, yəni ətirli, eyni zamanda da çox nazik olan siqaretlərin satışı və istifadəsi qadağan edildi. Avropa İttifaqının (Aİ) 2014-cü ildə qəbul etdiyi və 2016-cı ildə qüvvəyə minmiş Tütün Direktivinə uyğun olaraq, Aİ ölkələrində mentollu tütün məhsullarına qadağa tətbiq olunub. Siqaret bazarında satış payı 3 faizdən çox olan mentollu siqaretlərin sağlamlığa zərərli olduğu və tütün qoxusunun qarşısını alaraq, siqaret çəkməyə təşviq etməsi səbəbindən qadağan edildiyi bildirilir. Bununla da hökumətlər ümid edir ki, siqaret istifadəçilərinin sayının artmasının qarşısını almaq mümkün olacaq.
Siqaret çəkənlərin 36.7 faizi gənclərdir
Çünki bu cür siqaretlər digərləri ilə müqayisədə daha cəlbedici olmaqla həm də asılılıq yaradır, ondan imtinanı çətinləşdirir.  Lakin bu qanun layihəsində elektron siqaretlərlə bağlı heç bir müddəa yer almayıb. Azərbaycanda siqaret çəkənlərin 36.7 faizini kişilər, 2.26 faizini isə uşaqlar təşkil edir. Qadınlarla bağlı rəqəmlərə gəldikdə isə Azərbaycanda gündəlik olaraq siqaret çəkən qadınların sayı təxminən 11 mindir. Bu barədə tobaccoatlas-ın 2015-ci il məlumatında qeyd olunub.
Azərbaycanda siqaret ucuzdur və qiyməti artırılmalıdır" | Banco.az
Məlumatda deyilir ki, Azərbayanda siqaret çəkənlərin 0.58 faizini qızlar təşkil edir ki, bu da rəqəm etibarı ilə 1600-dür. 2016-cı ilin hesabatında isə qeyd olunur ki, Azərbaycanda siqaretdən dnüyasını dəyişən qadınlar 8.51 faiz olub. Bu isə həftəlik olaraq 48 qadının siqaretdən dünyasını dəyişməsi deməkdir. Burada qeyd olunur ki, siqaret çəkməyə görə iqtisadi ziyan dəyəri isə 1387 milyon manatdır ki, bura da səhiyyə xərcləri ilə əlaqəli birbaşa xərclər və erkən ölüm və xəstələnmə səbəbindən itirilmiş məhsuldarlıqla bağlı dolayı xərclər, erkən ölümlə əlaqədar olaraq itirilən məhsuldarlıq dəyəri daxildir.
Siqaret çəkirsizsə, ürək xəstəliyi qaçılmazdır
Aparılan yeni bir araşdırma siqaret çəkənlərin və spirtli içki içənlərin ürək arteriyalarında 17 yaşından əvvəl sərtləşmə və sıxışma əlamətlərinin baş qaldırdığını müəyyən edib.
Avropa Ürək Jurnalında dərc edilən araşdırmaya görə, siqaret çəkənlər və spirtli içki içənlər nisbətən daha gənc yaşda ürək sağlığına zərər verməyə başlayırlar.
Bu da ürək və damar xəstəliklərinə, daha sonra isə ürək çatışmazlığına və iflic riskinə gətirib çıxarır. Eyni araşdırma ürəkdəki arteriyaların siqaret və spirtli içkini tərgidən gənclərdə normal vəziyyətə qayıtdığına işarə edir.
Britaniyadakı elm adamları, Bristol Universitetinin valideyn və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən ALSPAC araşdırma mərkəzinin 14 500 ailənin iştirak etdiyi araşdırmasından sonra bu nəticəyə gəliblər.
1266 gəncin 2004-2008-ci illərdə qeyd edilən məlumatlarını nəzərdən keçirən tədqiqatçılar 13,14 və 17 yaşlarındakı iştirakçıların siqaretdən və spirtli içkidən istifadə etməklərini və ürək damarlarının sağlamlığını araşdırıblar.
Burada iki əsas dəyişiklik irəli çıxıb:
Həyatları boyu çəkdikləri siqaret sayı;
Spirtli içkidən istifadə etməyə başladıqları yaş.
Araşdırma nəticələrinə əsasən, həyatı boyunca 100-dən artıq siqaret çəkənlər, ya da daha çox spirtli içki qəbul edənlərin ürəklərində, 20-dən az siqaret çəkənlərin və gündə 2 spirtli içki qəbul edənlərə nisbətdə daha çox damar sərtləşməsi əlamətlərinə rast gəlinib.
BBC-yə açıqlama verən Böyük Britaniya Ürək Fondunun (BHF) direktoru, professor Metin Avkiran dərnəyin maliyyə dəstəyi verdiyi bu araşdırmanın “cəsarət verən nəticələr” təqdim etdiyini söyləyib.
“Bu araşdırma ürək arteriyalarındakı problemlərin gənc yaşlarda belə özünü göstərə biləcəyini və bunun sonrakı illərdə çox ciddi problemlərə səbəb olacağını göstərir. Həqiqətən həyatınızı xilas edə biləcək bəzi dəyişiklikləri etmək üçün heç bir zaman gec deyildir” deyən Avkiran bunları əlavə edib:
“Siqareti tərgitmək ürəyinizi qorumaq üçün edə biləcəyiniz tək və ən yaxşı yoldur. Spirtli içki qəbul edirsinizsə, bunun təklif edilən miqdarı keçməməsinə diqqət etməlisiniz”.
Siqaret çəkirsizsə, koronavirus olmaq ehtimalınız böyükdür
Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. Bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.
Amerika alimləri siqaretə vərdiş əmələ gətirən maddəni aşkar ediblər. Britaniyanın “Deyli Teleqraf” qəzetinin yazdığına görə,11 siqaret markası üzərində aparılmış tədqiqatlar Amerika bazarında ən çox satılan bu tütün məmulatlarının siqaret çəkənlərin beyninə müxtəlif dərəcədə təsir göstərdiyini aydınlaşdırıb. Belə ki, “Marlboro” siqaretlərində bu maddənin miqdarı 9,6 faiz, “Uinston”da 6,2 faiz, “Kemel”də 2,7 faizdir.
“Marlboro” siqaretlərinin istehsalçısı olan “ Filip Morris” şirkətinin nümayəndəsi isə bu faktlara özünəməxsus tərzdə münasibət bildirərək deyib ki, “təhlükəsiz siqaret yoxdur və onların hamısı eyni dərəcədə vərdiş yaradır”.
Ölkədə elektron siqaret çəkənlərin sayı artır
Gənclər kimi aldadır - elektron siqaret fəsadı....
ÜST xəbərdarlıq edir ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.
Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.
Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.
Elektron siqaretlərdən gənclər daha çox tütünçəkmənin əvvəlində istifadə edirlər. Bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir. Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Halbuki çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edir. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər, sadəcə, marketinq siyasətidir.
Restoran və kafelərdə siqaret harada çəkiləcək?
Gənclər qəlyana meyl edir - 1 saat qəlyan çəkmək 40 siqaretə bərabərdir
“Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var”. Bunu isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisindən yayılan açıqlamada bildiriblər. Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir. Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Bu məsələ ilə mübarizənin yollarından biri heç şübhəsiz ki, tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar.
ÜST-dən verilən təkliflərdən biri də tütün məmulatlarının reklamlarını azaltmaqdır. Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar.
ÜST rəsmiləri hesab edirlər ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq. Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər. Ümumən Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir.
Bəs uşaqlar siqareti nə vaxtdan “sevir” - örnək valideynlərdir?
Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 %-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. Yeniyetmələrin 28,8 %-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər.
Ziqmund Freyd insanların vərdişlərini maraqlı izah edirdi. O deyirdi ki, oral tip xarakterli insanlarda vərdişlər daha çox olur. Ən çox da siqaret çəkmək. Bu gün bu vərdişlər azyaşlılar arasında sürətlə yayılır. Səbəb isə çox sadədir. Psixoloji mühitdə yaranan boşluq. Azyaşlı hər hansı bir formada özünün psixi enerjisini realizə etməlidir. Təəssüf ki, bu zaman onları doğru istiqamətə yönləndirmək olmur. Çünki valideyn və uşaq arasında çox dəhşətli uçurum var. Uşaqların bu tip addım atmalarına səbəb isə birbaşa valideynlərin özləridir.
Valideynlər bunu qəbul etməsə də, azyaşlı uşaqların yanında siqaret çəkərək ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Uşaqlarda bunu örnək alır və özünü kişi kimi sübut etməyə çalışır. Bu, eynən qızlarda da belədir.
Sevinc TELMANQIZI
Tarix: 24-12-2020, 08:44
Xəbəri paylaş



Xəbər lenti