“Sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə bağlı döyüş zonalarına yaxın olan rayonlarda təcili tibbi xidmət göstərilməsi məqsədi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi səfərbər olub. Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçisi növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak edib”.
Bunu Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib.
O qeyd edib ki, hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədi ilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib: “Təcili yardım işçiləri eyni zamanda arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar. Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib”.
İ. Əliyeva deyib ki, təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. BŞT və TTYS-nın “103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib: “Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda isə çağırışın icrası üçün daha çox zaman sərf olunur”.
İ. Əliyeva bir çox insanların təcili yardımın gecikməsindən şikayətinin səbəbini də açıqlayıb: “Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir. Belə ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur.
Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir”.
İ. Əliyeva bildirib ki, təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür: “Ölkə başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, “COVID-19-la mübarizədə əsas yük həkimlərin üzərinə düşür”. Tibb işçilərinə göstərilən etimad və etibarı doğrultmaq üçün bundan sonra da təcili yardımın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq”.
Tarix: 18-12-2020, 16:17