Azərbaycanda internetə giriş yenidən məhdudlaşdırılır? – RƏSMİ CAVAB


Azərbaycanda internetə giriş yenidən məhdudlaşdırılır? –     RƏSMİ CAVAB
Nazirlik: “Ölkədə internetin verilişində problemlərin olması ilə bağlı iddialar həqiqəti əks etdirmir”
 
Son bir neçə gündə internetin zəif olduğu, bəzi yerlərdə tamamilə kəsilməsi vətəndaşlar arasında narahatlıq yaradıb. Sosial şəbəkələrdə məlumatlar yayılıb ki, yenidən internetə məhdudiyyət tətbiq olunacaq. İnternetin zəif olması və ya bəzi ərazilər üzrə tamamilə kəsilməsi nə ilə bağlıdır?
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə internetin verilişində problemlərin olması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Telekommunikasiya xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən bütün zəruri işlər həyata keçirilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən xüsusi karantin müddətində müştərilərin artan telekommunikasiya xidmətlərinə olan tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin olunması istiqamətində mütəmadi olaraq işlər aparılır”.
 
“Eyni zamanda, “Aztelekom” MMC  telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidənqurulması işlərinə başlayıb və bunu davam etdirir. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber optik xətlər çəkilir. Layihə nəticəsində  regionlara ötürülən trafikin həcmi  dəfələrlə artırılıb. “Baktelecom” tərəfindən daşıyıcı şəbəkənin tutumu artırılıb. Qurumun mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik işləri davam etdirirlər”, - deyə nazirlik qeyd edib.
Tarix: 16-12-2020, 13:50
Xəbəri paylaş



Xəbər lenti