“Ola bilməz ki, hökumət qadağanların əvəzini verməsin, belə olmur” - Natiq Cəfərli




“Əziz və hörmətli qalstuklu müəllimlər (27 sentyabrdan sonra ilk dəfədir yenə bu müraciət formasına keçdim), 2020-ci iqtisadi və sosial anlamda çöküş ilidir, biznes can verir, vətəndaşın gəlirləri azalıb, alıcılıq qabiliyyəti düşüb, ÜDM 4%-dən çox azalıb, bəs siz nə fikirləşirsiz?! İnsanlar dözdü, hamı Qələbəyə kökləndi, hamı Qarabağ eşqi ilə bütün çətinliklərə göz yumdu, əsgərimiz və ordumuz möhtəşəm hərbi qələbə qazandı, bəs ölkə yaşamalı, hərbi qələbəni iqtisadi, sosial, siyasi üstünlüyə çevirməlidir axı!”
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
 
“Ola bilməz ki, hökumət qadağanların əvəzini verməsin, belə olmur, evdə uşağa TV-yə çox baxmağı qadağan edəndə də əvəzinə 1 şokolad verirsən - qadağalar ancaq belə işlək olur. İndi nə etsin millət?! Orta sinif yox olmaq üzrədir, halbuki istənilən ölkənin sabitliyini "zopa" yox, məhz orta sinif təmin edir, bu zümrə məhv olsa sabitliyi necə qoruyacağıq?! Kasıblardan heç danışmıram da - millət acdı-ac! Hər dəfə marketə gedəndə heç vaxt dilənçilik etmədiyi hər halında bəlli olan onlarla adam görürəm, dəfələrlə onlara kömək də etmişəm, amma çoxdu elə vətəndaşlar, nə olacaq onların halı?! Kiçik-orta sahibkarlardan danışmağa dəyməz, ən yaxşı halda onların 30%-i pandemiyadan "sağ", yəni ayaqda qalmaqla çıxa biləcək. İtirilmiş 70% isə yüzminlərlə iş yerinin də itməsi deməkdir! Hörmətli qalstuklular, nə fikirləşirsiz indi?! Xub, Neft Fondunda bir az pul var, ona arxayınsız? Fond rezindəndi ki, həm işğaldan azad edilən torpaqları bərpa etsin, həm pamdemiyanın fəsadlarını təmir etsin, həm də bir "durbadan" asılı olan büdcəni doldursun?! Qalstukunuzu bilmirəm, amma papağınızı çıxarıb qabağınıza qoyun, yaxşı-yaxşı fikirləşin, vəziyyət çox qəlizdi...” – N.Cəfərli bildirib.
Tarix: 8-12-2020, 22:44
Xəbəri paylaş



Xəbər lenti