İşçilər 300 nəfərin işdən çıxarıldığını deyir - “AzGranata” Təkzib Edir


İşçilər 300 nəfərin işdən çıxarıldığını deyir - “AzGranata” Təkzib Edir | FED.az

““AzGranata” şirkəti pandemiya vaxtı 300-ə yaxın merçendayzeri (əmtəə təmsilçisi) işdən çıxarır. Bizə deyirlər ki, ərizə yazıb işdən çıxaq. Yazmayanları səhər 9-dan axşam 6-ya kimi "Meyvəli bazarı" yaxınlığında yerləşən ofislərində oturdurlar. Halbuki bizim işimiz ofisdaxili iş deyil”.

FED.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya şirkətin işçisi Ayşən Ağazadə müraciət edib. Onun sözlərinə görə, ümumilikdə həm Bakı, həm də region üzrə 300-ə yaxın meyçendayzer işdən uzaqlaşdırılır: “Deyirlər ki, şirkət “Veyseloğlu MMC”yə satılıb. Dünən vəkil dedi ki, sadəcə dekabr ayı üçün 300 manat maaş verəcəklər. Halbuki 470 manat maaş alırıq. Çoxumuzun da krediti var. Mənim müqaviləm mayın 1-də bitir. Mayın 1-nə kimi hər gün boş-boşuna gəlib burda ofisdə oturmaq  olar? Bizə nəzarət etmək üçün bir mühafizəçi də qoyublar. Bizi Əmək Məcəlləsinin 70 C maddəsiylə hədələyirlər. Hələ noyabr ayının pulunu da almamışıq”.
Digər şikayətçi Əfsanə Zeynalova isə bildirir ki, şirkət işdən çıxarmaqla bağlı qərarı onlara 1 ay əvvəlcədən bildirməli idi: “Maaşımızın isə üçdə iki hissəsini verəcəklərini deyirlər. Bir çox yerə şikayət etmişik. Müqaviləyə qol çəkib "gedib evdə oturun" deyirlər. Biz bilirik ki, evdə otura-otura heç kimə pul vermirlər”.
Şirkətin Gəncədə yerləşən bölməsinin meyçendayzeri Günay Məmmədovanın sözlərinə görə, artıq müqaviləsinə xitam verilib: “Müqavilənin 77-ci maddəsində bildirilir ki, işçini işdən çıxarmadan 1 ay öncə məlumatlandırmaq lazımdır. Yoxsa müqavilə pozula bilməz. 3 ildir ki işləyirəm, 6 aydan bir müqaviləm təzələnib. Müqaviləni bizə də göstərmirlər və qol çəkmirik. Bizə noyabrın 30-da deyirlər ki, şirkət Veyseloğlu MMC-yə satılıb. "Təzminat ödəniləcəkmi?" məsələsini soruşanda isə "müqavilən bitib" deyirlər. Fəhlələr, anbarda işləyənlər, sürücülər, sürücü köməkçilərinin qarşılarına müqavilələri qoyulub və deyilib ki, bitdiyinə görə sizlə sağollaşırıq”.
Sözügedən şikayətlə bağlı "AzGranata" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşlidən münasibət öyrənilib. O məlumatı təkzib edərək bildirib ki, təmsil etdiyi şirkətdə heç bir ixtisar halı yoxdur: “1 nəfər də olsun işçi ixtisara düşməyib. Yayılan məlumatlar yanlışdır. Şirkətin “Veyseloğlu” MMC-yə satılması da doğru deyil. Hazırda İdarə Heyətinin sədri də eyni şəxsdir”.
Tarix: 4-12-2020, 12:48
Xəbəri paylaş



Xəbər lenti