“Kağız fincanlardan istifadə edə bilərsiniz, amma plastik çəngəlləri və qaşıqları nə ilə əvəz etmək olar?” Ölkəmizdə plastik tullantılarla mübarizə aparmağın vaxtının gəldiyi barədə bir ildən çoxdur danışılır. Bugünlərdə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclasında da müzakirə edildi. Gündəliyə “Ətraf mühitin qorunması haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə bağlı məsələlər daxil edildi (birinci oxunuş).
Layihə, dövlət başçısının 7 fevral 2019-cu il tarixdə təsdiqlədiyi 2019-2020-ci illər üçün Azərbaycanda plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasına dair Tədbirlər Planına uyğun olaraq hazırlanmışdı. Dəyişikliklərə görə, ticarət, iaşə və xidmət müəssisələrində alıcılara, qalınlığı 15 mikrona qədər olan plastik torbaların, eyni zamanda birdəfəlik plastik qabların idxalına, istehsalına, satışına və çatdırılmasına məhdudiyyətlər tətbiq edilməsi təklif olunur. Plastik torbalar üçün qanunun 1 yanvar 2021-ci ildən, birdəfəlik plastik məhsullar üçün isə 1 iyul 2021-ci ildən qüvvəyə minməsi təklif olunur.
İlk oxunuşda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Dəyişikliklərə əsasən, ticarət, iaşə və xidmət müəssisələrində alıcılara birdəfəlik qabların verilməsi, idxalı, sahibkarlar tərəfindən istehsalı, 15 mikrona qədər qalın plastik torbaların satışı və çatdırılması üçün inzibati məsuliyyət nəzərdə tutulur.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya dediyinə görə, bu qərar az da olsa, bu cür plastik torbaları xeyli miqdarda satın alan bəzi kiçik müəssisələrə ziyan vuracaq. Onun sözlərinə görə, idxalı qadağan etməklə yanaşı, belə bir məhsulu artıq almış müəssisələrə onu satmaq imkanı vermək lazımdır: “Çünki, onlar plsatik torbaları sata bilməsələr, ya atacaq, ya da yandırmaq məcburiyyətində qalacaqlar ki, o zaman ətraf mühitə daha çox ziyan dəyəcək”.
Ağayev hesab edir ki, bu cür plastik torbaların satışına qoyulan qadağa yüngül sənayenin, xüsusən də parça torbaların, zənbilərin istehsalının inkişafı üçün təkan olacaq: “Mağazalar üçün kağız torbalar, hörmə səbətlər istehsal etməyə də başlayacaqlar. Bu, yeni iş yerləri yaradacaq. Ölkədə bu məhsulların istehsalı üçün kifayət qədər material var və eyni kağızı beş dəfəyə qədər təkrar emal etmək olar. İndi mağazaya hər gediş alıcıya ortalama 2 ilə 5 plastik torba verilməsi ilə başa çatır. Bəzi mağazalarda demək olar ki, hər məhsulun ayrıca bir plastik torbaya qoyulduğunu görürük”.
“Bu, pulsuz verilmir. Onsuz da onun dəyərini alıcı ödəyir. Və sonra istehlakçı evdə yığılmış çox sayda paketlə nə etməlidir? Axırda zibil qutusuna atılır və praktik olaraq heç bir çəkisi olmadığından, oradan tez-tez ərazilərin hər yerinə səpələnir. Ətraf mühitə dəyən ziyana gəldikdə, ən nazik çantalar ən zərərli hesab edilir. Daha qalın olan plastik torbalardan daha sonra, məsələn, plastic boru istehsalı üçün istifadə edilə bilər. Nazik plastik torbaların təkrar emalı sərf etmir, zərəri xeyirdən daha çox olur”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, polietilen material torpaqda bir neçə yüz ilə çürüyür: “Polietilen çoxluğu problemini indi həll etməsək, gələcək nəsillərə acınacaqlı bir miras qoyacağıq. Bu, yalnız ekologiya deyil, həm də səhiyyə məsələsidir. Məni ən çox dağlıq və dağətəyi ərazilərdə çaylarımızın plastik tullantılarla çirklənməsi narahat edir. Şəhərlərdə təmizlik işləri aparılır, könüllülər vaxtaşırı dəniz sahilini plastik tullantılardan təmizləyir, amma qeyd etdiyim çaylar diqqət mərkəzindən kənarda qalır. Ümumiyyətlə, ölkənin plastik tullantılarla çirklənməsindən danışırıqsa, 5% ərazidən çox olmayacaq, amma bunun özü də, əslində olduqca böyük bir rəqəmdir. Həyəcan təbili vurmağın vaxtıdır”.
Birdəfəlik istifadə olunan plastik qabların satışının qadağan olunmasına gəlincə, Ağayev bunu dəstəkləyir, lakin əmindir ki, dərhal ondan imtina etmək mümkün olmayacaq: “Məsələ, onu nə ilə əvəz etməkdir, çünki qablaşdırma məhsuluna ehtiyac qalacaq. Kağız fincanlardan istifadə edə bilərsiniz, amma plastik çəngəlləri və qaşıqları nə ilə əvəz etmək olar? Təyyarələrdə birdəfəlik istifadə olunan plastik qabları necə dəyişmək olar? Zəruri olan yerlərdə istifadəsinə icazə verilməlidir, çünki hələ əvəzi tapılmayıb. Ancaq eyni zamanda bu cür qablardan istifadə edənlərin özlərinin utilizasiya üçün pul ödəmələri də vacibdir”.
Ekoloq Telman Zeynalov də hesab edir ki, bu gün plastik torbaların və birdəfəlik qabların istifadəsi qadağan edilməməlidir. Onun AYNA-ya şərhinə görə, onlara alternativ tapılmalıdır: “Amma hələlik polietilen qəbul nöqtələri yaratmaq lazımdır və onu istehsal edənlər onu təkrar emal etməlidirlər”.
“Rüzgar” İctimai Birliyinin sədri İslam Mustafayev isə digər ölkələrin təcrübəsinə nəzər salmağı təklif edir: “Qonşu ölkələr də daxil olmaqla, bir çox ölkələr polietilen istifadəsini azaltmağa çalışır. Bu məqsədlə mağazalar polietilen torbaları pulsuz vermir, pulla satır. Biz də eyni yolu tutmalıyıq. Hələlik plastik məhsulların satışını qadağan etmək mümkün deyil, bunun üçün əvvəlcə zəmin yaradılmalıdır”.
Tarix: 23-11-2020, 10:22