“Ermənistanın 2020-ci il üçün cəmi müdafiə xərcləri 1 milyard 385 milyon dollar, hərbi xərcləri isə 673 milyon dollar idi. Lakin işğalçı ölkənin parlamenti oktyabrın 6-da hərbi məqsədli xərclərə əlavə 82 milyon dollar ayırıb. Beləliklə hərbi büdcə cəmi 755 milyon dollara çatdırılıb”.
Pravda.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
İqtisadçı hərbi xərclərin yalnız müharibə şəraiti üçün deyil, ümumilikdə ordunun saxlanması, əməkhaqlarının ödənilməsi, texnikanın, yanacağın alınması, təlimlərin və səfərlərin maliyyələşdirilməsi kimi istiqamətləri əhatə etdiyinə diqqət çəkib: “Müharibə 3-cü rübün sonunda başlayıb. Bu o deməkdir ki, Ermənistanın hərbi büdcəsini 3/4 hissəsi, yaxud 504 milyon dolları artıq xərclənib. Yəni, ayrılan vəsaitlə birlikdə Ermənistanın müharibə büdcəsi cəmi 250 milyon dollar olub. Müqayisə üçün bildirim ki, bir JEK müdürümüzün dar gün üçün kartında saxladığı pul qədər”.
Rəşad Həsənovun sözlərinə görə, işğalçı ölkənin Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını bir günlük izləmə xərcləri (Ermənistanın müharibə xərcləri) 30 milyon dollardır: “Başqa sözlə, bu günədək artıq 1 milyard 100 milyon dollar xərcləyiblər. Üstəlik Ordumuz onların 2.7 milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Bu da cəmi 3.8 milyard dollar edir. Xatırladım ki, 2020-ci ildə Ermənistanın cəmi Ümümi Daxili Məhsulu (ÜDM) 12.5 milyard dollar həcmində proqnozlaşdırılır. Yəni, Ermənistanın müharibə itkiləri ÜDM-in 30 faizini keçib.
Müharibənin 3 ay bu templə davam etməsi Ermənistanın nəinki cəbhədə məğlubiyyəti, həmçinin iqtisadi subyekt kimi yox olması, növbəti 5 ildə ölkədə aclıq və yoxsulluğun tüğyan etməsi, dövlət borcunun ÜDM-ə nisbətinin 300 faizə çatması ilə nəticələnəcək”.
Tarix: 4-11-2020, 20:23