Qərb mediasında “erməni istehkamları” - onları necə yaraq?

Özünə balanslı media deyən Qərbin bir çox nüfuzlu KİV-ləri Bərdədəki terroru görmür, Xankəndində “çöp” axtarır...

Qərb mediası, açığı desək, əksəriyyəti kürəyimizə xəncər saplamaqla məşğuldur. Müharibə başlayan gündən sakitləşməyən, fikri dəyişməyən dünya mediasının bəziləri istisna, bir çoxu üzərimizə gəlir.
“Yeni Müsavat” bildirir ki, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələrin nüfuzlu nəşrləri nadir istisnalarla Azərbaycanı işğalçı, təcavüzkar yerinə qoyurlar. Bizim lehimizə həqiqətləri işıqlandıran Qərb KİV-ləri isə təzyiqlə üzləşirlər.
Məsələn, bu yaxınlarda Fransa televiziyalarından birinin hazırladığı reportaj yayımdan silinmişdi. Görünür, erməni lobbisi təsir edib. Digər beynəlxalq KİV-lər də ədalətli yanaşa bilmirlər. Gəncə, Bərdə terror olunur, xeyli sayda insan ölür, aralarında uşaqlar var, amma Xankəndində hansısa guya uçan tikilinin, Şuşada bir kərpici yerə düşən kilsənin dərdini çəkirlər.
Qərb mediası niyə bu qədər qərəzli yanaşır Azərbaycana? Məsələn, “Asosşaytet Press” Qarabağ müharibəsilə bağlı xəbər yayır. İlk xəbərdə bildirir ki, Azərbaycan tərəfi Xankəndində doğum evini bombalayıb. İkinci xəbər budur ki, Azərbaycan tərəfin iddiasına görə, Bərdəyə raket atılıb. Birinci feyk xəbərdir, sübut da olundu. İkinci isə əsas xəbərdir, çünki gerçəkdir. Bunu “Asosşaytet Press” kimi nüfuzlu və təcrübəli media nədən görməzdən gəlir?
Qərbin media nəhənglərini yanımıza çəkmək, inandırmaq üçün nələr etməli olduğunu düşünmək lazımdır. Təsəvvür edin ki, “Finansial Times” ermənilərin işğalla üzləşdiyini qeyd edir. Habelə özünə balanslı media deyən BBC-dən tutmuş “Reuters” agentliyinə kimi imtahandan keçə bilmədilər, propaqanda aləti oldular.
Halbuki prezident İlham Əliyev, demək olar, hər gün dünyanın ən tanınmış telekanallarına müsahibələr verir, reallıqları izah edir, faktları göstərir, diplomatik korpus nümayəndələri Gəncədə və Bərdədə terror baş verən yerlərə aparılır, yenə də Qərb jurnalistikasının gözləri açılmır.
Avropada yaşayan jurnalist Rövşən Əliyevin sözlərinə görə, klassik media çürüməkdədir və bunu iyləndirən katalizatorlar var -  Daşnaktsutyun və erməni diasporu. “Neçə ki, jurnalistlər bunu açıq demirlər, neçə ki, yalançı balans dalınca qaçırlar, neçə ki, Gəncəyə raket düşəndə onun dalına Xankəndindən bir köhnə mərmi bağlamağa çalışırlar - klassik media iylənəcək. Daşnaktsutyun və erməni diasporasının düşüncələr toplusu nasizmdən daha dərin və daha sürəkli bir xəstəlikdir. Bu xəstəliyin bir forması da Tseğakron ideologiyasıdır. Nasizm 10-15 il meydan suladı, bunlar bir əsrdən çoxdur erməni xalqını zombiləşdirir, qonşuların canına salışdırır”, - deyə R.Əliyev qeyd edib.
Zeynal Məmmədli: “Zaman keçər və bu xanımlar özəl əxlaqla..." - Unikal.org
Zeynal Məmmədli
Azadlıq radiosunun Bakı üzrə koordinatoru, peşəkar media eksperti Zeynal Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb mediasının Qarabağ müharibəsinə yanaşmasında səbəblər var. Onun fikrincə, adıçəkilən məşhur KİV-lərin əksəriyyəti özəldir, hər hansı sahibkarlar tərəfindən maliyyələşir: “Birincisi, özümüzə baxmalıyıq, bizdə media azadlığı necədir, peşəkarlıq hansı səviyyədədir, xarici həmkarlarla nə kimi əlaqələrimiz var. Burada jurnalistlər arasında münasibətlərin olması böyük rol oynayır. Həmin əlaqələr xarici jurnalistlərin verdiyi xəbərə təsir göstərir. Biz hansı media qurumu ilə sıx əlaqə saxlayırıq, informasiya mübadiləsi aparırıq, materialların verilməsində qarşılıqlı əməkdaşlıq edirik? Bu cür əlaqələri artırmaqla bizim tərəfdən yazmağa yox, həqiqətlərin yazılmasına nail ola bilərik”.
Z.Məmmədlinin sözlərinə görə, Qərb mediası deyəndə müxtəlif maraqlar göz önünə sərilməlidir: “Onların çoxu özəl media qurumlarıdır və sahibkarların əlindədir. Bu KİV-lərin reklam gəlirləri, siyasi yönləri var. Odur ki, faydalı iş görməyimiz lazımdır. Amerikadakı nüfuzlu jurnalistləri Azərbaycana dəvət etmək lazım idi ki, gəl, gördüyünü yaz. Ümumiyyətlə, həmsədr ölkələrdə xeyli erməni yaşayır, onların arasında milyarderlər var, illərlə formalaşıblar, qüvvəyə çevriliblər, əllərində mediaya təsir imkanları mövcuddur. Lakin birdən biz başlayırıq və yalnız yadımıza düşəndən-düşənə media barədə işlərlə məşğul oluruq. Şaumyan deyirdi ki, erməni millətçiliyi əvvəlcədən təşkilatlanmış, dəqiq iş planı olan millətçilikdir, Azərbaycan millətçiliyi isə zaman-zaman spontan çıxa, körüklənə bilər. O səbəbdən indi iki daşın arasında biz vicdanlı jurnalistlərə ümid etməli oluruq. Amma nə dərəcədə vicdanlı ola bilirlər? Bu işi ümidə saxlamaq olmaz”.
Media eksperti hesab edir ki, Ermənistan tərəfi əvvəlcədən xeyli əcnəbi jurnalisti ölkəsinə çağırmışdı: “Peqovdan digərlərinə qədər özlərinin xeyrinə yazan jurnalistlər var idi. Bizdə bu olmadı. Məsələn, ”Azadlq" radiosunun işi hələ ki qeyri-müəyyən qalıb. Mətbuat azadlığı ilə bağlı ölkələrin imicində uduzuruq. Ona görə Xankəndində olan jurnalist yalan yazır. Heç orada adam qalmayıb, nəinki doğum evində uşaq dünyaya gəlsin. Amma litvalı jurnalist həmin xəbəri təkzib elədi. Odur ki, biz məsələyə təbliğat yox, gerçəkliyi demək nöqteyi-nəzərdən yanaşmalıyıq".
Emil SALAMOĞLU
Tarix: 31-10-2020, 10:27
Xəbəri paylaş



Xəbər lenti