Vandalların məhv etdiyi təbiətimizi necə dirildək – TƏKLİFLƏR


Vandalların məhv etdiyi təbiətimizi necə dirildək –         TƏKLİFLƏR
İşğal olunmuş Azərbaycan torpaqlarındakı floranı bərpa etmək üçün xüsusi proqrama ehtiyac olacaq
 
Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ölkəmizin işğal olunmuş yeddi bölgəsinə ciddi ekoloji ziyan dəydi. Xüsusilə, bu bölgələrin florası daha çox ziyan gördü. Bu mövzu “Beynəlxalq Bitki Sağlamlığı İli” ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunan “Bitkilərin sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən qaldırıldı. O, yalnız işğal altındakı ərazilərdə 460-dan çox yabanı və kol bitkilərinin növlərinin böyüdüyünü, bunlardan 70-nin endemik bitkilər olduğunu qeyd etdi. İndi “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanması davam edir və işğaldan azad edilmiş ərazilərdəki bitkilərin öyrənilməsi də daxil olmaqla bir çox tədqiqat işi aparılacaq.
 
43 min hektar ərazisi olan xüsusi qorunan təbiət ərazilərində - “Bəsitçay” və “Qaragöl” dövlət təbiət qoruqlarında, eləcə də Laçın, Qubadlı və Daşaltı dövlət təbiət qoruqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü mövcuddur. Babayev bildirib ki, onlar artıq işğal illərində ermənilər tərəfindən məhv edilib.
 
Ekoloq Telman Zeynalovun AYNA-ya dediyinə görə, Ermənistanın işğalı altındakı bütün Azərbaycan torpaqları azad edildikdən sonra, o bölgələrin biomüxtəlifliyini bərpa etmək üçün bir proqram qəbul etmək lazım gələcək: “Otuz illik işğal müddətində floranın bir çox növləri yoxa çıxıb, digərləri isə məhv olmaq ərəfəsindədir. Dəyərli ağac növləri amansızlıqla kəsilib mebel düzəltmək üçün istifadə olunurdu. Hər şeyi bərpa etmək üçün uzun zaman və çoxlu maliyyə lazımdır”.
 
Ekoloq deyib ki, vəziyyəti nəzarətdə saxlayacaq bu işə ekoloji QHT-ləri və ictimaiyyəti cəlb etmək lazımdır: “Ümid edirəm ki, Qarabağdakı və ətrafındakı işğal olunmuş bölgələrdə ekoloji terrora səbəb olanlar bunun üçün məsuliyyət daşıyacaqlar. Baş verənlərdə günahkar olanlar növlərin bərpasına lazım olan xərcləri ödəməlidirlər. Ümumiyyətlə, düşünürəm ki, konkret olaraq təbiətə qarşı cinayətlərlə məşğul olacaq beynəlxalq ekoloji məhkəmənin yaradılması məsələsini qaldırmaq lazımdır”.
 
“Rüzgar” ekoloji təşkilatının rəhbəri İslam Mustafayev, işğaldan azad edilmiş ərazilərdəki floranın vəziyyətini qiymətləndirmək üçün bir ekspedisiya təşkil etmək lazım olduğunu düşünür. Onun AYNA-ya izahına görə, hərbi əməliyyatlar və onların doğurduğu relyef dəyişiklikləri nəticəsində flora ciddi şəkildə zərər görə bilər: “Bir çox meşələr işğalçılar tərəfindən illərlə qırılırdı. Vəziyyəti qiymətləndirdikdən sonra işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası üçün bir proqram hazırlamaq lazımdır. Tətbiq ediləcək uyğun metodlar var. Bu, çətin, bahalı və uzun bir prosesir, lakin dövlət və qeyri-hökumət strukturlarının, yerli əhalinin səyləri ilə bu işi görməli olacağıq. Bərpa prosesi on illərlə çəkəcək”.
 
O, hesab edir ki, Ermənistan tərəfindən törədilən ekoloji terror faktlarını təqdim edərək, beynəlxalq ekoloji təşkilatlara müraciət etmək lazımdır: “Bu təşkilatlar konsultasiya və digər növ yardımlar göstərə bilər”.
 
Xüsusi mühafizə olunan ərazilərin qorunması və növlərin bərpası üzrə IUCN beynəlxalq komissiyasının üzvü, “Həyəcan” İctimai Birliyinin rəhbəri Əliheydar Məmmədov AYNA-ya bildirib ki, işğal altında olan ərazilərdəki nəhəng fıstıq və palıd meşələrindən praktik olaraq heç bir şey qalmayıb: “Onlar faktiki olaraq sıfırdan yenidən qurulmalı olacaq. Bunu etmək mümkündür, ancaq çox səy tələb edəcək. Kollar sürətlə böyüyür, amma bir meşənin böyüməsi on illərlə zəhmət və vaxt tələb edəcək”.
 
“Heyvanları Qoruma” İctimai Birliyinin rəhbəri Azər Qarayev də qeyd edib ki, işğalçılar ərazilərimizi vandalca istismar ediblər: “Ermənistanda yalnız 11% meşə sahəsi var və eyni zamanda, hər il oradan 50 min kubmetrdən çox qiymətli ağac ixrac olunurdu. Sizcə ixracat hara gedirdi? Tanzaniyaya. Əlbəttə ki, bu, Qarabağ və ətrafında işğal olunmuş bölgələrimizdəki qanunsuz kəsilmiş ağac satışının leqallaşdırılmasından başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, ermənilər ixrac etməklə yanaşı, ağaclarımızı öz ehtiyacları üçün də kəsirdilər. Nəticədə, işğal olunmuş zonalardakı bir çox meşələr amansızlıqla məhv edildi”.
 
Qarayev əmindir ki, meşələrin işğaldan əvvəl və sonrakı vəziyyətini müqayisə edənlər alınan məlumatlardan dəhşətə gələcəklər: “Bütün bu faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, beynəlxalq məhkəmələrə müraciət etmək və dəymiş ziyanın ödənilməsini tələb etmək lazımdır. Ancaq, sadəcə pul təbiəti bərpa edə bilməz, onu tək qoymalı, özünə gəlməsinə imkan verməliyik ki, təbiət tədricən özü-özünü bərpa etsin”.
Tarix: 24-10-2020, 08:03
Xəbəri paylaş



Xəbər lenti