Əsas mənbə, yayan ifşa olunmalıdır





Onlayn narkotika satışı ilə mübarizə aparmaq çətindir


“İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb. Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.

O ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunun təbliği ilə məşğul olduğunu etiraf edib. Həmçinin təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Əfsuslar olsun ki, bu nə ilkdir, nə də son. Dövrün müasirləşməsi, internet resurslarının inkişafı nəticəsində narkotik maddələrin təbliği və satışı ilə məşğul olan şəxslər işlərini virtual aləmə daşıyıb. Onlar sosial şəbəkə platformalarında gəncləri zəhərləyərək narkotik vasitələrin satışı ilə məşğul olurlar.
Vətən müharibəsinin davam etdiyi indiki zamanda belə xəbərlər eşitmək üzücüdür. 

Məlum olayı “Sherg.az”a dəyərləndirən keçmiş polis rəisi Mahmud Hacıyev söyləyib ki, cəmiyyət varsa, cinayət də olur. Bunların tamamilə kökünü kəsmək absurddur:

“Narkotik satanlar və qəbul edənlər həyatın bədbəxt bəndələridir. Ona görə "biz Vətən uğrunda döyüşürük, amma bunlar cinayət törədir" demək düzgün deyil.  İnsan varsa, cinayət də var. İnsanların əqidəsi, amalı eyni səviyyədə olmur.

Cinayət törədənlərə qarşı da mübarizə aparılır. Hüquq-mühafizə orqanları cinayətlərin qarşısının alınması yolunda  kifayət qədər işlər görür.

Nəticədə bu kimi hallarda azalma müşahidə olunur. Amma hüquq mühafizə orqanları işlədiyi kimi cinayətkarlar da boş dayanmır. Texnologiya inkişaf edib. Cinayətkarlar da texnologiyanın inkişafından istifadə edir. Onların da müəyyən mənada beyinləri işləyir”.

M.Hacıyev həmçinin  narkotik vasitələrin onlayn şəkildə satışının ilk dəfə Rusiyada başladığını, sonra ətraf ölkələrə yayıldığını bildirib:

“Onlayn satış isə hüquq-mühafizə orqanlarına, polisin əməliyyatına, onun  qarşısının tez alınmasına çətinlik törədir. Buna baxmayaraq belə hallara qarşı kəskin  mübarizə gedir. Onu da deyim ki, sosial şəbəkə platformalarında narkotik qəbul edən şəxsi tapmaq olur. Amma narkotikə qarşı mübarizədə əsas qəbul edəni deyil, onu yayanı və satanı tutmaq əsasdır.

Onlayn narkotik satışı zaman alan adam satıcını tanımır. Ona görə də satışı ilə məşğul olan şəxsi tapmaq bir az çətindir. Çünki alıcı onlayn platformada əlaqə saxlayır, satan şəxs ona malın yerini göstərir və pulu ödəməsi üçün bank hesabı açır.

Bu səbəbdən də əsas mənbəyini tapmaq çətindir. Amma əvvəllər əməliyyat nəticəsində, həm alıcını, həm də satıcını tez bir zamanda tutmaq olurdu. Təkrar qeyd edirəm, hüquq-mühafizə orqanlarının da kifayət qədər texnologiyadan anlayışı var.

Onlayn sistemdə satışla məşğul olan şəxsləri də ifşa edirlər. Dediyim kimi cinayət olur və yüksək səviyyədə mübarizə aparılır, sayları azaldılır.

Siz kütləvi informasiya vasitələri də zaman-zaman xəbər verirsiz ki, narkotik satışı ilə məşğul olan şəxslər polis tərəfindən saxlanıldı.” 
Tarix: 21-10-2020, 13:45
Xəbəri paylaş



Xəbər lenti