Tanınmış jurnalist Tural Museyibov və ailə üzvləri özlərinin xəbəri olmadan yaşadıqları ünvandan qeydiyyatdan çıxarılıb və şəxsiyyət vəsiqələri ləğv olunub.“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon məhkəməsinin hakimi (hazırda Apellyasiya məhkəməsinin hakimi) Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə 2019-cu il aprel ayının 25-i çıxarılan qətnamə ilə reallaşdırılıb.
İddiaçı Əliyev Şahin İsrayıl oğlu Yasamal rayonu 2-ci Alatava qəsəbəsi ev 97 V ünvanında aldığı 1 otaqlı evdə çox sayda pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması barədə şikayət edib.
Hakim də bu alqı-satqının “operativ” reallaşmasına dəstək olaraq cavabdehlərin xəbəri olmadan eyni ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edib. Qətnamənin icrası Yasamal rayon Pasport Qeydiyyatı Şöbəsinə göndərib. Nəticədə baş verənlərdən bixəbər vətəndaşların Şəxsiyyət vəsiqələri qüvvədən salınıb.
Bir neçə ay sonra Tural Müseyibov və ailə üzvləri Şəxsiyyət vəsiqəsindən istifadə etmək istəyərkən belə bir hadisənin baş verməsindən xəbərdar olublar.
Tural Müseyibov bildirib ki, qeydiyyatda olduqları ev 300 kv artıq rəsmi çıxarışlı ata evidir:
“Məhkəməyə şikayət edən şəxsin evi isə 1 otaqlıdır və o tamam başqa ərazidədir. Hətta 56 saylı MKİS dən Yasamal məhkəməsinə rəsmi sənəd verilib ki, şikayətçi ilə eyni ünvanda adları çıxan şəxslər ayrı-ayrı mülklərin sahibləridir. Sadəcə Sovet dövründən bu günə qədər ünvan eyni qalıb. Amma hakim cavabdehləri məhkəməyə dəvət etmədən ev alqı-satqısının sürətlənməsinə rəvac vermək üçün bütün mülkiyyətçilərin hüquqlarını pozub. Və bu qanunsuz əməl bizə həm mənəvi, həm də maddi ziyan vurub. Təsəvvür edin ki, təcili bir sənədləşdirmə üçün ASAN xidmətə gedirsən və məlum olur ki, ailə üzvlərimizin heç birinin şəxsiyyət vəsiqəsi yoxdur. Sən demə, aylar əvvəl bizi qeydiyyatdan çıxarırlar, şəxsiyyət vəsiqələrimizi ləğv edirlər, amma sənin bundan xəbərin olmur. Vətəndaşa bu qədər hörmətsizlik, qanunlara bu qədər sayğısızlıq olarmı? Mənim bir qardaşım hərbçidi, müharibə başlayandan Bakıya gələ bilmir, amma şəxsiyyət vəsiqəsi vacib lazımdı. Bu, məsuliyyətsiz, haramxor adamların hesabına çətinliklər problemlə üzləşib”.
Tural Museyibov bildirib ki, hüquqlarının kobudcasına pozulmasına və məcbur olaraq yenidən şəxsiyyət vəsiqələrini bərpası üçün həyata keçirməli olduqları, amma reallaşdıra bilmədikləri işlərə, yersiz qarşılaşdıqları maliyyə itkilərinə görə qanunsuzluq edən vəzifəli şəxslər barədə aidiyyəti qurumlara müraciət edib: “Mən həmin hakimin və prosesdə iştirakçı olan digər vəzifəli şəxslərin qanun qarşısında cavab vermələri üçün şəxsən cənab Preziden İlham Əliyevə və hüquq-mühafizə orqanlarına, Məhkəmə Hüquq Şurasına müraciət etdim. Hakim hamının iştirakı ilə məhkəmə keçirsəydi, görəcəkdi, hər kəsin ayrı-ayrı “kupçalı” evi var. O zaman Dövlət Reyestr Xidmətinə məktub verəcəkdi ki, ünvanları dəyişin, camaat əziyyət çəkməsin. Amma hakim bunu etməyib, pul aldığına görə, müştəri haqqında tez-bazar qətnamə qəbul etməklə onun könlünü xoş edib, başqa sakinləri isə şəxsiyyət vəsiqəsiz qoyub”.
Tarix: 14-10-2020, 15:19