“Acgöz məmurlar Bakıda hər yeri dəyər-dəyməzinə satdıqlarından, bu gün parklama üçün ərazi yoxdur” Bir müddət öncə İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində dəyişiklik edilib. Belə ki, dəyişikliyə əsasən, paytaxtda dayanma və ya durma qaydalarının qorunmasına həm Daxili İşlər Nazirliyi (yenidən), həm də Bakı Nəqliyyat Agentliyi (BNA) nəzarət edir. Yəni dayanma-durma qaydasını pozan sürücüləri həm iki qurum cərimələyə bilər.
Maraqlıdır, İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişiklik – Daxili İşlər Nazirliyinə (DİN) təkrar səlahiyyət verilməsi hansı nəticələr doğurub? Bu müddətdə nəyə nail olunub? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin dediyinə görə, Agentliyi əvvəlki qaydada sürücülərin dayanma-durma və parklama qaydalarına riayət olunması ilə bağlı səlahiyyətlərini icra edir: “Bu çərçivədə qanunsuz parklanmalara qarşı tədbirlər görülür”.
Nəqliyyat məsələləri üzrə ekspert Arzu Kürsüm Babazadə bildirib ki, bu qərar sürücülərin xeyrinə olmadı: “Bu qərar parklama problemini həll etmədi. Əksinə, problem necə var idi, elə də qalıb. O vaxt qərar sürücülərin xeyrinə olardı ki, parklama yerlərinin sayı çoxaldılardı. Tarif Şurası parklamaların yeri ilə bağlı sürücülərin ciblərinə uyğun qiymətlər təklif edəydi”.
“İndiki zamanda vətəndaşın xeyrinə heç nə görmürəm. Bu vəziyyət qurumların xeyrinədir. Çünki ancaq vətəndaşı cərimələyirlər. Bir sözlə, olan vətəndaşa olur. Çünki hər yerdə “dayanma-durma qadağandır” işarəsi qoyulub, amma parklama yerləri yoxdur. Vətəndaş da məcbur qadağan olunan ərazilərdə avtomobilini saxlamalı olur və nəticədə cərimələnir”, - həmsöhbətimiz vurğulayıb.
“Hər kəs tıxacların azalmasını istəyir. Amma qərarları verən zaman vətəndaşları da düşünmək lazımdır. Yoxsa bilə-bilə ki, parklama yeri qıtlığı var, hesablama aparmadan harda gəldisə, “dayanma-durma qadağandır” nişanı qoymaq olmaz”, - Babazadə əlavə edib.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı da qeyd edib ki, parklama ilə bağlı problem bitib-tükənən deyil: “Birinci səbəb odur ki, Bakı şəhərində parklama üçün əlavə yerlər ayrılmalıdır. Amma bunun üçün yerlər yoxdur. Sürücülərin bəziləri məsuliyyətsizdir. Belə ki, parklama yeri 100 metr irəlidə olduğu halda, istədiyi yerdə, hətta, ikinci cərgədə avtomobilini saxlayıb gedir”.
“Bəzi acgöz məmurlar Bakıda hər yeri dəyər-dəyməzinə satdıqlarından, bu gün parklama tikməyə ərazi yoxdur. İstər cəriməni Bakı Nəqliyyat Agentliyinin əməkdaşları yazsın, istər DYP-nin əməkdaşları yazsın, nəticə olmayacaq. Hətta, başqa qurumları da cərimə etmək üçün cəlb etsinlər... Problem kökündən həll olunmursa, nə mənası var”, - Muradlı söyləyib.
Onun fikrincə, bu qərarın bir müsbət tərəfi var: “Bu da ondan ibarətdir ki, polisin zəhmindən qorxan və məsuliyyət hiss edən vətəndaşların bəziləri qanuna tabe olur. Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına tabe olmayan bəzi sürücülər polisdən çəkinir və qadağan olunan ərazidə avtomobillərini saxlamırlar. Bir sözlə, parklamanın təşkili məsələsi kökündən dəyişməlidir. Cərimənin kim tərəfindən yazılmasının isə heç bir fərqi yoxdur. Onsuz da problem həllini tapan deyil”.
Tarix: 9-10-2020, 07:12