VPN texnologiyasından istifadə edərkən mobil trafik tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi, həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ötən gündən başlayaraq internetə və bəzi sosial media resurslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı danışarkən qeyd edib.
Osman Gündüzün sözlərinə görə, vacib olmadığı halda VPN yükləmək tövsiyə olunmur.
Məsələ ilə bağlı fikir bildirən İKT üzrə ekspert Fərid Zeynalov qeyd edib ki, adi halda hansısa sayta və ya serverə müraciət edəndə internet provayderi üzərindən keçməli oluruq, indiki vəziyyətdə isə şəbəkəyə limit tətbiq olunduğu üçün internet provayderi üzərindən keçmək mümkün deyil.
Fərid Zeynalov vurğulayıb ki, istifadəçilər VPN proqramını yüklədikdə internet vasitəsilə tanımadıqları serverə qoşulurlar:
“VPN sizin və müraciət etdiyiniz saytın arasında vasitəçi rolunu oynayır. Trafikiniz həmin VPN serverindən keçir. Beləliklə, fərdi informasiyanı tanımadığınız, bilmədiyiniz VPN serverinin üzərindən ötürürsünüz. Proqramda ölkə seçimi də rol oynaya bilər. Anlamalıyıq ki, rəqəmsal dünyada məxfilik prinsipi yoxdur, serverlərin məhz hansı ölkəyə məxsus olması naməlumdur. Risklər hər zaman mövcuddur”.
Qeyd edək ki, düşmənin sosial şəbəkə hesablarından informasiya təxribatının qarşısını almaq üçün Azərbaycanda internet məhdudiyyəti tətbiq olunub. Sosial şəbəkəyə girmək istəyən vətəndaşlar isə VPN proqramından istifadə etməyə başlayıb.Axar.az
Tarix: 1-10-2020, 21:31