Yerə-göyə sığmayan ədalətsizlik - Ali Məhkəmə bu qondarma cinayət işinə ədalətsiz hökmə nə deyəcək?



 
“İndiki halda qeyd edilənlərə əsasən onu demək olar ki, bu cinayət işinin istintaqda və məhkəmədə obyektiv və hərtərəfli aparılması şübhə doğurur. Belə ki, İslam Kərimova qarşı cinayət işi sadəcə Xəqani Qədirovun şikayət ərizəsi əsasında başlana bilməzdi. Cinayət işi şikayətdə göstərilənlər üzrə hərtərəfli araşdırmalar üzrə ciddi əsaslar yarandıqdan sonra qaldırıla bilərdi”. 
 
Bu sözləri tanınmış hüquqşünas, Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilən İslam Kərimov haqqında verilən qərarı dəyərləndirərkən deyib.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2020-ci il tarixli qərarı ilə onun barəsində təyin olunmuş cəza müddəti daha 1 il artırılaraq 7 ilə çatdırılıb. Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edərək onun qarşı tərəfə 2.5 milyon dollar ödəməsinə dair qərar çıxarıb. Bu qərardan kassasiya şikayəti verilib”.
İslam Kərimovun oğlu Cavidan Kərimov mətbuata açıqlamasında bildirirb ki, atası məhkəmələrin ədalətsiz hökmü ilə təqsiri olmadan həbsdə saxlanılır. Onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirib borc bataqlığına salıblar, üstəlik həbsə ataraq milyonlarla dollar tələb edirlər.
Cinyaət işinin mahiyyətinə gəldikdə C. Kərimovun təqdim etdiyi sənədlərdən görünür ki, atası İslam Kərimov Xəqani Qədirov adlı iş adamının şikayəti əsasında həbs edilib.  Bundan bir müddət əvvəl X. Qədirov İslam Kərimovu Əfqanistanda kiçik həcmli neftayırma zavodu tikməyə həvəsləndirib və qısa müddət ərzində milyonlar qazanacağına söz verib. Bildirib ki, zavodlar qurularsa, neftin hər tonundan 450 dollar qazana bilərlər. İslam Kərimov isə ona hər ay 3-4 min dollar əmək haqqı təklif edib.
Xəqani Qədirov bununla razılaşıb, eyni zamanda təklif edib ki, zavodların tikintisi üçün Azərbaycandan işçi qüvvəsi aparılsın. Bunun üçünsə o, formal da olsa zavodun səhmdarlarından biri olmalıdır.
Zavod fəaliyyətə başlayandan sonrakı 1 il ərzində biznesə qoyulmuş xərclər çıxsa, gəlirin 25 %-i ona qalmalıdır. Beləliklə, tikiləcək zavodun səhmlərinin 50 %-i Əfqanıstan vətəndaşının, 50 %-i isə İslam Kərimovun olub. İslam Kərimov öz payının 25 %-ini Xəqani Qədirova yuxarıda qeyd olunan şərtlər əsasında hədiyyə kimi verib.

Amma Xəqani Qədirovun vədləri özünü doğrultmayıb. Əfqanıstanda  qurulan zavodun tikintisində ötən əsrin ortalarında istehsal olunan köhnə avadanlıqlardan istifadə olunub. Nəticədə istehal olunan məhsul yerli bazarda satılmayıb. Zavod Əfqanıstan vətəndaşlarına sürətlə borclanıb.
2016-cı ilin oktyabr ayında məcbur olub istehsalı dayandırıblar. Bundan sonra X. Qədirov bildirib ki, Əfqanistanda faizlə götürülmüş borclar tələb edilir, vəziyyətdən çıxmaq üçün addımlar atmaq lazımdır.
Onun təklifi ilə eyni mənbələrdən təkrar faizlə borc götürülərək zavodu yenidən işə salıblar. Bu zaman artıq müəssisənin borcları 3 milyon manata çatıb. Bir müddət sonra X. Qədirov yenidən İslam Kərimovla əlaqə saxlayaraq işlərin qaydasında olmadığını, borcların günü-gündən artdığını bildirib. O, zavoddakı səhmləri sataraq vəziyyətdən çıxmağı təklif edib. Bu zaman Xəqani Qədirov ölkədən çıxışına məhdudiyyət olduğunu bildirib, İslam Kərimov Xəqani Qədirova təklif edib ki, bacısı oğlu Orxan Quliyevin adına etibarnamə versin, onun vasitəsi ilə problemi yoluna qoyacaq.

O, zavoddakı payını iş adamı Hüseynov Tofiq Əli oğluna təklif edib. Razılaşmaya görə, səhmlərin qarşılığında T. Hüseynov 5 milyon dollar ödəməyi öhdəsinə götürüb. İslam Kərimov ifadəsində göstərib ki, Tofiq Hüseynov səhmlərin qarşılığında verməli olduğu vəsaiti ödəməkdən imtina edib.
O, məhkəmədə bildirib ki, həmin vəsaiti Moskvada çeçen əsilli Timur adlı şəxsə verib. İddia edib ki, həmin şəxs İslam Kərimovun ona borclu olduğunu və bu vəsaitin ona çatmalı olduğunu deyib. Birinci instansiya məhkəməsində məlum olub ki, T. Hüseynov bu kimi dələduzluq əməlləri ilə məşğul olduğuna görə həbsdə yatıb və bu faktı hakimlərdən gizlədib.
Bundan sonra Xəqani Qədirov İslam Kərimov, Orxan Quliyev və Tofiq Hüseynov barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı İdarəsinə şikayət edib. O, ərizəsində adıçəkilən şəxslərin cəzalandırılmasını, 3 milyon dollar vəsaitin alınaraq ona verilməsini, habelə maddi zərərin ödənilməsinin İslam Kərimova məxsus, İraqın Süleymaniyyə şəhərində yerləşən “KİMT Company for General Trading Ltd” şirkətindəki 55 faiz payına yönəldilməsini tələb edib. Bununla yanaşı Tofiq Hüseynov barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini istəyib. Məhkəminin bu şikayət əsasında verdiyi qərar isə məlumdur…
 
Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov deyir ki, istintaqda bütün zəruri istintaq hərəkətlərinin aparılıb-aparılmaması iş üzrə ciddi əhəmiyyət daşıyır: “Məsələn, bu iş üzrə onların Əfqanıstanda qurduqları neftayırma zavodu ilə bağlı bu dövlətin müvafiq orqanlarına sorğuların verilməsi, həmin zavoddakı avadanlıqların sazlığı və buraxdığı məhsulların keyfiyyəti, habelə bu iş birliyinə cəlb edilən Əfqanısatan vətəndaşının istintaqa cəlb edilməsi və s. kimi məsələlər üzrə istintaq hərəkətlərinin aparılması iş üçün olduqca əhəmiyyətli məsələlərdəndir”.

Hüquqşünasın sözlərinə görə, bunlarla yanaşı, bu işdə sual doğuran və iş üçün əhəmiyyət daşıyan müəyyən məsələlər də var:
“Məsələn, adyın olmur ki, niyə Əfqanıstanda neftayırma zavodu ilə bağlı təklifi Xəqani Qədirov verdiyi və sonda milyonlarla vəsaiti yarıtmaz fəaliyyəti nəticəsində zərərə çevirdiyi halda o, zərəçəkən olmalıdır? Halbuki, bu iş üzrə onun tərəfindən heç bir vəsait qoyulmayıb və bütün maliyyə xərcləri islam Kərimov tərəfindən çəkilib. Əslində bu təklifin Xəqani Qədirov tərəfindən verilməsi, zavodun onun tərəfindən köhnə avadanlıqlarla təchiz edilməsi, zavodun xam neftlə təmin edilməsi üzrə əlavə xərclərin meydana çıxması, Əfqanıstan vətəndaşının heç bir vəsait qoymadan bu işə cəlb edilməsi və s. kimi məsələlər Xəqani Qədirovun İslam Kərimovun etibarından sui-istifadə edərək ona xüsuslilə külli miqdarda zərə vurması ilə bağlı ciddi şübhələr yaradır. Həmçinin bu işlə az və ya çox dərəcədə bağlılığı olan bəzi şəxslərin də məsuliyyətə cəlb edilməsi və əvəzində bu iş birliyinin mərkəzində olan Xəqani Qədirovun iş üzrə zərərçəkən kimi tanınması bu şübhələri bir qədər də artırır”.
  1. Həsənovun sözlərinə görə, bütün bunlara rəğmən Xəqani Qədirovun bu iş üzrə mülki iddiaçı kimi tanınması və ona 2,5 milyon manatlıq zərərin ödənilməsi ilə bağlı məsələlər də obyektiv və ədalətli deyil: “Hesab edirəm ki, indiki halda iş üzrə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməsinə şikayət verilməsinə və işin yenidən istintaqda araşıdırılmasına ehtiyac var”.
 
Qeyd edək ki, İslam Kərimov da hüquq-mühafizə orqanlarının rəhbərlərinə yazdığı məktublarda barəsində verilən məhkəmə qərarlarını ədalətsiz, sifarişli və absurd sayır. O, yazır: “Mən Xəqani Qədirovu ayda 3 min dollar əməkhaqqı ödəməklə işə götürmüşəm. Şirkətin 10 milyon dollar dəyərindəki nizamnamə kapitalının 50 faizi mənə, qalan 50 faizi isə Əfqanıstan vətəndaşlarına məxsus olub. Mən özümə məxsus payın 25 faizini müəyyən şərtlər daxilində Xəqani Qədirova hədiyyə kimi vermişəm. O, bu müddət ərzində zavodun inşasına və s. xərclərə bir manat da olsun öz vəsaitini istifadə etməyib. Buna baxmayaraq, apellyasiya instansiyası absurd olaraq hesab edib ki, guya mən Xəqani Qədirova 2.5 milyon dollar zərər vurmuşam. Halbuki, həmin payı mən geri almaqla, onu sataraq zavodun borclarının qaytarılmasına yönəltmişəm. Mənim bu hərəkətimdən Xəqani Qədirova hər-hansı ziyan dəyməyib. Mülki Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Bu zaman hədiyyə verənin onun geri alması hədiyyə alana vurulmuş zərər kimi qiymətləndirilə bilməz…
Bütün bunlara baxmayaraq, ibtidai istintaqı aparan orqan və birinci məhkəmə instansiyası Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsinin dispoziyasını – yəni “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda zərər vurma” olduğu kimi işə köçürüblər…”
İslam Kərimov qanunvericiliyə istinad edərək daha bir mühüm fakta diqqət çəkib: “Cinayət işinin materiallarından aydın olur ki, mən CM-nin 302, 178.3.2-ci maddələri ilə ehtimal olunan cinayət əməlini Əfqanıstan Respublikasının ərazisində törətmişəm. CM-nin 12.1-ci maddəsinə görə, ölkə vətəndaşları Respublikanın hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Respublika, həm dəərazisində törədildiyi ölkənin qanunvericiliyi ilə cinayət əməli hesab olunursa, cinayət törətmiş sayılırlar. İndiki halda bununla bağlı hər hansı sorğu verilərərk araşdırma aparılmayıb”.
 
İslam Kərimov prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun qanunsuz qərarı ilə həbsdə saxlanıldığını yazır: “Mən bədbəxt adamam, evimi, maşınlarımı satıb, bankdan kredit götürüb 4 milyon dollar düzəldərək X. Qədirova verdim ki, Əfqanıstanda zavod tikim. Amma məlum oldu ki, o, məni aldadıb, onun köhnə avadanlıqlarla tikdiyi zavod rentabelli işləmədi və nəticədə mən müflis oldum. Hələ üstəlik məndən 2.5 milyon dollar tələb edir və məhkəmə heç bir əsası olmadığı halda bu iddianı təmin edir…
Cənab Prezident, Sizdən çox xahiş edirəm, bu işi nəzarətə götürün, mənə qarşı qurulmuş bu məkrli, heç bir çərçivəyə sığmayan oyunun ifşasına yardımçı olun, mənim ümidim yalnız sizsiniz!”

https://www.gununsesi.info/yer%c9%99-goy%c9%99-sigmayan-%c9%99dal%c9%99tsizlik/
Tarix: 28-09-2020, 07:49
Xəbəri paylaş



Xəbər lenti