Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Təhsil ocağını bitirən məzunlardan 42-si keçid balını toplayaraq, respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.Məktəbin direktoru, Əməkdar müəllim Qənbər Ağayev
AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məzunlardan 7 nəfəri 500-600 arası, 3 nəfəri isə 600-dən çox bal toplayıb. Məzunlardan ən yüksək nəticə göstərən Aysel Rəhimli 638 balla, Aysel Əmirova 632 balla Bakı Dövlət Universitetinə, Səbuhi Məmmədov 626 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Qənbər Ağayev məktəbdə yaradılan şərait, son illərdə əldə edilən nailiyyətlər barədə də məlumat verib. Bildirib ki, 2007-ci ildən fəaliyyət göstərən məktəbdə 52 sinif otağı, fənn kabinələri, fizika və kimya laboratoriyaları, 2 kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəb müasir avadanlıqla təchiz olunub. Təhsil ocağı 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində qalib gəlib. Məktəbin müəllimlərindən müxtəlif illərdə 3 nəfər “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi adını qazanıb, Üç nəfər “Əməkdar müəllim” adına layiq görülüb. İki müəllim Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə II və III qrant müsabiqələrinin qalibi olub. Məktəbin şagirdləri hər il bilik yarışlarında yüksək nəticələr göstərir. Məzunlar yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olurlar. Məktəbin məzunlarından 7 nəfəri Prezident təqaüdçüsüdür./
AZƏRTAC /
Siam.az
Tarix: 26-09-2020, 13:43