Bakı-Ankara ittifaqına qarşı hibrid savaşı!- bu əngəl də aşılacaq!..



Ermənistanın Azərbaycanla sülh müqaviləsinə mane olmaq, münaqişədə “nöqtə”ni “vergül”ə çevirmək istəyənlərin məkrli hədəfi; konfliktoloqlar deyir ki...

Vətən müharibəsindəki möhtəşəm qələbəmizi siyasi-diplomatik qələbəyə çevirmək, “maddiləşdirmək” yönündə səylər davam edir. Rəsmi Bakı Zəfərin birinci ildönümü üçün bu xüsusda xeyli işlər görsə də, hələ prosesi yekunlaşmış saymaq olmaz. Proses o zaman bitmiş hesab olunacaq ki, kapitulyant Ermənistan Azərbaycanla böyük sülh müqaviləsi imzalayacaq.
Əfsus ki, xaricdəki havadarlarının himayəsindən istifadə edən rəsmi İrəvan buna hər vəchlə dirəniş göstərir. Çünki o halda uydurma “artsax” məsələsi Ermənistan üçün həmişəlik qapanmış olacaq. Ancaq İrəvanın ayrı yolu qalmayıb. Çünki Ermənistan adlı qondarma dövlətin dünyanın siyasi xəritəsində mövcudluğu müstəsna olaraq, Azərbaycan və Türkiyə ilə dinc-yanaşı yaşamaqdan və qonşu ölkələrə inteqrasiyadan keçir.
Qısası, erməni xalqının xoşbəxtliyi nə həmsərhəd olmayan Rusiyaya, nə də uzaq Qərbə, ABŞ-a, Fransaya bağlıdır. Ermənilər istəsə də, istəməsə də, xoşbəxtlikləri - yalnız yaxın və qonşu ölkələrə bağlıdır. İrəvanın gizli-açıq havadarları da əslində bunu yaxşı başa düşürlər. Təəssüf ki, sonuncuların regiondakı maraqları uzunmüddətli sülhə və əməkdaşlığa imkan vermir.
Ermənistanda əhalinin sayı azalıb
Təsadüfi deyil ki, müharibədən keçən bir ildə nə Qərb dövlətlərinin, nə də Rusiyanın rəsmiləri bircə dəfə də olsun, Ermənistanın Azərbaycanla böyük sülh müqaviləsi imzalamasının vacibliyini bəyan etməyiblər. Onlar İrəvana bu yöndə nəinki təzyiq eləməyi ağıllarından keçirmirlər, əksinə, altdan-altdan ermənilərin Türkə nifrətini körükləməklə, artıq tarixdə qalmış “Dağlıq Qarabağ məsələsi”ni riyakarcasına gündəmdə saxlamağa çalışmaqla iki xalq arasında ədavətin bitməsinə imkan vermirlər. Hərçənd “bölgədə sülh”, “əməkdaşlıq, inkişaf” sözləri dillərindən düşmür, bu barədə hamıdan çox onlar danışırlar...                
*****  
“Azərbaycan 2020-ci ilin payızında əlverişli iqtisadi və siyasi konyunkturadan məharətlə istifadə edərək inamlı qələbə qazana bildi - hansı qələbəyə ki, Azərbaycanın xaricində çoxları inanmırdı. Lakin müharibənin qaynar fazada olmasa da, davam etməsi də göz qabağındadır. Çünki savaşda nöqtə sülh müqaviləsinin bağlanması ilə qoyulur. Sülh müqaviləsi olmadığı müddətdə isə bu nöqtə yox, vergül olacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə tanınmış gürcü politoloq Gela Vasadze Caliber.az-a açıqlamasında böyük sülh sazişi ilə bağlı ehtimallar haqda danışarkən spyləyib.
Politoloq hesab edir ki, sülh danışıqları başlayana qədər yalnız atəşkəsdən danışmaq lazım gəlir: “Müharibədə son nöqtəni qoymaq üçün Azərbaycan öz ərazi bütövlüyünün tanınmasına nail olmalıdır. Arxasında Rusiya dayandığı Ermənistana təzyiq göstərmək açıqca kifayət deyil. Elə bir şərait yaratmaq lazımdır ki, Moskva Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olsun. Bütün ciddi analitiklər bunu başa düşür və hazırda elə bunun ətrafında da mübarizə gedir”, - deyə gürcü ekspert vurğulayıb.
Gürcülər peşman oldular –
 Gela Vasadze
Onun sözlərinə görə, Ermənistanın əsas xarici siyasət resursu Rusiyadır, Moskvanın maraqlarına isə konfliktin yekun həlli daxil deyil. “Məhz Rusiya Qafqazda status-kvonu saxlamaq üçün zəruri olan güc komponentini təmin edir. Bununla yanaşı, Ermənistanın Qərbdə, ilk növbədə də Fransa və ABŞ-da da xarici siyasət resursları var. O ABŞ ki, yeni administrasiyanın gəlişi ilə siyasi konyunktura İrəvanın xeyrinə dəyişib”, - deyə o əlavə edib.
*****
Belaruslu politoloq Yuriy Şevtsov isə hesab edir ki, Ermənistan müharibədə məğlubiyyətini hələ sonadək dərk etməyib: “Yəni burada xarici amillərdən çox, daxili amillər var. Erməni toplumuna zaman lazımdır ki, ölkənin bundan sonra necə inkişaf edəcəyini dərk eləsin. Digər tərəfdən, düşünmürəm ki, Ermənistanda kimsə 44 günlük müharibə zamanı Azərbaycanın qaytardığı ərazilərin ”geri qaytarılması" barədə ciddi düşünsün. Mənə elə gəlir ki, Ermənistanla Azərbaycan arasında böyük hərbi münaqişə artıq keçmişdə qalıb. Hazırda bu regionda böyük xarici oyunçular arasında yeni konflikt təhlükəsi var".
Ekspert bununla belə, Güney Qafqazı təhdid edən təhlükələri qaynar müharibə xarakterli saymır. “Bu, daha çox hibrid müharibəsi təhlükəsidir. Hibrid müharibəsi çox məkrlidir. Belə müharibə başlayanda hər kəsə elə gəlir ki, bu, çox xırda bir şeydir və həmişə hər şeyi düzgün proqnozlaşdırıb qiymətləndirmək olar. Uzun və potensial təhlükəli müharibə başlayır. Məhz burada səhv etməmək və məqamı qaçırmamaq çox vacibdir”, - deyə o qeyd edib.
Ermənistan-Azərbaycan müharibəsi: Həqiqət anı
Öz növbəsində “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin (Ukrayna) beynəlxalq siyasət üzrə koordinatoru Denis Moskalik Ermənistan-Azərbaycan münaqişəsinə nöqtə qoyulduğunu düşünmür: “Məncə, münaqişə bitməyib və böyük hərbi əməliyyatlar istisna edilmir. Məsələ burasındadır ki, Azərbaycanın 2020-ci ildə qələbə qazanmasına baxmayaraq, tərəflər faktiki münaqişənin təzədən dondurulması durumuna gəliblər. Çünki onu şərtləndirən amillər aradan qalxmayıb. Söhbət Qarabağın bir hissəsinə Ermənistan tərəfinin nəzarəti və orada rus qoşunlarının olmasından, həmçinin bölgədə liderlik uğrunda regional güclər - Rusiya və Türkiyə arasında rəqabətdən gedir”.
Cənubi Qafqazda gərginliyi Rusiya yaradır, yoxsa… - ŞƏRH | KONKRET
Politoloq Ermənistan və Rusiyanın Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olmadığına əmindir. “Ona görə ki, bu, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsinin və Türkiyənin siyasi qələbəsinin iqtisadi cəhətcə rəsmiləşməsi demək olacaq. Odur ki, İrəvan və Moskva buna müqavimət göstərəcək. Bundan əlavə, bu, daha bir kommunikasiya dəhlizi yaratmaqla Türkiyənin bölgədə öz təsirini gücləndirməsi anlamına gələrdi”, - deyə ukraynalı ekspert fikrini tamamlayıb.
*****
Göründüyü kimi, əcnəbi analitiklər bölgədə Bakı-Ankara ittifaqına qarşı xarici oyunçular tərəfindən hibrid savaşına başlandığı qənaətindədir. Ancaq iki qardaş ölkə digər müttəfiqlərlə (İsrail, Pakistan) bu əngəl də gec-tez aşacaq. Çünki hərbi-siyasi və iqtisadi güc məhz bu tandemdədir və Güney Qafqazda hər hansı sülh, sabitlik, tərəqqi, iqtisadi meqa-layihələr Bakı və Ankaranın izni və iştirakı olmadan heç vaxt baş tuta bilməz. Buna az sonra bütün qlobal oyunçular, özəlliklə Rusiya, ABŞ və Fransa tam əmin olacaqlar...
Tarix: 4-11-2021, 09:46
Xəbəri paylaş



Xəbər lenti