Azərbaycan hakimiyyəti işğal dövründən fərqi olaraq, indi daha mürəkkəb beynəlxalq şəraitlə qarşı-qarşıyadır. Buna qədər iqtidarın ünvanına siyasi tənqidlər, bəyanatlar səslənirdisə, hökumət fundamental insan haqlarının pozulmasına görə beynəlxalq təşkilatların, Qərbin hədəfinə tuş gəlirdisə, artıq Qarabağdakı müharibə bu məsələləri arxa plana keçirib.
Gəlin yada salaq - 10 noyabrdan sonra hakimiyyəti daxili siyasətinə görə neçə dəfə tənqid ediblər, məlum olacaq ki, heç bir bəyanat olmayıb. Ən pis halda ənənəvi təşkilatların hesabatları açıqlanır, hökumətin isə bu siyahılara qarşı immuniteti formalaşıb.
Lakin Bakıya siyasi tənqidlərdən daha ağır dozada təzyiqlər müşahidə olunmaqdadır. 44 günlük müharibə Azərbaycanı geosiyasi müstəvidə manevrlər etmək imkanlarını genişləndirməklə bərabər, dilemma məcburiyyətində qoyub.
Bakı isə seçimini etdiyi üçün artıq aşkar şəkildə tərəflər mövqelərini bildirməyə başlayıblar.
Anaxeber.info-nun qənaətinə görə, Minsk Qrupunun regiona dönüşünə və İranın Azərbaycana qarşı de-marşına bu kontekstdə baxmaq lazımdır.
Bəli, hakimiyyət Rusiya və Türkiyə zolağında hərəkət etdiyi üçün kollektiv Qərb və ABŞ, o cümlədən bu vəziyyətdən öz çıxarları baxımdan fayda görməyən Tehran bərk nigarandır.
Əlbəttə, Avropa Birliyindən uzaq olan Britaniya, İsrail, “Üç qardaş” təliminə qatılan Pakistan gedişatdan əşhədü razıdırlar.
Bütün bunlar isə 44 günlük müharibənin yaratdığı yeni qütblərdir. Dünyada qütbləşmə gedir və Azərbaycan öz seçimini etməkdədir - Moskva ilə Ankara...
Soruşa bilərsiniz, altılıq formatına Gürcüstan niyə etiraz edir, bunu prezident İlham Əliyev açıqladı, Ermənistan bəs niyə tərəddüd edir, bunu da dövlət başçısı söylədi, o səbəbdən ki hər iki Cənubi Qafqaz ölkəsində hakimiyyətdə Qərbpərəst qüvvələrdir.
Rusiya, Türkiyə, İran və Azərbaycan yeni platformanın yaranmasında maraqlıdırlar, çünki Bakı istisna, digər paytaxtlar ABŞ-ın sanksiyalarına məruz qalan ölkələrdir.
Onlar Zəngəzur dəhlizinin açılmasını da elə o üzdən istəyirlər. İrəvan və Tiflis isə ABŞ-ın marionetka hakimiyyətlərinin əlində olduğu üçün Vaşinqtonun dirijor çubuğu ilə hərəkət edirlər.
Bəs deyə bilərsiniz ki, əgər regionda qütbləşmə gedirsə, Tehran da “3+3” layihəsində maraqlıdırsa, niyə son həftələr Azərbaycana qarşı açıq şəkildə hədə-hədyan, təhdid ritorikasına keçid edib?
Bunun da cavabı var: İran Zəngilan ərazisində İsrail şirkətinin pendir ferması tikməsini özünə qarşı “sionizmin təzahürü” kimi qiymətləndirir.
Eyni zamanda, “Üç qardaş” təlimində iştirak etmiş və Əfqanıstan məsələsində qətiyyən yola getmədiyi Pakistanın bölgədə olmasını özünə təhdid hesab edir.
Amma əbəsdir, Tehran qoy İrəvanda 2000 minlik diplomatik heyətə malik olan və MDB-də ən böyük səfirliyini quran ABŞ-ın onun sərhədinə yaxınlaşmasından bərk narahat olsun.
Beləliklə, biz regionda yaranmış mürəkkəb situasiyadan iki nəticə çıxara bilərik: ABŞ və Qərb Rusiya ilə Türkiyənin yaxınlaşması fonunda Qafqazda birgə nəzarətdən təşviş keçirdiyi üçün Minsk Qrupunu yenidən xortladır, hərçənd, heç Kreml bunda maraqlı deyil, sadəcə, “xala xətrin qalmasın” deyə etiraz da etmir, çünki ona Ankara ilə koordinasiyalı addımlamaq daha xoşdur, yeri gəlmişkən, Soçi görüşündə Putinlə Ərdoğanın qarşılıqlı xoş sözlər ifadə etməsi də bariz nümunədir, ikincisi isə İranın Azərbaycana qarşı de-marş siyasətidir. Hə, burada Xankəndiyə yük daşınması, ayətullah Amulinin dilindən bizim təhdid olunmağımız, bu azmış kimi, cənub qonşunun Xarici İşlər Nazirliyinin tərbiyəsiz və şantaj dolu açıqlaması - sərhəddə “sionizm təzahürü...”
Anaxeber.info-nun proqnozlarına görə hakimiyyət “iki od arasında” necə manevrlər etməyi yaxşı bilir. Əvvəla, regionda balans xeyrimizə dəyişib və müharibənin nəticələri, Türkiyə və Pakistan faktoru, Rusiya ilə rəvan dil (hər halda Əliyevin sözlərindən belə agah olur ki, Bakı Moskva ilə nəyisə həll etməkdə təmas çətinliyi yaşamır) Azərbaycanın əlini gücləndirib.
Lakin İran barışmaz mövqeyini bir qədər də davam etdirəcək. Ancaq bu, Bakıya sərfəlidir, çünki İsrail və ABŞ-ın xoşuna gələcək. Son dövrlərdə Azərbaycan Prezidentinin Tehrana səfərini də xatırlamaq çətindir.
Ən yaxşı halda xarici işlər nazirləri görüşüblər, spiker Sahibə Qafarova andiçmə mərasiminə gedib, yəni soyuqluq ən pik həddə çatıb. İran isə Azərbaycana qarşı bundan artığını edə bilməyəcək. Tehran gec-tez hesablaşacaq ki, cənub sərhədləri bərpa olunub, Zəngəzur dəhlizinin açılmasının ona da iqtisadi divident gətirir, uzunmüddətli gərgin tempi saxlamaq çətindir.
Üstəlik, nə İsrail sərhəddə kəşfiyyatını qurub, nə indiyə qədər İrana qarşı plasdarm rolunu oynamağa imkan vermişik. Qərb cəbhəsinə - Minsk Qrupuna gəlincə, onların masasında “Dağlıq Qarabağın statusu” ana mövzu olacaq. Amma Əliyev Fransa telekanalından bəyan etdi ki, nəinki status, heç muxtariyyat da erilməyəcək. Soruşa bilirsiniz ki, rəsmi Bakı bunu niyə belə arxayın şəkildə dilə gətirir, amma burada Rusiya və Türkiyə faktorunu gözdən qaçırmaq olmaz. Moskva Lavrov istisna, (Putinlə arasında fikir ziddiyyəti var) status söhbətinə qayıtmır.
Yalnız bir dəfə Putin müsahibəsində deyib ki, gələcəkdə status müəyyən edilə bilər, o da Minsk Qrupu çərçivəsində danışıqlarla.
Yəni Rusiya lideri məsuliyyəti üzərindən atıb və bu mövzunun saqqız kimi çeynənməsi, acı bağırsaq kimi uzadılması üçün münaqişəni 30 il çək-çevirə salmış həmsədrlərin boynuna biçib.
Çünki Putin müharibə getdiyi günlərdə qeyd etmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu qədər net mövqedən sonra Kreml başçısı bir daha bu məsələyə qayıtmayıb.
Odur ki, Minsk Qrupunun regiona səfərini, hətta Xankəndinə getmək planı Rusiya ilə Türkiyənin marağında deyil. Onlar Qafqazda məsələləri öz aralarında həll edərək, bölgədə siyasi monopoliyanı ABŞ və Fransanın orbitinə vermək istəmirlər.
Ona görə Ermənistanın seçimi bəllidir - Paşinyan onu dəstəkləyən Qərbin yanındadır, bizsə Ankara ilə Moskva arasında manevr etməklə prosesləri öz xeyrimizə inkişaf etdirməyə çalışırıq..
Tarix: 1-10-2021, 14:20