Xankəndi şəhəri, Azərbaycan
Qərb mətbəxindəki geosiyasi şorbaya bir də ...İran ədvası
44 günlük Vətən Müharibəsinin ildönümü yaxınlaşır. Ötən il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladı. Noyabrın 10-da üçtərəfli bəyanatla bitdi. Bu müddətdə Azərbaycan Silahlı Qüvvələri bölgədə tarixi qələbələr qazanaraq, işğal altında olan ərazilərin böyük bir hissəsini geri qaytardı. Qalan hissə də Rusiyanın orada “müvəqqəti yerləşdirilmiş” “sülhməramlı” kontingentinin nəzarətinə keçdi.
Ermənistan bu müharibədə ağır hərbi, diplomatik, ən başlıcası da, mənəvi məğlubiyyətə düçar oldu. “Məğlubedilməz” Ermənistan ordusu, dünyada “hər şeyə qadir” erməni diasporu və lobbiçiliyi haqda miflər ya tamam dağıldı, ya da təməlindən sarsıldı. Eyni zamanda 30 ilə yaxın müddət ərzində işğalçı Ermənistanın arxasında dayanan xarici güclər – böyük dövlətlər də bu məğlubiyyətdən hərəsi öz nəsibini aldı. Bu gün artıq bir il keçir, ancaq həmin güclər o ağır məğlubiyyəti həzm etməkdə çətinlik çəkirlər. Zaman-zaman siyasi və hərbi revanş xəyalları da “qusurlar”. Ancaq bu dəfə, deyəsən, xəyallardan planlara, bəziləri hətta hərəkətlərə keçirlər.
Belə məlumatlar tirajlanır ki, Ermənistan üzərində qələbələrlə nəticələnmiş müharibənin birinci ildönümündə Qərbin ayrı-ayrı dairələri Azərbaycana xoşagəlməz siyasi “sürpriz”lər hazırlayıb. Artıq miqyaslı anti-Azərbaycan kampaniyasına start verildiyindən danışılır. Mediada bu haqda yazılır. Sosial media isə daha irəli gedərək, Azərbaycana qarşı Qərb sanksiyalarını proqnozlaşdırıb.
...Bəlkə də Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstana qəfil səfəri, orada – Batumda bir neçə saatlığa müəmmalı şəkildə “yoxa çıxması”, ardından da “iki erməni dövləti” haqqında verbal siyasi ifrazatı, “qələbə çalacağıq” deyə illüzionist sayıqlaması təsadüf sayılmaz. “İsmi pünhan” dairələrin emissarları ilə gizli görüşlərdə nə danışıldığı, nə planlandığı haqda artıq mülahizələr yürütmək olar.
Bunun davamı olaraq, Qərb mediası, qeyri-hökumət strukturları, ekspert dairələri hərəkətə keçər və Azərbaycan dövlətini hədəf alaraq, cəmiyyətdə hakimiyyət əleyhinə dalğalanmalar yaratmağa çalışarlar.
Əlbəttə ki, ilk növbədə dövlətin zirvəsindəkilər, bir sıra yüksək vəzifəli şəxslər (qələbələr qazanılmasında rol almış və postmüharibə dövründə də siyasi qərar verənlər, bu qərarlara təsir gücü olanlar) əleyhinə qaralama “əməliyyat”ı apararlar.
Hər halda ilk, ilkin məlumatlardan belə görünür.
“Əməliyyat” ifadəsini də səbəbsiz işlətmədik; belə kampaniyalar, adətən, vahid komanda mərkəzində qurulan, idarə olunan miqyaslı kəşfiyyat, siyasi-psixoloji diversiya əməliyyatıdır. Başqa cür olmur. Bəzi qlobal siyasi kəşfiyyat sistemlərinin birgə (və ya hər birinin ayrı-ayrılıqda) layihəsi olan Nikol Paşinyan da Gürcüstan ərazisində məhz həmin “sirli” mərkəzin təlimatını almaq üçün xəlvət(c)ə “yoxa çıxa” bilərdi.
Zəruri xatırlatma: İndi yazacaqlarım üçün oxucularımdan əvvəlcədən çox-çox üzr istəyirəm. Məni bağışlayın. Sadəcə olaraq, baş verənlərin daxili “məntiq”ini (məntiqsizliyini) başqa cür ifadə etmək, dəqiq təsvir etmək olmur. Tarixdən məlumunuzdur ki, Şərq hökmdarlarının özlərinin seçdiyi və ya onlar üçün seçilmiş kənizləri ilə keçirdiyi gecələrə də o dövrün saray dilində “xəlvət” deyirdilər. Xəlvətə getmiş kəniz hökmdarın siyasi-cinsəl ehtiyaclarını ödəməli, onu məmnun etməli idi. Ona görə “siyasi-cinsəl” deyirik ki, o kənizlər hökmdarlar üçün dünyaya şahzadələr, yəni səltənətin bioloji-siyasi davamını gətirməli idi. Nikol Paşinyan bu sirli Batum “xəlvəti”nə çox güclərin siyasi-geosiyasi ehtiraslarını təmin etmək üçün gedə bilərdi. Revanş qısqırtmaları da bunlar arasında ola bilər. Ən azı ehtimalımızdır. Hər halda başqa problematikalar üzrə bir-biri ilə diametral tərs düşən Vaşinqtonun, Parisin və Moskvanın Minsk Qrupbazlığı və Ermənistandan bir instrument kimi istifadə etmək cəhdi ortadadır.
Cənub qonşumuzun da bu basabasda öz şimal sərhədlərinə - Araz boyunca qoşun sərib, haşa hüzurdan, “hərbi təlim masturbasiyası” ilə məşğul olması birilərinin Minsk Qrupbazlığına “şam xidməti” kimi yozula bilər. Ancaq Ermənistanla, Qarabağdakı separatçı-terrorçu ünsürlərlə militarist-logistik siğəni geri oxumaq əvəzinə daha da qızışan molla rejimi bir şeyi anlamır; o hərbi-siyasi masturbasiyadan özü bəlkə həzz ala bilər, ancaq, bu təktərəfli geocinsəl aktın sonunda... uşaq doğulmur.
... Ən maraqlısı, heyrətamizi də odur ki, İranı “viran etməyə” qolaylanmış dairələr də eyni vaxtda eyni cür davranırlar. Bunun səbəbini az-çox təxmin etmək də olar. Rəqibə qarşı düşmənlə unison hərəkətlənmək, düşməninin gücünü öz məqsədinə distant yönləndirmək. Tehran da buna gedir.
Hə, daha əvvəl də Azərbaycan əleyhinə kampaniyalarda eyni tendensiyaları izləmişdik. Neft kontraktları ərəfəsində, “neft bumu” illərində, 2012-ci, 2015-ci illərdə, Aprel döyüşlərindən sonra, Vətən Müharibəsindən qabaq və sair... Ancaq bunların bir nəticəsi olmadı və yoxdur. Çünki... itin yiyəsi varsa, qurdun da Allahı var. Həm də Bozqurdun!
Kimlərsə Qarabağda qazandığımız tarixi qələbələri əlimizdən almağa qalxır. Amma nifrətlə qalxanı həmişə zərərlə oturan gördük. Bəli, Qarabağda revanşa qalxacaq olanlar Azərbaycanı içəridən “qaynatmağa” çalışacaqlar; qalib hakimiyyəti endirməyi, təslimçi qrupların “siyasi reanimasiya”sını planlaya bilərlər. Bunu bir yol-yordan, bir yöntəm olaraq seçə bilərlər. Təbii ki, hakimiyyətlər gəldi-gedərdir – heç kim əbədi deyil. Əbədi olan dövlətin maraqlarıdır. O maraqların da başında ölkənin bütövlüyü və xalqın təhlükəsiz yaşam haqqı gəlir. Vaxt gələr, Azərbaycan xalqı lazım bildiyi anda hakimiyyətini də seçər, ya köhnəsi ilə, ya yenisi ilə yoluna davam edər. Fəqət bu gün öncəlik Qarabağda əldə olunmuş qələbələri möhkəmləndirmək, dönməz etmək, o bölgələrdə həyatı yenidən canlandırmaq, orda təhlükəsiz və firavan bir yaşam ortamı qurmaqdır. Əlbəttə ki, “müvəqqəti yerləşdirilmiş”ləri də bölgədən çıxarıb Qarabağın bütövlüyünə nail olmaq başda gəlir. Bu gün bizə milli birlik, bax, buna görə çox lazımdır. Ancaq gerçək milli birlik! İmitasiya konfiqurasiyaları yox...
Bahəddin Həzi
Tarix: 23-09-2021, 07:53