Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Ermənistan-Türkiyə münasibətlərindən danışıb. Rəsmi İrəvanın Ankara ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu söyləyib. Baş nazir Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğanın daha əvvəl Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb: “Həmin bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmiryol əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi imkanlarını görürük. Biz bu kimi söhbətə hazırıq və bu, daha geniş kontekst ala bilər”.
“Əslində söhbət regionun Şimalla Cənub, Şərqlə Qərb arasında yolayrıcına çevrilməsindən gedir. Rusiya da bu prosesə dəstək verməyə hazırdır. Avropa Birliyi, Fransa, o cümlədən ABŞ, Çin və Hindistan da regionda kommunikasiyaların inkişafına maraq göstərirlər. Ermənistan regionda kommunikasiyaların açılması qərarında qətiyyətlidir”, - deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı ötən ay parlamentə təqdim etdiyi beşillik hökumət proqramında da Ermənistan hakimiyyətinin ən vacib fəaliyyət istiqamətlərindən biri kimi qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və tənzimlənməsinin qeyd olunduğunu xatırladıb.Qeyd edək ki, bundan əvvəl də Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində Ankaradan siqnallar aldıqlarını, bu siqnallara müsbət cavab veriləcəyini açıqlamışdı. Məsələ burasındadır ki, Türkiyə Ermənistanla sərhədlərini Qarabağın işğalı faktına görə bağlamışdı. İndi isə işğal faktı tam olmasa da, bitmiş sayılır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərini saymasaq, demək olar ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bəzi mütəxəssislər bu səbəbdən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının təbii olduğunu hesab edirlər.
Lakin bəzi ekspertlər Qarabağ münaqişəsinin hərbi əməliyyatlar mərhələsinin bitdiyini, diplomatik savaşın isə davam etdiyini deyirlər. Dediklərində də müəyyən qədər haqlılıq var: sərhədlər delimitasiya olunmayıb, Qarabağdakı erməni separatçı-terrorçular çıxarılmayıb, yekun sülh müqaviləsi imzalanmayıb. Eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddiaları gündəmdən çıxmayıb. Belə olan halda münasibətlər necə normallaşa, diplomatik əlaqələr hansı formada qurula bilər?
Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran tanınmış analitik Şahin Cəfərli deyib ki, Türkiyə-Ermənistan əlaqələrinə əsas əngəl Qarabağ konflikti idi:
- Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən və 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlardan sonra artıq Türkiyənin Ermənistanla əlaqələri bərpa etməsi önündə əngəl yoxdur. Çünki dediyim bəyanatlarda bölgənin nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması razılaşdırılıb, bunun üzərində danışıqlar gedir. Rəsmi Bakı da Türkiyənin Ermənistanla münasibətlərinin normallşmasına qarşı deyil. Biz özümüz Ermənistanla münasibətlər qurmaq istiqamətində siyasət yeridiriksə, müvafiq razılaşmalar imzalamışıqsa, o zaman hansı əsasla Ankaranın İrəvanla münasibətlər qurmasına etiraz edə bilərik?! Azərbaycan Prezidenti də ötən həftələrdə Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına prinsipcə etiraz etmədiyini, buna isti yanaşdığını bildirdi. Hesab edirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin qurulmasında ciddi əngəllər yoxdur. Hər iki tərəfdən iradə nümayiş etdirilərsə, nəticələr əldə ediləcək. Son günlər Ermənistan tərəfi belə bir iradə ortaya qoyur.
- Yaxın zamanlarda müsbət addımlar gözlənilirmi?
- Düşünürəm ki, yaxın həftələrdə, aylarda yavaş-yavaş Türkiyə-Ermənistan münasibətlərinin qurulması istiqamətində addımların şahidi olacağıq. Türkiyə Ermənistanın müstəqilliyini çoxdan tanıyıb. Ermənistan tərəfindən isə hər zaman Türkiyəyə qarşı ərazi iddiaları olub. Xüsusən də, bu, erməni millətçiləri və ictimaiyyətinin iddiasıdır. Paşinyanın isə bu mövqeyi bölüşmədiyini görürük. Əslində Türkiyə ilə münasibətlərin qurulması Ankaradan daha çox İrəvana lazımdır. Çünki Ermənistanın dünyaya çıxışı məhz Türkiyə vasitəsilə ola bilər. Düzdür, Gürcüstan vasitəsilə Avropaya çıxa bilərlər, amma Türkiyə yolu daha əlverişlidir. Ümumiyyətlə, Türkiyə ilə iqtisadi münasibətlərin qurulması Ermənistanın hazırda yaşadığı dərin böhrandan çıxmasında kömək ola bilər. Baxmayaraq ki, rəsmi münasibətlər qurulmayıb, biz bilirik ki, on minlərlə Ermənistan vətəndaşı Türkiyədə işləyir, pul qazanır, ailəsinə pul göndərir. Hazırda yüz min civarında Ermənistan vətəndaşı Türkiyədə işləyir. Yəni ki, Türkiyə onların işləməsinə heç vaxt əngəl yaratmayıb. Bu baxımdan düşünürəm ki, Ermənistan Türkiyə ilə münasibətlərdə maraqlı olmalıdır.
Eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının perspektivdə Azərbaycanın da maraqlarına xidmət edə biləcəyini düşünürəm. Biz – Azərbaycanla Türkiyə Ermənistana şərait yaratmalıyıq ki, İrəvan tədricən Rusiyanın nüfuz dairəsindən uzaqlaşa bilsin. Düzdür, indi baxanda bu ehtimal elə də güclü deyil. Amma hər halda biz üzərimizə düşəni etməliyik, Ermənistana şans tanımalıyıq ki, onlar Rusiyanın boyunduruğundan xilas olsun. Alınarsa, yaxın perspektivdə olmasa da, gələcəkdə Rusiyanın regionda zəifləməsi və Qarabağdakı sülhməramlıların çıxarılması ilə nəticələnə bilər. Yenə deyirəm, bu, yaxın gələcək üçün gözlənilmir. Lakin biz bu gündən belə siyasət yeridərsək, Ermənistana bu şansı verərsək, o zaman ortamüddətli perspektivdə Rusiyanı bəlkə də regiondan çıxarmaq ola bilər. Rusiyanı bu gün regiondan çıxarmağın yeganə yolu Azərbaycan və Türkiyə türkləri ilə ermənilər arasında barışığın əldə olunması, xalqlar arasında etimadın yaranmağa başlamasıdır. Əgər ölkələr və xalqlar arasında konflikt davam edəcəksə, o zaman Rusiya bu gölgədən heç vaxt çıxmayacaq.
- Paşinyan bəyanatında bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına Rusiya da isti yanaşır. Sizcə, Kreml bu normallaşmanın Rusiyaya mənfi təsirlərini hesablamayıb?
- Əlbəttə, hesablayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir bəyanat verdi ki, “biz Ermənistan-Türkiyə əlaqələrinin qurulmasına dəstək verməyə hazırıq”. Bu bəyanatın diplomatik tərcüməsi o deməkdir ki, Rusiya iki ölkə arasında normallaşma prosesini də öz nəzarətinə götürmək istəyir. Necə ki, 10 noyabr və 11 yanvar razılaşmaları ilə Azərbaycan-Ermənistan yaxınlaşması Rusiyanın dominantlığı altında cərəyan edəcək, eləcə də Türkiyə-Ermənistan yaxınlaşmasını də Kreml nəzarətinə götürmək niyyətindədir. Çünki proseslər Rusiyanın nəzarətində gerçəkləşsə, aydındır ki, Moskvanın maraqlarına zidd məsələ ortaya çıxa bilməyəcək. Ona görə də hesab edirəm ki, Rusiya bu mərhələdə Ermənistan-Türkiyə münasibətlərinin qurulmasını əngəlləməyəcək. Sadəcə prosesi nəzarətinə götürməyə çalışacaq ki, iki ölkənin yaxınlaşması mərhələsində Kremlin maraqlarına zidd məqam ortaya çıxa bilməsin.
Açıq demək lazımdır ki, çox çətin və mürəkkəb situasiyadır. Rusiyanı regiondan sıxışdırmaq, bu ölkənin nüfuz dairəsindən çıxmaq Ermənistan üçün ağır və çətin prosesdir ki, yaxın gələcəkdə bunun baş verəcəyi inandırıcı deyil. Bizim üçün də mürəkkəb məsələlər var. Məsələn, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını gündəmə gətirməyin özü bizim üçün riskli olacaq. Ona görə də yaxın gələcəklə bağlı ümidli deyiləm. Lakin ən azından ortamüddətli və uzaqmüddətli perspektiv baxımından ümidlərim var.
- 100 ildən çoxdur ki, Ermənistanın Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddiası var. Ermənistan bu iddiasından çəkilirmi?
- Ermənistan və bütün dünya erməniləri 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirir ki, bunu dəyişmək mümkün deyil. Türkiyə də bu reallığı qəbul edir ki, ermənilər belə düşünürlərsə, problem deyil, düşünə bilərlər. Amma dövlətlərarası münasibətlər qurulduqdan sonra Ermənistan rəsmi səviyyədə “soyqırımı”nın tanıdılması siyasətini davam etdirərsə, o zaman bu, əlbəttə ki, münasibətlərə mənfi təsir edəcək. Hesab edirəm ki, Paşinyan münasibətlərin normallaşmasında səmimidirsə, münasibətlər qurulandan sonra yenidən əlaqələrin qırılmasına səbəb ola biləcək siyasət aparmayacaq. Düzdür, ABŞ-dakı, Fransadakı və digər ölkələrdəki erməni lobbi təşkilatları “soyqırımı”nın tanıdılması istiqamətində fəaliyyət göstərəcək. Amma rəsmi İrəvan Ankara ilə münasibətlər qurduqdan sonra bu siyasətdən tədricən geri çəkiləcəklər. Əlbəttə, biz Ermənistandan gözləyə bilmərik ki, birdən-birə durub deyəcək ki, “biz “soyqırımı”nın tanıdılması siyasətindən əl çəkirik”, yox, belə olmayacaq. Amma məncə, Paşinyan dərk edir ki, “soyqırımı” məsələsini arxa plana atmaq lazımdır.
Yeri gəlmişkən, Türkiyə münasibətlərin normallaşması istiqamətində ilk xoşməramlı addımını atıb. Belə ki, ötən günlərdə Vanda yerləşən erməni kilsəsi – Aktamar ziyarətə açılıb. Ərdoğanın hakimiyyətinin ilk illərində o kilsə açılmışdı. Sürix protokolları məsələsi baş tutmayandan sonra kilsədə ayinlər dayandırılmışdı. Türkiyə hökuməti orada yenidən ayinlərin icrasına icazə verib. Bunu Türkiyənin xoşniyyətli addımı kimi qiymətləndirmək olar.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistanla Azərbaycan arasında yükun sülhün əldə olunmasına müsbət təsir göstərə bilərmi?
- Mən burada daha çox xalqlar arasında etimadın qurulmasının əhəmiyyətli olduğunu düşünürəm. Çünki xalqlar arasında etimad qurulmasa, düşmənçilik və nifrət davam etdiyi müddətdə heç bir nəticə əldə olunmayacaq. Xalqlar arasında tədricən etimad yaranmağa başlayarsa, qarşılıqlı nifrət azalarsa, müsbət nəticələr olacaq. Bunun üçün də, təbii ki, zaman lazımdır. Müharibənin yaraları təzədir. Sonuncu müharibədə ermənilər daha çox itkiyə məruz qaldılar. Biz isə Birinci Qarabağ müharibəsində ağır itkilərlə üzləşmişik. Xocalı soyqırımını xatırlamaq kifayətdir ki, bu yaraların olduğunu söyləyək. Lakin tədricən etimad mühiti formalaşarsa, yaxınlaşmalar olacaq.
Siyasi baxımdan isə Rusiya faktoru önəmlidir. Açığı, yaxın gələcək üçün ümidimiz yoxdur. Ümumiyyətlə, Rusiya sülhməramlıları Qarabağa gəldikdən sonra məsələdə Ermənistan söz sahibi deyil. Orada yeganə söz sahibi Rusiyadır. Buna görə də proses çətin gedəcək. Son həftələrdə biz Rusiyanın nə qədər geniş təxribat imkanlarına sahib olduğunu görürük. Məlum olan odur ki, Xankəndidə İrəvan ikinci plana düşüb, söz sahibi Moskvadır. Biz Qarabağla bağlı qalan məsələlərimizi Ermənistanla yox, Rusiya ilə həll etməliyik.