44 günlük Qarabağ müharibəsi günlərində tarixə keçmiş bir neçə trendlər var ki, onlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəngləri ilə bağlıdır. Həmin videroliklərin birində gərək ki, Putin telefonu götürüb məşğul olduğunu, daha sonra əlaqə saxlamağı məsləhət görür. Paşinyan həmin günlər təkcə Kremlə zəng etmirdi, kömək istəyə biləcəyi kimin telefonunu tapırdısa, nömrəsini yığırdı...Müharibədən keçən 11 ayda da Paşinyan bir neçə dəfə Putinlə təkbətək görüşüb, bir neçə dəfə telefonla danışıb. Hətta elə həftə olub ki, iki və ya üç dəfə... Bu hələ rəsmi açıqlanan rəsmi xəbərlərdir, yəqin ki, bu telefon danışıqlarının qeydə keçməyənləri də var.
Putin məşğul və işlək adamdır, çünki Rusiya bir az da velosiped kimidir, dayansa, aşa da bilər. İndi isə ölkə həm də mühüm sentyabr seçkiləri ərəfəsindədir. Bir sıra yerli və beynəlxalq problemlər də var ki, bununla da birbaşa prezidentin məşğul olması lazım gəlir.
Əlbəttə, Putinin Qarabağ məsələsi ilə bağlı 10 noyabr və 11 yanvar sənədlərində üzərinə götürdüyü şəxsi məsuliyyəti də var. Rusiya 30 ilədək davam edən Qarabağ konfliktini heç vaxt beynəlxalq problem hesab etməyib. Təsadüfi deyil ki, müharibə vaxtı da ən aktiv müzakirələr Kremllə olub, bunu Rusiya prezidenti müsahibələrinin birində etiraf da edib.
İndi adama qəribə gəlir, amma bizim üçün çox mühüm mənəvi-strateji şəhər olan Şuşanın taleyi də məhz o günlər Putinlə detallı müzakirə olunub.
İrəvan Azərbaycan Ordusunun qarşısını almaq üçün Putinə yalvarırdı və mənə məlum olan qeyri-rəsmi iddialara görə, müharibə əslində, noyabrın 1-də sona yetməli imiş. Amma ordumuz oktyabrın sonunda artıq Şuşa ətrafında mövqelərini möhkəmlətmişdi və döyüşlər şəhərin bir neçə kilometrliyində gedirdi. İddialara görə, Putin Paşinyana təklif edib ki, hərbi əməliyyatların dayandırılmasını istəyirsə, o zaman Azərbaycanın şərtinə əməl etsin- yəni, Şuşanı boşaltsın. Müharibədən sonra Paşinyan bu barədə bir neçə dəfə erməni cəmiyyətinə danışıb, təklifə baxmayaraq, Şuşanı boşaltmaqdan imtina etdiyini bildirib. Sonrası məlum...
Müharibədən sonrakı iki-üç ayda Ermənistanda başlamış mitinqlər təkcə Paşinyanın əleyhinə deyildi, erməni cəmiyyətində Rusiyaya qarşı ciddi narazılıqlar, ittihamlar vardı. Açıq şəkildə “Rusiya bizi satdı”, “Putin bizi aldatdı” deyirdilər. Amma tezliklə narazı səsləri kəsildi, baxdılar ki, yenə bunlara yiyə duran elə Rusiya olacaq. O səbəbdən son aylar Rusiya ilə münasibətlərdə xeyli yumşalmalar var. Putin də daha Paşinyanı telefonda “ojidaniyada” gözlətmir, onun zənglərinə cavab verir, dinləyir və sairə...
Son olaraq Paşinyanın srağagün Kremlə zəng edərək, “Alo, Vladimir Vladimroviçlə calaşdırın” deməsinin səbəbi də bəllidir. Avqustun 25-də Aşağı Cibikli kəndi yaxınlığında sərhədçimizə edilmiş xain hücumun ardınca, Azərbaycan Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsini bağlamışdı. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra yolda hərəkətin bərpa edildiyini bildirilir. Bu zəngin yol probleminə birbaşa aidiyyəti olduğu şübhə doğurmur. Paşinyan xarakter olaraq şikayətçidir, o cümlədən də, hər imkan düşəndə Azərbaycandan da dövlət rəhbərinə yaraşmaya tərzdə şikayət, ah-uf edir. Putin isə bu şikayətlərə indi daha hövsələli qulaq asmaq zorundadır, onu saktləşdirməli, hətta “qorxma-qorxma” deməlidir. Hər halda, yolun açılması xəbərləri ilə Putinlə telefon danışığı barədə məlumatın eyni zamana təsadüf etməsi diqqət çəkir.
Başqa diqqətçəkən məsələ də var. Qafan meri iddia edib ki, yolun Şahverdilər-Çayzəmin kəndləri arasında keçən hissəsində nəqliyyatın hərəkətini yavaşıtmaq üçün Azərbaycan beton bloklardan ziqzaqvari maneələr yaradıb. Mer əlavə edib ki. “Rusiya sərhədçiləri yolun bu hissəsinə nəzarət edəcək”. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı bildirib ki, yayılan məlumat doğru deyil. Gorus-Qafan yolunda Rusiya sərhədçilərinin nəzarət-buraxılış məntəqəsi yaradılmayıb və hərəkət əvvəlki qaydada davam edir.
İndilikdə Qafan merinin, yoxsa İrəvanın rəsmi nümayəndəsinin dediklərinin həqiqət olduğu bilinmir. Rus sərhədçilərinin Ermənistan sərhədini qoruduqları faktdır. Əgər Azərbaycanın ərazisi kimi tanınan 21 kilometrlik əraziyə Rusiya sərhədçiləri yerləşərsə, bu Bakının ciddi nazarılığına səbəb olacaq. Mümkündür ki, Paşinyan Putindən təkcə yolun açılmasında deyil, sərhədlə bağlı əlavə kömək də istəyib...
Musavat.com
Tarix: 28-08-2021, 17:47