Müstəqil tiranlıq, xalqın əfqanı, oyanmayan qara bəxti...



Əfqanıstan kimi ölkələrin acı təcrübəsi bir daha müstəqil dövlətçilik və demokratiya xüsusunda mübahisələri qızışdırır.
Gerçəkdən də, qəbilə təfəkkürü ilə qurulan idarəetmə rejimi bir xalqı əsir-yesir, səfil-sərgərdan, qaçqın-köçkün, qul-kölə, bədbəxt-binəsib edəcəksə, elə müstəqil dövlət kimə lazımdır?
Razılaşmayanlar deyəcək ki, yox, suverenitet hər xalqın müstəsna hüququdur. Elədir, amma burada əsas şərt “öz taleyinə sahib çıxan, ortaya iradə qoyan xalq”ın olmasıdır.
Öz taleyinə sahib çıxa bilməyən, ayrı-ayrı silahlı birləşmələrin (bu, Myanmadakı nizami ordu da ola bilər, Əfqanıstandakı terrorçu qruplaşma da) zorakı iradəsinin altında inləyən xalq üçün “müstəqil dövlət” vətəndaşı olmağın faydası yoxdur, o, sadəcə, heç kimə hesabat verməyən, heç bir beynəlxalq təşkilatdan, məhkəmədən çəkinməyən, özbaşınalıq və qəddarlıqla idarə olunan istibdad yuvasının köləsidir. 
Belə rejimlərin holdinq kimi işlətdiyi dövlət adlanan təsisat yalnız onu idarə edənlərə müvəqqəti xoşbəxtlik gətirə, onların komfortlu yaşayışını, hüdudsuz varidat toplamalarını təmin edə bilər.
Dövlətin əsas funksiyası vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, rifahını təmin etmək, milli mədəniyyətinin inkişafına nail olmaqdırsa, müstəqil tiranlıqlar heç zaman bunları təmin etmirlər, əksinə, xroniki şəkildə xalqı, vətəndaşları əzir, istismar edir, hüquqlarını ya məhdudlaşdırır, ya da bilmərrə tanımır, xarici təhlükə yarananda isə ya asanlıqla təslim olur, ya da başsız qoyub qaçırlar.
Belə “dövlət”lər ayrıca götürülmüş bir coğrafi məkanda silah gücünə təsis edilmiş zor aparatıdır.
“Taliban”ın Əfqanıstanda qurmağa çalışdığı dövlət təsisatı bundan artıq olmayacaq. Xalq hüquqsuzluq, səfalət, özbaşınalıq, istismar girdabında boğulacaq, əfqanı dünyanı başına götürəcək, amma qara bəxti oyanmayacaq. İmkanı olan o “doğma vətəni”, “müstəqil Əfqanıstan”ı tərk edəcək. Çünki onlara bu pafoslu epitetlər lazım deyil, qorxu-ürküsüz, aclıq çəkmədən yaşamaq lazımdır.
Bəlkə də iki ay öncəyə qədər əfqan xalqının böyük əksəriyyəti yadelli qoşunların, ABŞ və NATO hərbi kontingentinin ölkədən rədd olub getməsini ülvi məqsəd sayırdı, amma iki aydan sonra daha bərbad duruma düşdükləri zaman anlayacaqlar ki, arzu etdikləri bu deyilmiş. “Taliban” onlara “müstəqil dövlətin vətəndaşı olmaq” xoşbəxtliyini doya-doya yaşadacaq.
Bu, ona görə belədir ki, əfqan xalqı gerçəkdən də demokratiyaya hazır deyil. Bu cür xalqlar müxtəlif səbəblərdən demokratik rejim bərqərar edə bilmədikləri üçün Avropa standartlarına uyğun müstəqil dövlət də qura bilmirlər. Qəbilə təfəkkürü, hakimiyyət, varidat hərisliyi imkan vermir. Əlinə hakimiyyət və yüksək vəzifələr keçən istənilən siyasi qrup dərhal müstəbidə çevrilir, acgözlük və tamahkarlıqla ölkəni talamağa başlayır.
Bir əfqanlar deyil. Dünyadakı 200 dövlətin 2/3-də vəziyyət aşağı-yuxarı bu cürdür. Demokratiyaya hazır olmayan, doğru-dürüst seçki keçirərək, özünə legitim idarəedicilər seçə bilməyən, ən adi hüquqlarını əldə etmək üçün vaxtaşırı qurbanlar verən xalqlar öz bayrağı, gerbi, himni olan “müstəqil dövlət”lərdə zəlil gündə yaşayırlar.
Allahın işinə baxın ki, azad və firavan yaşamaq üçün bütün imkanlara, ən əsası şüur yetkinliyinə malik olan katalonlar və basklar İspaniyanın, irlandlar isə Böyük Britaniyanın tərkibində “müstəmləkə”dirlər. Onlar öz müstəqil dövlətlərini qurmaq üçün uzun illərdir, çalışırlar, amma məqsədlərinə nail ola bilmirlər. Avropanın böyük dövlətləri onların müstəqil dövlət qurmaq planlarını separatizm sayır.
Belə anlaşılır ki, bu xalqlar heç də müstəqillik üçün qanlarını qaşığa qoymaq, silaha sarılıb ölüm-dirim mübarizəsinə qalxmaq istəmirlər. Müəyyən vaxtdan bir sırf siyasi yollarla müstəqillik qovğası başladırlar, o da metropoliyanın təzyiqlərinə tuş gəlir. Hətta bir ara irlandlar müstəqillik üçün keçirdikləri azad referendumda müstəqil dövlət qurmaq layihəsinə səs vermədilər. Ona görə ki, günləri, güzəranları yaxşı keçir, anayırlar ki, Böyük Britaniyadan qopsalar, durumları bundan daha pis olar.
Müstəqillik üçün silahlı və qanlı savaş aparan xalqlar isə, nə yazıq ki, minlərlə qurban versələr də, əsl azadlıq əldə edə, haqq-ədalətin təmin olunduğu dövlət formalaşdıra bilmirlər.
Uzun sözün kəsəsi, Əfqanıstana belə müstəqillik lazım deyildi. Bu ölkə hələ bir müddət də yadelli qüvvələrin nəzarətində (işğalında) qalsaydı, zamanla bəlkə də daha normal bir idarəçilik ənənəsinə sahib olacaqdı. Artıq ola bilməyəcək. Müasir dövrün “xaş-xaşilər”i bu xalqın inkişaf yönünü orta əsr zülmətinə doğru döndərdi.

Xalid KAZIMLI
Tarix: 24-08-2021, 08:40
Xəbəri paylaş



Xəbər lenti