Parlamentin “Serbiya qrupu”nun üzvü danışdı: “Ehtiyatlı olaq...”

Ekspertlər hesab edir ki,  Serbiyanın Ermənistana silah satması faktını Azərbaycan tərəfi ikili münasibətlərdə nəzərə almalıdır

Serbiyanın Ermənistana silah satması Azərbaycanla Serbiya arasında diplomatik gərginliyin yaşanmasına səbəb olub. Serbiya rəsmisi Ermənistana silahların “özəl bir şirkət tərəfindən ixrac edildiyini” açıqlayıb. Təsadüfi deyil ki , bu məlumatın yayılması Ermənistanla Azərbaycan sərhədində silahlı qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edir. Azərbaycan tərəfindən isə bildirilib ki, Serbiyadan Ermənistana minamyotlar və böyük həcmdə silah-sursat göndərilməsinə dair etibarlı və təsdiqlənmiş məlumat var, bu isə yüksək səviyyədə mövcud olan qarşılıqlı etimada kölgə salır.BBC-nin məlumatına görə, Serbiya ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç  serb silahlarının Ermənistana verilməsini qismən etiraf edib. Bu ölkə qanunvericiliyinə əsasən, silah ixracına icazəni sözügedən nazirlik verir.  Nazir bildirib ki, dövlət şirkətlərinin bu satışda iştirakı olmayıb: “Hansı şirkət olduğunu deyə bilmərəm, amma məlum olan budur ki, o, dəyəri milyon avrodan aşağı olan, əsasən silah və tapança ixrac edib. Satış iki hissədə, may və iyun aylarında yerinə yetirilib”
Serb nazir vurğulayıb ki, hazırda Ermənistana qarşı Avropa İttifaqı, BMT, ABŞ və Rusiya sanksiyaları mövcud deyil və rəsmi sanksiyaların olmadığı təqdirdə, hər hansı dövlətin, bu halda Ermənistanın istəyini rədd etmək çox çətindir".
Lakin o da qeyd edilir ki, rəsmi olaraq Serbiya son səkkiz ildə Ermənistana heç bir silah satmayıb.
Rəsmi Belqrad Azərbaycanla əlaqələrin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini və danışıqlar apararaq bu əməkdaşlığa zərər dəyməməsinə çalışacaqlarını bildiriblər. İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və nazirin müavini Xələf Xələfovla görüş keçirilib.
Xələf Xələfov Hollandiyada olub
X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcimdə silah, sursatın göndərildiyini qarşı tərəfə bildirib. O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minaatan atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.
Qeyd edək ki, Ermənistan, Serbiya daxil olmaqla, müxtəlif ölkələrdən satın aldığı BMT hesabatlarında Ermənistan Respublikası üçün alındığı göstərilən silahların bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimə ötürür. 
Serbiyanın Tovuz döyüşləri gedən ərəfədə belə bir addım atması Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub. Qeyd edək ki, 2018-ci ilin mayında Serbiya ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair birgə Fəaliyyət Planı imzalanıb. İki ölkə arasında İqtisadi və Ticari Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.
Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan ...
İqtisadçı-alim Fikrət Yusifov da bildirdi ki, Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxa bilər: “İqtisadi baxımdan bu bizim əlaqələrimizə təsir edəcək. Güclü strateji və iqtisadi əlaqələrimizin olduğu Serbiyanın belə bir addım atacağını  gözləmirdik. Ancaq burada iqtisadi maraqlar məsələsi var. Biz hazırda Serbiyanı qınayırıq, mən də qınayıram.
Ölkəmizlə yüksək səviyyəli münasibətləri fonunda Serbiya gərək belə bir addım atmazdı. Ancaq Rusiya həm bizə, həm də Ermənistana silah satır. Rusiya, ümumiyyətlə, bu münaqişədə Ermənistanın havadarıdır. Hər zaman Ermənistan da bu sualı verir ki, niyə Azərbaycana silah satırsınız. Artıq dünyada bu məsələlərə başqa rakursdan baxılır, iqtisadi maraqlar hər şeyi üstələyir. Hətta bizim Serbiyadakı səfirin də əleyhinə yazılar yazırlar. Ancaq səfir nə edə bilər,  o ölkənin marağıdır ki, istehsal etdiyi məhsulu satsın və valyuta qazansın. Həm də bunu edən bir özəl şirkət olub. Ona görə də bu məsələni şərh edərkən birtərəfli yanaşmaq olmaz. Bizim də silah sənayemiz var, hərbi sənayemiz inkişaf edir. Beynəlxalq hərbi yarmarkalarda iştirak edirik. Silah satışı hamı tərəfindən qəbul edilən bir standarta çevrilib. Doğrudur, bizim Serbiya ilə yaxın münasibətlərimiz fonunda belə olmamalıydı, bunu nəzərə alacağıq. Bundan sonrakı münasibətlərin inkişafında, qarşılıqlı addımların atılmasında bu amil nəzərə alınacaq".
Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı
Serbiya ilə Azərbaycan arasında Parlamentlərarası Qrupun üzvü, deputat Asim Mollazadə də Serbiyanın bu addımını “Yeni Müsavat”a  şərh edərkən  bildirdi ki, biz baş vermis bu hadisəni nəzərə almalıyıq və gələcəkdə münasibətlərimizdə çox ehtiyatlı olmalıyıq: “Mənə elə gəlir ki, bir məsələni də anlamağa ehtiyac var. Vaxtilə Serebrenitsa qatilləri ilə Xocalı qatillərinin əməkdaşlığı mümkün olan haldır. Çünki hər iki dövlət insanlığa hərbi cinayət törədib. Dünyada ən fəal silah satışı sektorunda həm serblər, həm də ermənilər çox fəaldırlar. Erməni şəbəkəsi bu prosesdə bilavasitə iştirak edir. Təbii olaraq Azərbaycan bu sualı Serbiya hökuməti qarşısında qaldırmalıdır. Bu dövlətin müvafiq nazirləri Ermənistana silah satmaqla, həmin silahların Azərbaycana qarşı istifadə edilməsinə icazə vermiş olur və aydın məsələdir ki, həmin silahlar azərbaycanlıların qətli üçün istifadə olunacaq”.
A.Mollazadənin fikrincə, biz çalışmalıyıq ki, bu məsələni bütün dövlətlərlə münasibətlərimizdə bir şərt kimi istifadə edək. Ermənistana bilavasitə silah satan dövlətlərin Azərbaycanla münasibətlərində bu amil mütləq nəzərə alınmalıdır. Ancaq bir məsələni də deyim ki, Ermənistanın silahlı qüvvələrinin təchizatı yüksək faizlə Rusiya tərəfindən həyata keçirilir. Ermənistan silahlı qüvvələri artıq Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir, bu dövlətlər səviyyəsində də təsdiq olunub və onlara əlavə olaraq da silahlar verilir. Ermənistanın silahla təchizatının əsas mənbəyi Rusiyadır. Digər ölkələrin Ermənistana silah satmasının arxasında da dünyadakı cinayətkar şəbəkələr və onların erməni şəbəkələri əlaqələri dayanır. Biz unutmamalıyıq ki, Xocalı ilə Serebrenitsa qatillərinin əməkdaşlığının şərhə ehtiyacı yoxdur. Bu, hərbi cinayətlərə imza atan qüvvələrin əməkdaşlığıdır".
Tarix: 24-07-2020, 09:30
Xəbəri paylaş



Xəbər lenti