Xəbər verildiyi kimi, iyulun 21-də Türkiyə və Rusiya Xarici İşlər nazirliklərinin heyətləri Ankarada görüşüblər.Tərəflərin Liviya böhranına çözum axtardıqları və buna atəşkəs vasitəsi ilə nail ola biləcəkləri qeyd olunub. Bununla əlaqədar tərəflər öz şərtlərini müəyyənləşdirmək istiqamətində işlər aparacaqlarını bildiriblər. Ekspertlər hesab edirlər ki, Liviya məsələsində uduzan Rusiya masada “əlini gücləndirmək” üçün Cənubi Qafqazda erməni həmləsindən istifadə edir. Buna görə də Türkiyənin enerji təhlükəsizliyini təhdid edərək Tovuz rayonu ərazisindən Ermənistanı təxribata cəlb edib.
Maraqlıdır, Rusiya həqiqətənmi “əlini gücləndirmək” üçün “Cənubi Qafqaz kartı”nı oynadı?Məsələyə münasibət bildirən politoloq Elşən Manafov
Cebhe.info-ya açıqlamasında deyib ki, tərəflərin Cənubi Qafqazda ortaq məxrəcə gələcəkləri gözlənilən idi:
“Rusiya ilə Türkiyə arasında Liviyada üst-üstə düşməyən maraqların və münasibətlərdəki gərginliyin ardından tərəflərin Cənubi Qafqazda ortaq məxrəcə gələcəkləri gözlənilən idi. 21 iyulda da iki ölkənin Xarici İşlər nazirlərinin görüşündə bu kimi məsələlərin müzakirə olunacağı da əvvəlcədən proqnozlaşdırılan idi. Rusiya Türkiyənin Liviyada daha fərqli və inadçı mövqe sərgiləyəcəyini bilirdi. Söhbət yalnız Liviyadan deyil, Aralıq dənizinin şərq hövzəsində nəhəng neft və qaz yataqlarından gedirdi. Türkiyənin legitim Liviya hökuməti ilə əldə etdiyi razılığa görə, sözügedən enerji yataqlarında kəşfiyyat işi ilə bağlı Liviya hökumətinin rəsmi razılığı alınıb. Cənubi Qafqazda isə Türkiyənin strateji müttəfiqi və qardaş ölkə Azərbaycandır. Burada Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən gərginləşməsi, eyni zamanda da bu gərginliyin Türkiyənin və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Tovuz rayonu istiqamətində daha fərqli bir hal alması qardaş ölkəni narahat etməyə bilməzdi. Bundan əlavə, Türkiyə Rusiyadan idxal etdiyi mavi qazın 50 faizindən imtina etmişdi. Bunun rəsmi səbəbləri açıqlanmasa da yaxın 3 ayda TAP və TANAP layihələrinin işə düşməsi ilə Türkiyənin qaz ehtiyacının böyük hissəsinin ödəniləcəyi hesab olunub. Bu layihələrdə Türkiyənin mənfəəti də böyükdür. Bunu da Rusiya yaxşı bilir. Ona görə də bu məsələ ilə əlaqədar məlum dövlətlər arasında gərginliyin yüksək həddə çatmasında Rusiya maraqlı idi. Rusiya öz mövqeyini qorumaq üçün hadisələrə birbaşa deyil, kənardan müdaxilə edir. Rusiya Paşinyanın siyasətindən narazıdır. Paşinyan həm Qərbdən maliyyə dəstəyi gözləyib, həm də Rusiyadan təhlükəsizliyinin təmin olunmasını tələb edə bilməz. Uzun müddət ikibaşlı oyun aparmaq Paşinyan hakimiyyətinə yaxşı heç nə vəd etmir. Ona görə də Rusiya Cənubi Qafqazda Türkiyə ilə razılığa gəlmək üçün bu təxribatın yaranmasına və Türkiyənin bura cəlb olunmasına nail oldu”.Elşən Manafov hesab edir ki, Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı məsələlər Türkiyənin “Axilles dabanı” kimidir:
“Prezident Ərdoğanın hər cür hərbi yardımla Azərbaycanın yanında olduğunu bildirməsi, Rusiya- Türkiyə münasibətlərində, dolayısı ilə Rusiya – NATO münasibətlərinə gərginliyin artmasına səbəb ola bilərdi. Ona görə də rus diplomatiyası bu incə məqamı fərq etdi. Onlar anladılar ki, Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı məsələlər həm etnik, həm dil və ən əsası qardaş ölkənin enerji təhlükəsizliyi faktoru baxımından Türkiyənin “Axilles dabanı” kimidir. Türkiyə bu məsələdə həm öz, həm də Azərbaycan dövlətinin maraqları naminə müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Eyni zamanda, Türkiyə rəsmi olmasa da faktiki olaraq NATO-dan qismən uzaqlaşıb. NATO dövlətləri olan Fransanın, Yunanıstanın Liviya məsələsində Ərdoğana dirəniş göstərməsi Cənubi Qafqazla bağlı məsələlərdə onu Putinlə ortaq məxrəcə gəlməyə məcbur edəcəkdi. Ona görə də düşünürəm ki, iki ölkənin Xarici işlər nazirlikləri səviyyəsində keçirilmiş görüşdə Cənubi Qafqazla bağlı məsələdə razılığa gəliblər. Türkiyə ATƏT-in Minsk qrupunda təmsil olunan 11 dövlətdən biridir. Bunu Rusiya da anlayır. Düşünürəm ki, tərəflər arasındakı razılığa əsasən ATƏT-in formatın deyil, iş üslubunun dəyişilməsindən söhbət gedə bilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni şəkildə ermənilərin köçürülməsi ilə bağlı mövqeyi və bunun ardınca Konqresin sözügedən məsələdə erməni işğal faktını tanıması Rusiyanı narahat edir. Çünki olar bilir ki, bu məsələ ilə bağlı ABŞ diplomatiyasının fəallaşması və Cənubi Qafqazla bağlı vəziyyətə daha fəal müdaxilə etməsiylə nəticələnə bilər. Bu eyni zamanda ABŞ-ın Sarkisyana ciddi təzyiqi kimi də qəbul oluna bilər. Ona görə Rusiya NATO-nun timsalında bu məsələdə Türkiyə ilə razılığa gəlməyə çalışır ki, rəsmi Ankara Cənubi Qafqazda baş verən bu hadisələrə hərbi müdaxilə etməsin, özünün seyrçi və diplomatik mövqeyi ilə kifayətlənsin”.Ekspert əlavə edib ki, yaxın zamanda Rusiya- Türkiyə münasibətlərində yeni bir mərhələnin başlamasının şahidi olacağıq:
“Güman edirəm ki, Rusiya Türkiyənin enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bunu Türkiyə də anlayır. Çünki Tovuz bölgəsindən keçən kəmərlər üçün hazırkı təhlükə çox ciddidir. Hərbi əməliyyatların geniş miqyasda başlaması kəmərlərin təhlükəsizliyini ciddi sual altında qoya bilər. Doğrudur, Azərbaycan bu məsələni tez bir zamanda öz xeyrinə həll edə bilər. Lakin Rusiya ilə qarşılaşarsa, bu gözlənilməz vəziyyətləri ortaya çıxara bilər. Türkiyə rəsmiləri də bunu anlayır. Hesab edirəm ki, Rusiya- Türkiyə münasibətlərində yeni bir mərhələnin başlamasının şahidi olacağıq. Bu mərhələ Liviya böhranına çözüm axtaran tərəflər arasında Cənubi Qafqazda anlaşmanın əldə edilməsinə xidmət edəcək”.
Tarix: 23-07-2020, 12:37