Azər Rəşidoğlu: “Rusiya Gürcüstana istiqamətlənən boru kəmərlərinə nəzarəti ələ keçirmək, Orta Asiya və Azərbaycanın Qərbə çıxışını bağlamaq istəyir” “Hazırda ölkədə hər kəs vəziyyətin ciddiliyini anlayır. Çünki Azərbaycanın müstəqilliyi təhdid altındadır. Yenə də Rusiya “erməni cildi”nə girib, müstəqilliyimizi təhdid edir”.
Bunu AYNA-ya açıqlamasında “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu deyib. Bildirib ki, Rusiya Gürcüstana istiqamətlənən boru kəmərlərinə nəzarəti ələ keçirmək, Orta Asiya və Azərbaycanın Qərbə çıxışını bağlamaq istəyir.
“Odur ki, döyüşlər Dağlıq Qarabağda deyil, Gürcüstanla sərhədlərə yaxın yerlərdə aparılır. Əsas hədəfin Qazax olduğunu da ehtimal edə bilərik. Bu savaşın başlıca müəllifi Rusiyadır. Lakin Moskva Paşinyandan tam arxayın deyil. Odur ki, əksər Rusiya mətbuatı, o cümlədən qatı ermənipərəst olan jurnalist Vladimir Solovyov da neytral mövqe sərgilədi. Ən maraqlısı da odur ki, Türkiyə Rusiyanı açıq təhdid etdi və Ermənistana dəstək verəcəyi təqdirdə, Azərbaycana yardım edəcəyini açıqladı. Bu isə artıq yeni bölgə savaşının xəbərçisidir. Bir sözlə, Azərbaycanın qərbində Rusiya və ABŞ-ın maraqları toqquşur. Lakin ehtimal edirəm ki, bəzi ABŞ konqresmenləri də Ermənistanı müdafiə edəcək”, - politoloq vurğulayıb.
O, Türkiyənin müstəqil oyunçu kimi öz sözünü deməsini sevindirici hal hesab edir: “Azərbaycanın yeganə müttəfiqi Türkiyədir. Bakı Ankara ilə daha sıx hərbi və siyasi əməkdaşlığa üstünlük verməli, konfederasiya barədə ciddi düşünməlidir. Bu dəfə də Rusiya öz forpostu olan Ermənistanı müdafiə edəcək. Yeni ərazi itkiləri olarsa, onsuz da sadə olmayan sosial vəziyyət daha da gərginləşə bilər. Bu baxımdan, Türkiyə ilə daha sıx əməkdaşlığa başlamağın vaxtı çatdığını düşünürəm”.
“Vəziyyətin ciddiliyi hər kəsi birləşdirdi. Demokratik müxalifət ilk gündən Ali Baş Komandana dəstək verdi. Bu, təqdirəlayiq haldır. Lakin mən gözləyirdim ki, müxalifət Prezidentə müraciət edərək, birgə mitinq keçirməyi təklif edəcək. Heydər Əliyevin zamanında olduğu kimi, bütün siyasi qüvvələr birləşib, Ermənistana və onun havadarına cavab verəcək. Doğrudur, belə təşəbbüs iqtidardan gəlməli idi. Lakin müxalifət də Rusiyanın planlarının miqyasını düşünərək, Vətən naminə bunu edə bilərdi. Ki, bu, hələ də gec deyil. Nə iqtidar, nə də müxalifət unutmalıdır ki, ictimai rəy savaşdan yanadır. 7-dən 77-yə hər kəs torpaqlarımızın azad edilməsi üçün döyüşə getmək istəyir. İyulun 14-də şəhər “ya Qarabağ, ya ölüm” şüarı ilə orduya dəstək aksiyaları keçirdi. İnsanlar bir yumruq kimi birləşdi. Bu, mənəvi baxımdan böyük qələbədir. Çünki müxalifətli-iqtidarlı hər kəs öz ambisiyasını kənara ataraq, bir araya gəldi. Bütün gecə Azərbaycan insanı yatmadı. Şəhid generalımız hər birimiz üçün bir bayrağa çevrildi”, - müsahibimiz qeyd edib.
Rəşidoğlu həmin insanları mobilizə etmək və xarici düşmənə qarşı birləşdirməyin lazım olduğu düşüncəsindədir: “Bu potensialdan istifadə olunmasa, daha uzun illər rüsvayçı atəşkəslə barışmalı olacağıq. Biz müharibə tərəfdarı deyilik, lakin ərazimizə hücum edən düşmənlərin də (məhz düşmənin, azad seks tərəfdarlarının dediyi kimi “qarşı tərəf”in yox) cavabını verməyə, torpaqlarımızı azad etməyə hazırıq. Düşünürəm ki, ölkədə hərbi vəziyyət və səfərbərlik elan edilməli, bütün hədəflər bir istiqamətə yönəlməlidir. Tarixi şans yetişib və bundan bəhrələnmək lazımdır. Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycan 30 ilin rüsvayçılığına son verməli və savaşa başlamalıdır”.
“Bu məsələdə siyasi partiyaların zəif fəaliyyətini də diqqətə çatdırmaq lazımdır. Hakim Yeni Azərbaycan Partiyası proseslərin arxasınca süründü, Ali Baş Komandana dəstək mitinqinə qatılmadı. Aparıcı müxalifət partiyaları da proseslərin ardınca addımladı. O cümlədən, ziyalı və ictimai fəallar olduqca passiv mövqe sərgilədilər. Əvəzində biz nəyin şahidi olduq? Aksiyalara gənclik qoşuldu. “Z nəsli” proseslərin avanqardına çevrildi. Əslində, o nəslin qarşısına çıxan lider yeni dövrün lideri olacaqdı. Burada bir məqama da diqqət yetirmək lazımdır. Ali Baş Komandan orduya dəstək nümayiş etdirən insanlarla görüşsə, onlara əlavə ruh versə, bu, erməniləri qorxuya sala bilər. Xalq öz Prezidenti ilə birlikdə torpaqlarını qorumağa qadir olduğunu nümayiş etdirməlidir”, - analitik əlav edib.
Müəllif:
Mərahim Nəsib
Tarix: 18-07-2020, 10:00