Son illər Mətbuat Şurasının “reket jurnalistika”ya, ümumiyyətlə, jurnalist etikası və peşə prinsiplərinə zidd hərəkət edənlərə qarşı gördüyü tədbirlər cəmiyyət tərəfindən müsbət qarşılanır.Lakin özünü az qala toxunulmaz hesab edən bəzi media rəhbərləri bundan nəticə çıxartmır. Təəssüf ki, Mətbuat Şurası da belələri ilə bağlı susmaqda davam edir.
Axı, jurnalist etikası, peşə prinsipləri kimliyindən asılı olmayaraq hər bir media mənsubuna şamil edilməlidir.
Bəs necə olur ki, son vaxtlar az qala hər məqaləsində konkret şəxslərin ünvanına ən təhqiramiz ifadələr işlədən Virtualaz.org və Haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevə gözün üstə qaşın var deyən olmur ? Axı, heç bir halda insanların şərəf və ləyaqətini alçaltmaq olmaz.
Həm də söyüş, təhqir, böhtan nə vaxtdan jurnalistika hesab olunur?Ümumiyyətlə, bu nə üslubdur, bu nə dəst-xəttdir ?
Mənim məqsədim təhqir olunan, alçaldılan şəxslərə vəkillik etmək deyil. Onların kifayət qədər imkanları var ki, özlərini müdafiə etsinlər. Məqsədim kiminsə adının “qara siyahı”ya, reket siyahısına salınması da deyil. Yeganə məqsədim bu ziyanlı və yolverilməz “jurnalist üslubu” barədə fikrimi cəmiyyətlə bölüşməkdir.
Bu “üslub”un nə qədər təhlükəli olduğuna inanmaq üçün Eynulla Fətullayevin son bir ayda Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayev, Azərsun Holdinqin prezidenti Abdulbarı Gozel, ADP sədri Sərdar Cəlaloğlu, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində yazdıqlarına və verdiyi sensasiyalı açıqlamalara göz atmaq yetər.
Fətullayev öz məqaləsində haqqında bəhs etdiyi adamın ünvanına aşağıdakı söyüş və təhqirləri yağdırır:
quldur, tərbiyəsiz, əxlaqsız, küçə uşağı, axmaq, kəmsavad, ikiüzlü, əyalət adamı, oğru, kriminal ünsür, hətta İT BALASI...Bəli, İT BALASI. Bircə müstəqil mediamızda İT BALASI çatmırdı..
Belə ağır söyüşlərlə kifayətlənməyən baş redaktor öz hədəflərini ağır cinayətlərdə ittiham etməkdən də çəkinmir.
Baş redaktor öz məqalələrində Abdolbari Gozelə silahlı basqından, biznesmenin döyülməsindən, seyfindən 180 min dollar aparılmasından, iş adamı Hacı İbrahim Nehrəmlinin kabinetinin “Kalaşnikov” avtomatı ilə güllə-baran edilməsindən, ADP sədri Sərdar Cəlaloğlunun öldürülərək aradan götürülməsi planından və daha nələrdən bəhs etmir...
Birincisi, baş redaktorun dediklərindən belə məlum olur ki, guya həmin dövrdə ölkədə əməlli-başlı anarxiya-bespredel olub.
İkincisi və ən əsası qarşı tərəf baş redaktorun yazdıqlarını şər-böhtan, cəfəngiyyat adlandırır.
Ancaq Fətullayevin şər-böhtan-təhqir maşını dayanmaq bilmir.
Son vaxtlar Fətullayevin əsas hədəflərindən biri də “Palmali”nin sahibi Mənsimovdur.
O, Mübariz Mənsimovun Azərbaycan dövlətinə və SOCAR-a yarım milyard “atdığını “ yazır. Axı, SOCAR bu barədə heç bir açıqlama vermədiyi halda, əlində heç bir rəsmi sənəd olmayan Fətullayev qarşı tərəfi necə ittiham edə bilər ?
Digər tərəfdən hər bir insanın borcu-alacağı-verəcəyi olduğu kimi böyük biznesdə də böyük borcların, böyük alacaqların-verəcəklərin olması təbii haldır. Nəinki yarım milyard, hətta bir neçə milyard. Ona görə də borc sahiblərinin susduğu halda Fətullayevin yarım milyardla bağlı “cırıq 3-lük” söhbəti etməsi gülüncdür.
SOCAR-la kifayətlənməyən baş redaktor Mənsimovun Rusiya hökumətinə də milyardlar atdığını xüsusi olaraq qeyd edir.
Əlində heç bir məhkəmə qərarı, yaxud rəsmi sənəd olmadan iftira atmaq, şər-böhtan yazmaq lap ötən əsrin 37-ci ilinin gizli danoslarını yada salır. Bu reket jurnalistikasından da dəhşətli danos jurnalistikasıdır. Ötən əsrin 30-cu illərində də Moskvaya yazılan belə danoslar minlərlə soydaşımızın həyatına son qoydu. Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər həmin danosların qurbanı oldu.
Söhbət danosbazlıqdan düşmüşkən, mərhum prezident Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, Siyasi Büro üzvü seçiləndə, ali rəhbər vəzifəyə təyin olunanda düşünürdüm ki, hamı sevinəcək, amma Moskvaya danos yazanlar da tapıldı.
Görünür bu gün də bəzi əli qələm tutanlar öz mənəvi atalarının yolunu davam etdirirlər.
Cənab Fətullayev təkcə danosla kifayətlənmir, hansısa karidorlarda eşitdiklərini jurnalist araşdırması kimi tirajlayaraq insanları böyük cinayətlərdə ittiham edir.
Mən başa düşürəm ki, böyük siyasətin və böyük biznesin zirvəsinə heç kim ağ kostyumda və bəyaz əlcəkdə getmir. Amma kimlərisə ittiham etmək üçün əlində rəsmi sənədlər, tutarlı faktlar, dəlillər, sübutlar olmalıdır. Digər tərəfdən öz soydaşımızı deyil, Rusiya şirkətini müdafiə etmək hansı məntiqə söykənir?
Axı, biz nə vaxta qədər özümüz özümüzə qənim kəsiləcəyik?Ümumiyyətlə, Fətullayev son bir neçə ildə elə açıqlamalar verir ki, nəinki jurnalist etikasına, ümumiyyətlə, heç bir qanunlara sığmır.
Məsələn, baş redaktor keçmiş MTN şefi Eldar Mahmudova, həbsdə olan general Akif Çovdarova üzünü tutaraq
“Kişi olun, başınıza bir güllə çaxın... özünüzü öldürün..” kimi açıqlamalar verir.
Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və inanıram ki, hər kəs əməlinə görə layiq olduğu cəzanı gec-tez mütləq alacaq.
Bəs Fətullayev niyə onlara çağırış edir ki, özünüzü öldürün?
Axı, kimisə ölümə çağırmaq özü də yolverilməzdir, hətta cinayətdir.
Fətullayev bu şəxslərin qanun qarşısında, ədalət məhkəməsində cavab verməsini niyə istəmir?
Deyir ki, başınıza güllə çaxın, kişi olun özünüzü öldürün.
Söhbət kişilikdən düşmüşkən, Eynulla Fətullayev oxucularına şad xəbər verir ki, keçmiş deputat Hüseyn Abdullayevlə onun arasında olan şəxsi söhbətləri bir-bir cəmiyyətə çatdırcaq. Və çatdırır da.
Axı, iki kişinin arasında olan söhbətləri car çəkməklə KİŞİLİK bir araya sığmır, cənab baş redaktor.Söyüşlə, təhqirlə ürəyi soyumayan Fətullayev haqqında bəhs etdiyi adamları “Bandotdel”ə salmaqla, qandallamaqla hədələyir:
“Sizi baqajda da olsa Bakıya gətirəcəyik”.Məncə, bu artıq nəinki jurnalistikanın, ümumiyyətlə, sözün bitdiyi yerdir.
Çünki medianın fəaliyyəti qanun, jurnalist etikasi və peşə prinsipləri çərçivəsindən kənara çıxmamalıdır.
P.S. Yeri gəlmişkən, Fətullayev öz saytında jurnalist həmkarlarının bostanına da daş atmaqdan qalmır:
“Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb…”Şəxsən öz adımdan deyə bilərəm ki, 7 ay öncə yazdığım
“ Milli sərvətimiz təkcə neft deyil” başlıqlı məqalədə dünyamiqyaslı azərbaycanlı iş adamlarının ( Araz Ağalarov, İsgəndər Xəlilov, Qod Nisanov, Mübariz Mənsimov, Fərhad Əhmədov və s) əsl milli sərvət olduğunu, onların dövlətimiz və cəmiyyətimiz üçün rolunu əsaslandırmağa çalışmışam. Onlara qarşı olan neqativ-bədxah münasibətlər barədə düşüncələrimi bölüşmüşəm. Məqalədə adı keçən iş adamları ilə heç vaxt yaxın-uzaq tanışlığım olmayıb. Ona görə də hesab edirəm ki, Fətullayevin “Mənsimov azərbaycanlı jurnalistlətin cibinə pul basıb” deməsi “cırıq 3-lük” davasıdır.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
Tarix: 4-07-2020, 16:25