“Rayonlardakı icra hakimiyyəti məmurları diqqəti özlərindən yayındırmaq üçün insanları dövlətdən narazı salırlar”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, hələ də qanunun tələblərinə əməl etməyən, insnaların problemlərinə etinadsız yanaşan məmurlar var:
“Onlar insanlarla dövlət arasındakı uçurum yaratmağa, onu dərinləşdirməyə çalışırlar. Amma başa düşmürlər ki, bu uçurum nə qədər dərin olsa, ora ilk növbədə onlar özü düşəcək. Onları bu uçuruma narazı saldıqları əhali itələyib salacaq. Istərdim ki, ağla gəlsinlər. Məsuliyyətsizlikdən əl çəksinlər.
Onlar cəzasızlıq mühitinə o qədər alışıblar ki, öz himayədarlarına o qədər güvənirlər ki, dəryada balıq kimi yaşayırlar. DTX-nın, Baş Prokurorluğun keçirdiyi əməliyyatlar onların bəzisində artıq soyuq duş effekti yaradıb. Lakin hələ də qəflət içində olan məmurlar var.
Baxın, rayonlarda susuzluq problemləri var. Kənd təsərrüfatı ilə bağlı müxtəlif problemlər mövcuddur. Bütün bu problemlər göstərir ki, hələ də bəzi icra başçıları baş verənlərdən lazımi nəticə çıxarmayıb. Bu isə o deməkdir ki, həmin icra başçıları ilə bağlı zəruri addımlar atmağa ehtiyac var”.
Seymur ƏLİYEV