Bu sözləri Ağdam rayon sakini Zakir Quliyev deyir.
Onun sözlərinə görə, müharibənin 2-ci həftəsində yaşadığı mənzilə mərmi düşdüyündən evi yararsız vəziyyətdə qalıb: "Qəsəbəmizdə bizim evdən başqa daha 3 evə mərmi düşüb. Digər evlərin təmiri getsə də, bizim evlə maraqlanan yoxdur”.
Z.Quliyevin sözlərinə görə, Prokurorluq onun evinin şəkillərini çəkib ziyan dəyən əşyaları siyahıya alsa da, hələ də yardım göstərilməyib.
Hazırda evi yaşamaq üçün yararsız olduğundan ailəsi ilə birgə maşında gecələyir: "Evin bir otağını taxtalarla bir az təmir etməyə çalışmışam. Tavan hissəsini isə "klyonka" ilə örtmüşəm ki, bizi yağışdan, küləkdən qorusun. Amma yağışlı, küləkli havada bunlardan nə fayda?”
"Sənədləri özündə saxlayıb, ünvana göndərməyib”
Şikayətçi iddia edir ki, icra başçısının müavini Xəqani Nəzərov onu qəbul edərək, hər şeyin düzələcəyini deyib: "O, məni bələdiyyəyə yönlədirib söylədi ki, evimin şəkillərini, yararsız olduğuna dair arayışı oraya təqdim edim. Bütün sənədləri hazırlayıb bələdiyyə sədri Samir Paşayeva təqdim etdim. Sən demə o, sənədləri özündə saxlayıb, ünvana göndərməyib”.
"Vətəndaş yardımdan imtina edib"
Ağdam İcra başçısının müavini Xəqan Nəzərov "Toplum TV”-yə problemdən xəbərdar olduğunu deyir.
Onun sözlərinə görə, akt tərtib edilib, vətəndaşa 1000 manat məbləğində yardım təklif olunsa da, Z.Quliyev bundan imtina edib.
"Evimə dəyən ziyan 1000 manatdan artıqdır"
Z. Quliyevsə deyir ki, onun evinə dəymiş ziyan 1000 manatdan artıqdır. Əgər o məbləği qəbul etsə, evinin təmiri üçün lazım olan bütün imkanları itirəcək.
İcra hakimiyyətində baş məsləhətçi çalışan Orxan Dadaşovsa İcra Hakimiyyətinin bu işlərə baxmadığını bildirir: "Bu məsələnin İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur.
Müharibə vaxtı zərər görmüş vətəndaşlarla araşdırmaq üçün yaradılan komissiya İcra Hakimiyyətinin sturukturuna daxil deyil. Çünki həmin komissiya İcra Hakimiyyəti tərəfindən deyil, dövlət tərəfindən yaradılıb.Yəni bu məsələ ilə hadisə yerinə gələn komissiya məşğul olmalıdır”.
Baş məsləhətçi komissiya nümayəndələrinin daha əvvəl gəldiyini deyərək əlavə edir: "Vətəndaş həmin nümayəndələrə müraciət edib əvvəlcə siyahıya düşməlidir".
Onun sözlərinə görə, həmin komissiya təxminən 10 gün sonra yenidən gələcək.
FHN: "Vətəndaşla əlaqə saxlayacağıq"
"Toplum TV”yə Fövqəladə Hallar Nazirliyinin 112 saylı "qaynar xətt"indən bildirilib ki, vətəndaşla əlaqə saxlanılacaq.
Çıxılmaz vəziyyətdə qalan Z.Quliyevsə ümidini prezidentə bağladığını deyir: "Artıq prezidentə, Mehriban Əliyevaya məktub yazmışam. Bəlkə, onlar bilsə, problemim həll olunar”.
Sentyabrın 27-də Azərbaycan və Ermənistanın təmas xəttində döyüşlərin başlaması nəticəsində ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb.Müharibə dövründə 40 mindən çox insanın isə evindən köçkün düşdüyü bildirilir.
Baş Prokurorluğun mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı 135 çoxmənzilli yaşayış evi, 548 mülki obyekt, ümumilikdəsə 4186 ev yararsız hala düşüb.
Ölkə başçısının müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı imzaladığı sərəncamda qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat yardımın ayrılması nəzərdə tutulub.
Həmçinin sənədə görə, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulub.