
“ASAN Xidmət”in tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC 1 saylı “ASAN Kommunal” mərkəzinin yerləşdiyi binanın icarəsi üçün Sevinc İbadova ilə ardıcıl ikinci dəfə müqavilə bağlayıb. Bakıdakı Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsinin illik icarə haqqı 660 min manatdır. Satınalma açıq tenderlə deyil, “bir mənbədən” üsulu ilə həyata keçirilib.
Eyni şəxslə 2025-ci ildə də 660 min manatlıq, yenə “bir mənbədən” icarə müqaviləsi imzalanıb. Beləliklə, iki il üzrə müqavilələrin ümumi dəyəri 1 milyon 320 min manat təşkil edir.
Sevinc İbadova Prezidentin İşlər İdarəsinin sektor müdiri Şahmar İbadovun həyat yoldaşıdır. Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışıb, 2020-ci ildə başçının müavini vəzifəsindən azad edilib. Mətbuatda onun Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qudası olduğu da qeyd olunub.
İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Şahmar İbadovun adı daha əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilmiş binadan mənzil verilməsi ilə bağlı 6,5 milyon manatlıq cinayət işində hallanıb. İş üzrə 177 nəfər zərərçəkmiş kimi tanınıb. İbadov təqsirləndirilən şəxs olmayıb, məhkəmədə şahid qismində dindirilib. Keçmiş şöbə müdiri Yomətdin Şıxəliyev onu qanunsuz mənzil növbəsi ilə bağlı təzyiq göstərməkdə ittiham etsə də, İbadov deyilənləri rədd edib.
İbadov ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən yol qəzasından sonra da gündəmə gəlib. Şahmar İbadovun oğlu Elmar İbadovun idarə etdiyi avtomobilin vurduğu Ayna Həsənova sonradan vəfat edib. Elmar İbadov birinci instansiya məhkəməsində 5 il azadlıqdan məhrum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi hökmü ləğv edərək ona bəraət verib.
Mənbə: Meydan TV
Tarix: Dünən, 23:10