"Gəlib xətlərə yalandan baxıb gedirlər..." - GİLEY


Ordubad rayonunun bəzi kəndlərində sakinlər internetin zəifliyindən və tez-tez kəsilməsindən şikayət edirlər. Onların “Gündəlik Naxçıvan”a dediklərinə görə, aylıq xidmət haqqını ödəsələr də, xüsusilə yağış və qar yağan günlərdə internetdən normal istifadə edə bilmirlər.
Behrud kənd sakinlərinin sözlərinə görə, kəndə çəkilən internet xətləri su dolan lyuklardan keçir və yağış yağan kimi əlaqə kəsilir. Onlardan biri deyir:
“18 manat ödəyirik, amma qarşılığında normal internet ala bilmirik. Bir az yağış, qar yağan kimi internet gedir. Lyukların içinə su dolur. Aidiyyəti qurumlara müraciət edirik, gəlib xətlərə yalandan baxıb gedirlər.
Bəzən lyuku açıb içinə sellofan dolayıb çıxırlar. Naxçıvana zəng edəndə deyirlər modemi söndürüb-yandırın, düzələcək. Bizi belə yola verirlər. Hazırda internet demək olar ki, yoxdur”.
Behrud sakinləri “Gündəlik Naxçıvan”a internet sürətinin ölçmə nəticəsini də göndəriblər. Görüntüdə sürətin cəmi 74 Kbps olduğu görünür.
Ordubadın digər kəndlərindən müraciət edən sakinlər də oxşar problemlərin olduğunu bildirirlər. Biləv kənd sakinləri deyirlər ki, onların şikayətləri də nəticəsiz qalıb:
“İnternet gah var, gah yoxdur. Pulunu hər ay ödəyirik, amma xidmət normal deyil. Dəfələrlə müraciət etmişik, problem yenə qalır. Bu, tək bir kəndin problemi deyil, Ordubadın bir çox kəndində eyni vəziyyətdir”.
Sakinlər aidiyyəti qurumlardan internet xətlərinin normal şəkildə qurulmasını və ödədikləri xidmət haqqının müqabilində dayanıqlı internet təmin edilməsini tələb edirlər. 
Tarix: Dünən, 14:22
Xəbəri paylaş



Xəbər lenti