
İnsanların istirahət etmək, dincəlmək və ailəsi ilə vaxt keçirmək istədiyi məkanlardan biri də Bakının mərkəzində yerləşən Nərimanov parkıdır.
Bir neçə ay əvvəl parkın təmirə bağlanması sakinlər tərəfindən böyük sevinclə qarşılanmışdı. Aparılan abadlıq və yenilənmə işlərinə heç bir iradımız yoxdur. Lakin parkda fəaliyyət göstərən bəzi restoranların qiymət siyasəti ciddi suallar doğurur.
"Real Azərbaycan" xəbər verir ki, parkda fəaliyyət göstərən İstanbul Restoranında çayın qiyməti vətəndaşların təəccübünə səbəb olub.
Belə ki, park təmirə bağlanmazdan əvvəl burada fəaliyyət göstərən restoranlarda mürəbbəli çayın qiyməti təxminən 5-6 manat, sadə çayın qiyməti isə 2-3 manat olduğu halda, hazırda İstanbul Restoranında sadə çay 10 manat, mürəbbəli çay isə 16 manatdır.
Bununla da kifayətlənməyən restoran müştəridən əlavə 10 faiz servis haqqı alır. Nəticədə 10 manatlıq sadə çay müştəriyə 11 manata, 16 manatlıq mürəbbəli çay isə 17,60 manata başa gəlir.
Bu qiymətlər, xüsusilə əhalinin sosial vəziyyətinin heç də ürəkaçan olmadığı bir vaxtda, ciddi narazılıq yaradır. Maya dəyərinin 50-60 qəpik olduğu bir çaynik çayın 11 manata satılması istər-istəməz sual doğurur: bu qiymət siyasəti nə dərəcədə əsaslandırılıb?
"Real Azərbaycan" olaraq restoranın Şahin adlı administratoruna qiymətlərlə bağlı narazılığımızı bildirdik. Administrator isə məsələnin onun səlahiyyətində olmadığını, qiymətləri rəhbərliyin müəyyən etdiyini bildirdi.
Əlbəttə, sahibkarın qiymət müəyyən etmək hüququ var. Lakin ictimaiyyət üçün nəzərdə tutulan park ərazisində fəaliyyət göstərən iaşə obyektlərində bu cür qiymətlərin tətbiqi vətəndaşlarda haqlı suallar və narazılıq yaradır.
Bir stəkan sadə çayın 11 manata satılması normal qiymət siyasətidir, yoxsa istehlakçıdan həddindən artıq ödəniş tələb olunmasıdır?
Bu suala, yəqin ki, aidiyyəti qurumlar araşdırma apardıqdan sonra aydınlıq gətirəcəklər.
Tarix: Bu gün, 14:54