“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyin sədri Məhərrəm Göyüşoğlunun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən QHT rəhbərinin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttiham aktına görə, o, 37.578 ABŞ
dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla, qeyriləri ilə birlikdə Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, QHT rəhbəri vəzifə saxtakarlığı və vəzifə səlahiyyətindən sui-istifadə etmə cinayətlərinin törədilməsi yolu ilə əldə etdiyi qrant vəsaitinin, yəni hesabına
mədaxil olunmuş 63.882,6 manata bərabər 37.578 ABŞ dolları məbləğində pul vəsaitinin həqiqi mənbəyini gizlədib.
Çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığında təqsiri sübuta yetirilən Məhərrəm Göyüşoğlu ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Göyüşoğlu 8 il müddətinə azadlıqdan məhrum edilib. Ona 4 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.