Tros qırılmayıbsa, iki gəncin həyatı niyə qırıldı?


Bu yay istirahətimi Şəki Yaylasında keçirdim. Bir neçə gün həmin məkanda oldum. Açığı, etiraf etmək lazımdır ki, dağların qoynunda salınmış bu möhtəşəm obyektə kifayət qədər vəsait xərclənib. Burada görülən işə, yaradılan şəraitə pis söz demək insafsızlıq olardı.
Amma bir həqiqət də var, burada istirahət etmək üçün cibinizin də kifayət qədər dolu olması lazımdır. Qiymətlər də obyektin özü kimi, necə deyərlər, “fantastikdir”.
Mən orada olarkən Ziplineyaya yaxınlaşmışdım. Açığı, içimdən keçdi ki, minəm. Lakin yüksəklik qorxum olduğuna görə son anda bu fikrimdən vaz keçdim. O vaxt heç ağlıma da gəlməzdi ki, bir neçə aydan  sonra həmin əyləncə vasitəsi ilə bağlı faciəvi hadisə baş verəcək və iki gənc həyatını itirəcək.
Məlumata görə, “Şəki Yaylası” istirahət məkanında Ziplinede baş verən hadisə nəticəsində Coşqun Məmmədov yerə düşərək həyatını itirib. Qopan trosun yerdə olan Ucal Bayramova dəyməsi nəticəsində onun da həyatını itirdiyi bildirilir.
İndi isə əsas sual budur, bu faciənin qarşısını almaq mümkün idimi?
Əgər Zipline sistemində təhlükəsizlik üçün əsas trosdan əlavə qoruyucu kəndir nəzərdə tutulubsa, həmin qoruyucu sistem nə üçün işləməyib?
Əgər yayılan məlumatlarda deyildiyi kimi, əsas tros qırılmayıbsa, amma istifadəçini daşıyan mexanizmdə,  rolikdə və ya onun trosla birləşməsində problem yaranıbsa, bəs ikinci, qoruyucu sistem niyə həmin insanları saxlamayıb?
Qoruyucu kəndir var idimi? Düzgün bağlanmışdımı? İstifadəyə yararlı vəziyyətdə idimi?
Yoxsa təhlükəsizliyi təmin etməli olan şəxslər bunu sadəcə unudublar?
Daha bir vacib sual, gənclərə qoruyucu dəbilqə verilibmi?
Əgər verilməyibsə, bunun məsuliyyəti kimdədir? Əgər verilibsə, hadisə zamanı istifadə olunubmu?
Bunlar adi suallar deyil. Bunlar iki insanın həyatını itirdiyi faciənin ən vacib suallarıdır.
Hadisə yerindən hazırlanan reportajda “gördüyünüz kimi, burada troslar sağlamdır, qırılmayıb” deyilir.
Yaxşı, tros qırılmayıbsa, bəs gəncləri nə qorumalı idi?
Qoruyucu sistem bunun üçün nəzərdə tutulmayıb?
Əgər nəzərdə tutulubsa, niyə işləməyib?
Əgər işləməli olan təhlükəsizlik sistemi mövcud olduğu halda insanı qoruya bilməyibsə, burada artıq söhbət “bədbəxt hadisə” deyib məsələni bağlamaqdan getməməlidir. Burada təhlükəsizlik sisteminin necə təşkil olunması, texniki baxışların necə aparılması və məsul şəxslərin öz vəzifələrini necə yerinə yetirməsi araşdırılmalıdır.
Bir insan Ziplineyaya minərkən onun həyatını öz cəsarətinə və ya bəxtinə etibar etməməlidir. O, bilməlidir ki, qarşısında dayanan hər bir təhlükəsizlik sistemi işləkdir, hər bir avadanlıq yoxlanılıb və ən pis ssenaridə belə onu qoruyacaq ehtiyat mexanizmi var.
“Turizm və idman sahəsində risk həmişə var” deməklə məsuliyyətdən qaçmaq olmaz.
Bəli, alpinizmdə də, Ziplineyada müəyyən risk var. Amma insan həyatı üçün təhlükə yaradan risklərin minimuma endirilməsi məhz təhlükəsizlik qaydalarının məqsədidir.
Əgər təhlükəsizlik qaydalarına əməl edilməyibsə, qoruyucu sistem düzgün qurulmayıbsa, avadanlıq yoxlanılmayıbsa və ya işçilər öz vəzifələrinə məsuliyyətsiz yanaşıblarsa, baş verən hadisəni sadəcə “bədbəxt hadisə” adlandırmaq kifayət deyil.
İnsanlar oraya ölümə yox, istirahətə gedirlər.
Valideyn övladını belə bir əyləncəyə buraxanda onun ağlına “görəsən, təhlükəsizlik kəndirini bağlayıblar, ya yox?” sualı gəlməməlidir.
İstirahət mərkəzi böyük, bahalı və möhtəşəm ola bilər. Amma bütün bunların heç birinin insan həyatından qiymətli olmadığını unutmaq olmaz.
İndi cəmiyyətin gözlədiyi əsas məsələ aydın cavablardır, tros niyə qırılmadığı halda insanlar yerə düşdü? Qoruyucu sistem harada idi? Niyə işləmədi? Avadanlıqlar sonuncu dəfə nə vaxt yoxlanılmışdı? Təhlükəsizlik qaydalarına kim cavabdeh idi?
Bu suallara cavab verilmədən “bədbəxt hadisə” ifadəsinin arxasında gizlənmək olmaz.
Çünki burada söhbət sadəcə qırılan trosdan yox, iki gəncin qırılan həyatından gedir.
P.S.Bu ağır və acı itki ilə əlaqədar həyatını itirən gənclərin ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Övlad itkisi sözlə ifadə olunmayacaq qədər böyük dərddir. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, doğmalarına səbir, güc və dözüm versin. Məkanları cənnət olsun.
Arzuman Loğmanoğlu
Tarix: Bu gün, 12:46
Xəbəri paylaş



Xəbər lenti