
FƏRRUX BİNNƏTZADƏ VƏ 2020-DƏN BƏRİ GEDƏN “YÜKSƏK VƏZİFƏ”
Fərrux Binnətzadə HƏP sədrinin birinci müavinidir. Əli İnsanovla yaxın qohumluğu da ayrıca müzakirə mövzusudur. Deyilənə görə, soyad məsələsində də ailə daxilində müəyyən dəyişiklik edilib və Fərrux Binnətzadə soyadını daşıyır. Azərbaycan siyasətində bəzən partiya strukturu ilə ailə şəcərəsi bir-birinə o qədər qarışır ki, adam nizamnaməni yox, şəcərəni oxumağa başlayır.
Fərrux haqqında danışılan ən maraqlı məsələlərdən biri də maddi imkanları yaxşı olan adamların partiyaya cəlb olunması ilə bağlı iddialardır. 2020-ci ildən bəri eyni söhbətin müxtəlif adamlara çatdırıldığı deyilir: “Əli müəllim yüksək vəzifəyə gedir, sizə də yaxşı vəzifə veriləcək.”
İndi 2026-cı ildir. Deməli, Əli müəllimin yüksək vəzifəyə getməsi artıq adi səfər deyil, çox uzunmüddətli ezamiyyətə oxşayır. Altı ildir gedir, amma hələ də yolun harasında olduğu bilinmir.
Ən maraqlısı da budur ki, vəzifə hələ gəlməyib, amma onun üçün qrafik çoxdan bölünüb. Həftənin günləri, görüşlər, restoran qonaqlıqları, söhbətlər... Yəni vəzifənin özü yoxdursa da, hazırlıq prosesi tam gücü ilə işləyir.
Restoran məsələsi barədə də müxtəlif iddialar danışılır. Bir çox adamların partiyaya yaxınlaşdırılmasının əsas yollarından biri qonaqlıq süfrələridir. Əgər belədirsə, onda buna siyasi fəaliyyət yox, “qarınla təşkilati iş” demək daha düzgün olar.
Bir adam düşünür ki, siyasətə gəlib ölkənin gələcəyini dəyişəcək. Sən demə, əvvəlcə həftənin hansı günü hansı restoranda oturacağını öyrənməlisən.
2020-dən bəri “yüksək vəzifə” söhbəti gedir. Vəzifə isə hələ görünmür. Ola bilsin, vəzifə də utanır, bu qədər il haqqında danışıldığını eşidib özü ortaya çıxmağa çəkinir.
Ən böyük problem isə budur: insanlara gələcəkdə veriləcək vəzifə vədləri ilə ümid yaratmaq siyasət deyil. Siyasət proqram, məsuliyyət və real fəaliyyət tələb edir. Yoxsa “sənə də vəzifə verəcəyik” söhbəti ilə adam toplamaq çox asandır. Bir stəkan çay, bir restoran süfrəsi, bir az ümid və bir də 2020-dən bəri davam edən “Əli müəllim yüksək vəzifəyə gedir” nağılı.
Nağılın ən maraqlı hissəsi isə hələ bitməyib. Əli müəllim gedir. Amma hara getdiyini hələ heç kim bilmir.
ELŞƏN BAYRAMLI MƏSƏLƏSİNDƏ İKİLİ STANDART
Elşən Bayramlının HƏP-ə necə gəldiyini, partiyanın qurulmasında hansı əziyyətləri çəkdiyini bilənlər bilir. O, Müsavatdan gəlmişdi, Əli İnsanovun siyasi xəttinə inanaraq HƏP-in quruculuğunda iştirak etmişdi. 2020-ci ildə partiyanın Mərkəzi Aparatının rəhbəri seçilmişdi. Yəni Elşən sonradan kənardan gəlib “vəzifə axtaran” adam yox, partiyanın sıfırdan qurulmasında təşkilati yükü daşıyan adamlardan biri olub.
Sonra isə maraqlı bir şey baş verdi. Elşən haqqında içki söhbətləri ortaya atıldı və bu məsələ onun siyasi nüfuzuna zərbə vurmaq üçün istifadə edildi. Halbuki insan haqqında belə ağır sözləri fakt olmadan yaymaq çox asandır. Bir adama “alkoqolik” damğası vurursan, illərlə çəkdiyi zəhmət bir anda görünməz olur.
Amma indi sual başqa yerdədir.
Əgər içki siyasi əxlaq məsələsidirsə, niyə hamıya eyni ölçü tətbiq olunmur?
Fərrux Binnətzadə barədə də içki ilə bağlı çox ağır iddialar və söhbətlər dolaşır. Hətta Elşən haqqında deyilənlərin qat-qat artığını Fərrux barədə danışanlar var. Amma qəribədir, Elşənin bir stəkanı belə böyüdülüb siyasi ittihama çevrilir, Fərrux haqqında danışılanlar isə sanki partiyanın qapısından içəri buraxılmır.
Deməli, məsələ stəkanda deyilmiş. Məsələ stəkanı kimin əlində görməkdə imiş.
Bir tərəfdə partiyanın Mərkəzi Aparatını sıfırdan quran adama “içki içir” damğası vurulur. O biri tərəfdə isə sədrin birinci müavini haqqında daha ağır söhbətlər dolaşsa da, adam hələ də vəzifəsində qalır.
Bu artıq içki məsələsi deyil. Bu, münasibət məsələsidir. Kimi gözdən salmaq istəyirsənsə, onun stəkanını böyüdürsən. Kimi qorumaq istəyirsənsə, stəkanı masanın altına qoyursan.
Elşənin əziyyətlərini silmək üçün bir stəkan bəhanə oldu. Fərruxun ətrafında danışılanlara isə görünür, bütöv bir restoran lazım gəlir.
Deyilənə görə, Fərruxun qarnını doyurmamısansa, HƏP-də heç bir hərəkət edə bilməzsən. Üstəlik, mövcud olmayan bir vəzifənin vədi ilə adamları illərlə gözlətmək də ayrıca “siyasi metod”a çevrilib. Əvvəl deyilir ki, “Əli müəllim yüksək vəzifəyə gedir, sənə də gözəl vəzifə veriləcək”, sonra da həmin vəzifənin özü illərlə ortada görünmür.
Yəni vəzifə mövcud deyil, amma ümidi var. Ümidin də qarnı Fərruxun süfrəsində doyurulur.
Belə çıxır ki, HƏP-də siyasi karyeranın birinci şərti vəzifə tutmaq yox, mövcud olmayan vəzifəyə inanmaq, ikinci şərti isə Fərrux müəllimin qarnını doyurmaqdır.
Vəzifə yoxdur, amma vəd bəzən adamı mövcud olmayan vəzifəyə hazırlayırlar, amma real restoranda hesabı ödəməyə hazır olmasını istəyirlər.
Tarix: Bu gün, 12:17