“Camaata deyirdilər ki, bir özəlləşdirmə çekinin qiyməti maksimum 100 dollardır, halbuki özəlləşdirmə zamanı onlar 1500-1800 dollar, bəzən daha yüksək qiymətlə hesablanırdı” Vətəndaşların əlində qalan və heç bir işə yaramaz hala gələn özəlləşdirmə çeklərinin aqibəti barədə dəfələrlə yazılıb, danışılıb. Lakin hələlik ortada ciddi nəticə yoxdur və vətəndaş şikayətlərinin ardı-arası kəsilmir.
Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.
Hüquqşünas Fərhad Mehdiyev AYNA-ya şərhində deyib ki, özəlləşdirmə çeklərini verməkdə məqsəd sosialist iqtisadiyyatının bazar iqtisadiyyatına keçidi zamanı bütün əmlakın xalq arasında bölüşdürülməsinə nail olmaq idi: “Bunu isə özəlləşdirmə çekləri vasitəsilə həyata keçirməyi planlaşdırırdılar. Bunun nə qədər faydalı olması məsələsinə gəldikdə, onu deyə bilərəm ki, özəlləşdirmə məsələsi çox qeyri-şəffaf həyata keçirildi və çox ciddi qanunsuzluqlar baş verdi. Bunlar necə baş verdi? Müəssisə rəhbərləri təkbaşına, kollektivin əlinə keçmədən öz aralarında paylaşdırdılar. Amma bunun hamısı kiçik müəssisə rəhbələri tərəfindən olmadı. Ciddi oliqarxların özəlləşdirdikləri xeyli müəssisələr var”.
“Misal üçün, sözügedən çeklər vasitəsilə AZAL rəhbərliyinin Naftalanda özəlləşdirdiyi otellər var. Vətəndaşlar özəlləşdirmədə aktiv iştirak etməkdən məhrum olduqdan (həm qeyri-şəffaflıq, həm proseduru bilməməzliyə görə, kənddə yaşayan insan Bakıda özəlləşdirmədə necə iştirak edə bilərdi?) sonra onlar bazarda öz paylarını çox ucuz qiymətə satmağa başladılar. Məsələn, onlara deyilirdi ki, bir özəlləşdirmə çekinin qiyməti maksimum 100 dollardır. Halbuki özəlləşdirmə zamanı onlar heç vaxt o qiymətə hesablana bilməzdi. Onların qiyməti ən azı 1500-1800 dollar idi. Bəzən qiymətlər ondan da yüksək hesablanırdı”, - deyə həmsöhbətimiz bildirib.
Özəlləşdirmə çeklərinin tədavülü məsələsinə toxunan ekspertin sözlərinə görə, birinci özlləşdirmə qanununda özəlləşdirmə çeklərinin son tarixi barədə hər hansı bir məlumat yox idi: “Amma daha sonra müxtəlif hüquqi aktlarla onlara məhdudiyyətlər tətbiq olunmağa başladı. Lakin ilk çıxan özəlləşdirmə çeklərində son tarixin olmaması barədə məlumatı da qeyd etmək lazımdır”.
Hüquqşünas bununla da insanların özəlləşdirmədə iştirak hüququnun məhdudlaşdırıldığını vurğulayıb: “Çünki bir çox iri və ciddi müəssisələr özəlləşdirmə çeklərinin dayandırıldığı müddətə qədər özəlləşdirilmədi. Amma ondan sonra özəlləşdirməyə çıxarıldı. Əvvəl çeklərin tədavül müddəti 2 il, 2 il uzadılırdı. Vətəndaş da gözləyirdi ki, müddət onsuz da yenə uzadılacaq, özlləşdirilən müəssisələr açılacaq və o da iştirak edəcək. Lakin bunların heç biri baş vermədi. Ona görə də deyə bilərəm ki, bununla da vətəndaşların hüquqları məhdudlaşdırılmış oldu”.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb ki, onun da məqsədi dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsidir. Və çeklər paylandığı zaman qanunda belə göstərilirdi ki, dövlət əmlakının özəlləşdirilməsində 65 faiz məhz özəlləşdirilmə çekləri vasitəsilə həyata keçirilməlidir.
AİH-in fəaliyyəti özəlləşdirilmə çeklərindən istifadəni aktuallaşdıra və onların tədavülü bərpa oluna bilərmi? Bu suala cavabında F.Mehdiyev qeyd edib ki, bununla bağlı ya Prezidentin fərmanı, ya da Nazirlər Kabinetinin qərarı olmalıdır: “Çünki İnvestisiya Holdinqinin təkbaşına belə bir məsələni həyata keçirmək səlahiyyəti yoxdur. Dövlət səviyyəsində qərar olmalıdır”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə AYNA-ya açıqlamasında öncə sadə formada səhmin mahiyyətinə toxunub: “Səhm öz sahibinə səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində şəriklik hüququ verir. Başqa sözlə, səhmdar cəmiyyətin səhmini əldə etmək - onun xalis mənfəətindən müvafiq həcmdə pay əldə etmək deməkdir. Səhmlər müxtəlif formada təsnifləşdirilsə də, sahibinə verdiyi hüquqa görə təsnifi daha əsasdır. Bu baxımdan səhmlər adi və imtiyazlı olur. Adi səhm sahibləri səhmdar cəmiyyətin mənfəətinə uyğun gəlir əldə edirlər. Yəni dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, sahib olduğu səhmin həcminə uyğun dividend əldə edir. Lakin imtiyazlı səhm sahiblərində vəziyyət başqadır. Səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq, əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend əldə edirlər. Digər fərq isə səsvermə hüququ ilə bağlıdır. Adi səhm sahibinin cəmiyyətin idarəçiliyində səsvermə hüququ olur, imtiyazlı səhm sahiblərinin isə belə bir hüququ olmur”.
“Qiymətli kağızlar bazarında adətən açıq səhmdar cəmiyyətlərin adi səhmlərinin sərbəst alqı-satqısı mümkündür. Səhmin nominal dəyəri isə səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir və bu dəyər Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Qanunvericiliyə əsasən, açıq səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Azərbaycanda isə əsas fond birjası Bakı Fond Birjasıdır (BFB). Burada qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir. Sadəcə bir məsələ var ki, xarici və yerli səhm bazarları arasında kəskin fərqlər hələ də qalmaqdadır. Bunun da öz obyektib və subyektiv səbəbləri var. Qısaca desək, bizdə səhm bazarı yox səviyyəsindədir”, - deyə iqtisadçı söyləyib.
Özəlləşdirmə çekləri ilə bağlı məsələyə gəldikdə, Əmirovun dediyinə görə, 90-cı illərdə əhali sayına uyğun hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verildi: “Bu, ümumilikdə 31,9 milyon özəlləşdirmə çeki demək idi. Bunların istifadə müddəti bir neçə dəfə artırıldıqdan sonra, nəhayət 2011-ci il yanvar ayının 1-də başa çatdı. Lakin bu çeklərin hələ də 6,38 milyonu istifadə olunmayıb. Qalan çeklərin yenidən istifadə edilməsi üçün yenidən fərman imzalanmalıdır. Üstəlik qabaqkı özəlləmə prosesi zamanı ciddi qanunsuzluqlar yaşandı. Məsələn, bəziləri düşünürdü ki, böyük şirkətlərdə pay əldə etməklə varlanacaqlar. Sonradan məlum oldu ki, özəlləşdirilən müəssisələrin çoxu “ölü”dür. Bu səbəbdən əgər yerdə qalan çeklərin tədavülü bərpa olunacaqsa, tamam şəffad mexanizm yaradılmasa, yenə ciddi problemlər ortaya çıxacaq”.
Mütəxəssis problemin kökündə normal səhm bazarının olmamasının dayandığını qeyd edib: “Bu, əslində səhm bazarı məsələsi idi. Normal səhm bazarının olmadığı bir ortamda bu cür özəlləşmə çekləri fayda vermir. Çünki özəlləşmə çeklərini hansısa bir müəssisənin özəlləşdirilməsində pay olaraq qoyub, oradan dividend götürmək üçün səhm bazarı, şəffaf bir ortam olmalıdır ki, ondan istifadə edən vətəndaş da payçı olaraq öz gəlirini götürə bilsin. Ona görə də vətəndaşların əksəriyyəti həmin çekləri dəyər-dəyməzinə satdı”.
Tarix: 21-07-2021, 22:53