Qiymətləri artıran qurumu xalq sevmir







Millət vəkilləri Tarif Şurasının taleyini yaşamağı istəməzlər

"Millət vəkilləri Tarif Şurasının səlahiyyətlərini mənimsəmək istəyirlərsə, qanun qəbul etsinlər. Qanun layihəsini də əvvəlcədən ictimaiyyətə təqdim etsinlər, baxaq, sonra müzakirəyə başlasınlar"

Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. Fərmana əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin ediləcək. Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə Energetika Nazirliyi arasında əldə edilmiş razılıq əsasında müəyyən ediləcək.

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qeyd edib ki, bərpa olunan enerji mənbələri dedikdə, hidro enerji, dalğa, külək, günəş... enerjisi nəzərdə tutulur. Müasir dünyamızda inkişaf etmiş ölkələr bərpa olunan enerjilərdən istifadəyə can atır. Azərbaycan da istisna deyil. Bərpa olunan enerji mənbələrindən istifadə üçün ölkəmiz  böyük imkanlara sahibdir. Lakin:

- Niyə bu tariflər Tarif Şurası tərəfindən müəyyən edilməlidir? Dünyanın bir sıra ölkələrində iri müəssisələr, holdinq və şirkətlər alternativ enerji mənbələri istehsal edir və qiyməti də istehsalçı özü təyin edir.

Hətta adi vətəndaş da alternativ enerji mənbəyi istehsal edə bilər. Kimsə evində əyləşdiyi halda, bir qurğu düzəldər və  külək enerjisindən istifadə etməklə yaxınlıqdakı binalara enerji ötürə bilər.  Beyninin və əlinin zəhmətini niyə istədiyi qiymətə satmamalıdır?! İstənilən məhsulun qiyməti satıcı və alıcı çox olduqda dəyişir.

Enerji sektorunda bir neçə müəssisə elektrik enerjisinin istehsalı ilə məşğuldursa, qiyməti də istehsalçı təyin edir. Amma bizdə vəziyyət fərqlidir. Dövlət inhisarında olan mal və məhsulların qiymətini, buna tənzimlənən qiymətlər də deyilir, bir qurum – Tarif Şurası müəyyən edir. Qiymətlərin müəyyənləşməsi bir qurumun əlində cəmlənib. Bu da dövlətin müəyyənləşdirdiyi istiqamətdir. 

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin toplantısında bir qrup millət vəkili Tarif Şurasının qiymət siyasətinə etiraz bildirdi, hətta təklif edildi ki, şuranın səlahiyyətləri Milli Məclisə verilsin. İqtisadçı isə hesab edir ki, deputatlar populist çıxışlar etmək əvəzinə konkret qanun layihəsi ortaya qoymalıdırlar: 

- Qanun layihələrini hazırlayan millət vəkilləridir. Millət vəkilləri Tarif Şurasının səlahiyyətlərini mənimsəmək istəyirlərsə, qanun qəbul etsinlər. Qanun layihəsini də əvvəlcədən ictimaiyyətə təqdim etsinlər, baxaq, sonra müzakirəyə başlasınlar. Hesab etmirəm ki, Tarif Şurasının səlahiyyətlərinə sahib olmaq deputatlara başucalığı gətirəcək. Qiymətləri artıran qurumu xalq sevmir. Tarif Şurası da qiymətləri xoş günündən, ağ günündən qaldırmır. Deməli, bu qiymət artımı dövlətə lazımdır ki, qaldırılır. Millət vəkilləri Tarif Şurasının taleyini yaşamağı istəməzlər, məncə.  
Tarix: 14-07-2021, 08:48
Xəbəri paylaş



Xəbər lenti